Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasının 2025—2028-ci illər üçün süni intellekt Strategiyası
Mündəricat
1. Qısa xülasə.....................................................................................3
2. Qlobal trendlər ...............................................................................5
3. Mövcud vəziyyətin təhlili ...............................................................6
4. Hədəf göstəriciləri..........................................................................9
5. Strategiyanın məqsədləri ............................................................ 10
6. Strategiyanın prioritet istiqamətləri............................................ 11
7. Maliyyələşdirmə mexanizmləri.................................................... 15
8. Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı............... 16
9. Akronimlər.................................................................................... 23
1. Qısa xülasə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022— 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda ölkəmizin rəqəmsal iqtisadiyyata keçidinin sürətləndirilməsi, bunun üçün əlverişli infrastrukturun yaradılması və 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi imkanlarının tədqiq olunması tədbirləri müəyyənləşdirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023—2027-ci illər üçün Strategiyası"nda informasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidlərin və risklərin əvvəlcədən müəyyən edilməsi, eləcə də onlara qarşı görülməli tədbirlərin proqnozlaşdırılması məqsədilə süni intellekt əsaslı həllərin işlənib hazırlanması və tətbiqinin təşkil edilməsi nəzərdə tutulur. Qeyd olunanlar baxımından süni intellekt sistemlərinin tətbiqi üzrə əlverişli infrastrukturun yaradılması, rəqəmsal xidmət sahələrinin müəyyən edilməsi və inkişafı xüsusi strateji əhəmiyyətə malikdir. Son zamanlar dünya miqyasında süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi fiziki və hüquqi şəxslərə sosial-iqtisadi üstünlüklər qazandırmışdır. Buna görə də bir çox dövlətlər süni intellekt sahəsi üzrə ayrıca strategiyalar qəbul etmişlər və onların icrası həyata keçirilməkdədir. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Odur ki, bu sahədə sistemli yanaşmaya ehtiyac vardır. Süni intellektin dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirəcəyi, eləcə də bununla bağlı yaranacaq çağırışlar və təhdidlər nəzərə alınaraq, süni intellekt üzrə milli strategiyanın hazırlanması zərurəti yaranmışdır. Bu məqsədlə hazırlanmış "Azərbaycan Respublikasının 2025— 2028-ci illər üçün süni intellekt Strategiyası" (bundan sonra — Strategiya), ilk növbədə, ölkədə süni intellekt üzrə mövcud vəziyyəti təhlil edir, daha sonra əldə olunan nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. 2025—2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması, məsul dövlət orqanlarının (qurumlarının) müəyyən edilməsi və dövlət—özəl sektor əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə, süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün normativ hüquqi baza hazırlanacaq, insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetiriləcəkdir. Süni intellektin effektiv inkişafı məqsədilə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması və süni intellekt modellərinin sürətli işlənməsi üçün bulud əsaslı resursların artırılması planlaşdırılır. Eyni zamanda, açıq mənbəli süni intellekt kitabxanalarının yaradılması və Azərbaycan dilində süni intellekt həllərinin inkişaf etdirilməsi bu sahədə mühüm irəliləyişlərə yol açacaqdır. Kadr hazırlığı və bacarıqların inkişafı istiqamətində isə süni intellekt sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanması üçün təlim və elmi proqramların genişləndirilməsi, ali təhsil müəssisələrində süni intellekt üzrə yeni tədris proqramlarının hazırlanması nəzərdə tutulur. Tədqiqatçılar üçün süni intellekt üzrə xüsusi fondların yaradılması və beynəlxalq institutlarla əməkdaşlığın genişləndirilməsi də bu sahədə əsas hədəflərdən biridir. Bundan əlavə, dövlət qulluqçuları və rəhbər şəxslər üçün süni intellekt və məlumatların idarə edilməsi üzrə təlimlər keçirilməsi süni intellektin dövlət idarəçiliyində səmərəli tətbiqini təmin edəcəkdir. Süni intellekt ekosisteminin gücləndirilməsi, süni intellektin tətbiqini genişləndirmək üçün pilot layihələrin icrası və nəticədə biznesin inkişaf etdirilməsi Strategiyanın əsas istiqamətlərindən biri olacaqdır. Bunun üçün startap və innovasiya ekosisteminin dəstəklənməsi, süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və maliyyə dəstəyi verilməsi planlaşdırılır. Həmçinin, yerli və beynəlxalq investorların süni intellekt texnologiyalarına yönəlməsini təşviq etmək məqsədilə yeni mexanizmlər hazırlanacaqdır. Eyni zamanda, süni intellekt üzrə nəzəri və praktiki tədqiqatların təşviqi üçün xüsusi proqramlar həyata keçiriləcəkdir. Süni intellekt üzrə elmi tədqiqat institutlarının yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və süni intellekt texnologiyalarından kibertəhlükəsizlik sahəsində istifadə nəzərdə tutulur. Strategiya çərçivəsində maarifləndirmə, həmçinin süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadənin təmin olunması istiqamətində də tədbirlər həyata keçiriləcəkdir. İctimaiyyətin süni intellekt barədə məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin təşkili, habelə süni intellektlə bağlı etik prinsiplərin qorunması əsas prioritetlərdən biri olacaqdır. Məlumatların məxfiliyinin və fərdi məlumatların qorunması üçün normativ hüquqi bazanın gücləndirilməsi süni intellektdən təhlükəsiz istifadəyə şərait yaradacaqdır.
Strategiyanın icrası nəticəsində ölkədə süni intellektin inkişafı və tətbiqi üzrə daha sistemli yanaşma formalaşdırılacaq, innovasiyalar və texnoloji yeniliklərin tətbiqi üçün əlverişli mühit yaradılacaqdır.
2. Qlobal trendlər Kanada dünyada süni intellekt üzrə strategiyanı ilk hazırlayan dövlətlərdən biri olaraq, "Pan-Canadian AI Strategy"ni 2017-ci ildə təqdim etmişdir. Həmin strategiyanın əsas məqsədi Kanadanın mövqeyini qlobal süni intellekt lideri olaraq möhkəmləndirmək, bu sahədə innovasiyaları artırmaq və süni intellektin cəmiyyətə müsbət təsirlərini təşviq etməkdir. Eyni zamanda, strategiya süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni, müxtəlifliyi və inklüzivliyi artırmağa və texnologiyanın tətbiqinin cəmiyyət üçün faydalı olmasının təmin edilməsinə yönəlmişdir. Amerika Birləşmiş Ştatları "American AI Initiative" strategiyası vasitəsilə müvafiq sahədə tədqiqat və innovasiyaları maliyyələşdirir. Çin "Next Generation AI Development Plan" çərçivəsində qlobal liderliyi hədəfləyir. "AI City" kimi layihələr vasitəsilə şəhərlərin idarə olunmasında süni intellekt texnologiyalarından istifadə edilir. Ölkə süni intellekt sahəsində patent liderliyini qoruyaraq, qlobal texnologiyalar bazarında önəmli mövqedədir. "Avropa Süni İntellekt Strategiyası"nda süni intellektin tətbiqi zamanı etik prinsiplər və sosial dəyərlər ön plana çıxarılır. Bu sahədə Avropa İttifaqı kiçik sahibkarlara maliyyə dəstəyi və tədqiqat proqramlarına ciddi investisiyalar da ayırır. Eyni zamanda, Yaponiya "Cəmiyyət 5.0" konsepsiyası çərçivəsində texnologiyanın insan rifahına xidmət etməsini prioritet hesab edir və orada sosial problemlərin həllində texnologiyadan istifadə digər ölkələrin strategiyalarından fərqlənir. Nəzərə alınmalıdır ki, yüksək effektivliyə malik olsa da, süni intellekt üçün həm qabiliyyət, həm də funksionallıq baxımından bir sıra həlli vacib məsələlər vardır. Hazırda qlobal təcrübədə süni intellekt sistemləri barədə müşahidə olunan çağırışlar aşağıdakılardır:
1. məlumatların dəqiqliyi: süni intellekt sistemləri vasitəsilə həyata keçirilən qərarvermə proseslərində obyektivliyin təmin edilməsi üçün dəqiq və mötəbər məlumatların toplanılması, eləcə də məlumatların düzgün emalı və təmizlənməsi zəruridir. Amerika Birləşmiş Ştatlarında və Avropa İttifaqında etik alqoritmlərin tətbiqi və məlumat təmizliyi standartları bu istiqamətdə əhəmiyyətli addımlardandır;
2. kibertəhlükəsizlik riskləri: süni intellekt sistemlərinin kibertəhlükələrə qarşı dayanıqlılığını artırmaq üçün qabaqcıl beynəlxalq təcrübələrdən faydalanmaq mümkündür;
3. yüksək enerji xərcləri: İsveç və Danimarka kimi ölkələr enerji effektivliyi üçün yaşıl texnologiyalardan istifadə edir. Bu yanaşma həm iqtisadi, həm də ekoloji baxımdan faydalıdır;
4. mütəxəssis çatışmazlığı: rəqəmsal təhsil və təlim proqramlarının genişləndirilməsi, Sinqapurda və Koreya Respublikasında olduğu kimi, mütəxəssis bazasını genişləndirməyin əsas yoludur;
5. qərarvermə proseslərində aşkarlıq: süni intellekt sistemləri vasitəsilə həyata keçirilən qərarvermə proseslərində tətbiq edilən metodologiyaların şəffaflığı və aşkarlığı təmin edilməlidir;
6. məlumatların mühafizəsi: dövlət sirrinin və əldə edilməsi məhdudlaşdırılan digər məlumatların mühafizəsi təmin edilməli və konfidensiallığı qorunmalıdır;
7. hesabatlılıq: qurumlar yaratdıqları və istifadə etdikləri süni intellekt sistemlərinə görə cavabdeh olmalı və məsuliyyət daşımalıdırlar. 2030-cu ildə süni intellektin 326 milyon işə təsir göstərəcəyi təxmin edilir. Vaxtında lazımi tədbirlər görülməsə, işlərin 67%-nin bu sahədə təhsili olmayan şəxslər tərəfindən icra ediləcəyi qaçılmaz olacaqdır. Süni intellekt sahəsində aparılmış araşdırmalara görə, 2030-cu ildə süni intellektin inkişafı və tətbiqinin sürətləndirilməsi nəticəsində qlobal ÜDM 14% artacaq ki, bu da əlavə 15,7 trilyon dollar deməkdir. Süni intellektin tətbiqinin iqtisadi təsiri aşağıdakı nəticələrə səbəb olacaqdır:
1. biznes proseslərini avtomatlaşdırmaqla (robotlardan və avtonom nəqliyyat vasitələrindən istifadə daxil olmaqla) məhsuldarlığın artırılması;
2. müəssisələrdə mövcud işçi qüvvəsini süni intellekt texnologiyaları (yardımçı və genişləndirilmiş intellekt) ilə inkişaf etdirərək məhsuldarlığın artırılması;
3. fərdiləşdirilmiş və (və ya) daha yüksəkkeyfiyyətli süni intellekt məhsul və xidmətlərinin təqdim edilməsi yolu ilə istehlakçı tələbatının artması.
3. Mövcud vəziyyətin təhlili Amerika Birləşmiş Ştatları, Çin, Türkiyə, Danimarka, Estoniya, İsrail, Koreya Respublikası, Sinqapur və digər ölkələr tərəfindən süni intellekt texnologiyasının gətirdiyi imkanları iqtisadi artıma çevirmək, hər kəsin rifahına və daha təhlükəsiz yaşamına yönəltmək üçün məqsədləri, prinsipləri və prioritetləri əks etdirən hərtərəfli milli strategiyalar və proqramlar hazırlanmışdır. Süni intellekt idarəçiliyi və onun hüquqi tənzimlənməsi süni intellekt sistemlərinin tətbiqində mühüm vasitə rolu oynadığından, süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün aydın qaydalar və normalarla bağlı Azərbaycanda müvafiq normativ hüquqi baza yaradılmalıdır. Süni intellekt üçün tənzimləyici normaların təsbit edilməsi, həmçinin, süni intellektin istifadəsinin və faydalarının ədalətli şəkildə bölüşdürülməsində, fərdlərin hüquqlarının qorunmasında, etik qaydaların hazırlanması və süni intellektin cəmiyyətə potensial mənfi təsirini azaltmaq üçün tədbirlərin həyata keçirilməsində vacib rol oynayır. Məlumatların real vaxt rejimində mübadiləsi və emalı zamanı bulud hesablama resurslarından və "Əşyaların interneti"ndən istifadə, habelə cihazlar və sistemlər arasında əlaqə qurulması, eləcə də yüksəksürətli internet süni intellekt üçün vacib əhəmiyyətə malikdir. Eyni zamanda, süni intellekt infrastrukturunu dəstəkləyən bulud infrastrukturunun, xüsusən də AWS, Google Cloud Platform və ya Microsoft Azure kimi əsas bulud provayderlərinin Azərbaycanda olmaması süni intellektin sürətlə mənimsənilməsi üçün ciddi maneələr yaradır. 2024-cü il yanvarın 1-nə Azərbaycan Respublikasında internet istifadəçilərinin sayı 9,19 milyon olmuşdur və internetdən istifadə səviyyəsi əhalinin 88,0 %-ni təşkil etmişdir. Genişzolaqlı internet istifadəçilərinin sayı isə 2,1 milyonu keçmişdir. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının "Elektron Hökumətin İnkişafı İndeksi"nin 2024-cü il hesabatında 193 ölkə arasında 74-cü yerdə qərarlaşır ki, bununla da ölkəmiz ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən "Çox Yüksək EGDI" qrupuna daxil olmuşdur. Azərbaycan Respublikasında dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə "Elektron hökumət"in formalaşması artıq təmin olunmuş, həmçinin dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları vasitəsilə təqdim edilən elektron xidmətlərdən geniş istifadə edilməkdədir. Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000, ISO 27001 və PCI DSS standartlarına uyğun Data Mərkəzi yaradılmış və fəaliyyəti təmin edilmişdir. Data Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na əsasən formalaşdırılan "bulud" infrastrukturunun təminatçısıdır. "Elektron hökumət"in inkişafı istiqamətində qanunla əldə olunması, işlənilməsi, verilməsi və ya istifadəsi məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş məlumatlara əlçatanlığın artırılmasını, həmin məlumatlardan səmərəli istifadə məqsədilə onların vahid bazada toplanmasını təmin edən "Açıq məlumatlar" portalı yaradılmış, dövlət orqanları (qurumları) tərəfindən formalaşdırılan açıq məlumatların insan və maşın tərəfindən oxunabilən formatda portal vasitəsilə açıqlanması imkanı təmin edilmişdir. Hazırda "Açıq məlumatlar" portalına 500-dən çox məlumat dəsti inteqrasiya edilmişdir. Portalın yaradılması nəticəsində dövlət orqanlarında (qurumlarında) idarəetmədə şəffaflığın daha da artırılması, dövlət xidmətlərinin yaxşılaşdırılması, vətəndaş iştirakçılığının genişləndirilməsi ilə yanaşı, startaplar və digər biznes subyektlərinin yeni məhsul və xidmətlər yaratmaq, o cümlədən innovativ ideya və layihələri formalaşdırmaq üçün lazım olan açıq məlumatlarla təmin edilməsi hədəflənir. Hazırkı qlobal geosiyasi və iqtisadi mühitdə digər dövlətlər, transmilli texnoloji şirkətlər tərəfindən süni intellekt texnologiyaları vasitəsilə Azərbaycanın milli strateji prioritetlərinə təsir göstərilməsi istisna olunmur. Bununla yanaşı, terrorçu təşkilatlar və beynəlxalq kriminal qruplaşmalar tərəfindən bu texnologiyalardan istifadə meyilləri hüquq mühafizə orqanları üçün yeni çağırışlar yaradacaqdır. Süni intellektin tətbiqi ilə ölkəmizə qarşı dezinformasiya hücumlarının həyata keçirilməsi cəhdlərinin, saxta kontent, o cümlədən "deepfake" audio-video materiallardan istifadənin artması da istisna olunmur. Kiberhücum və kibercinayətlərin həyata keçirilməsi üçün süni intellektin yaratdığı yeni imkanlardan, ziyanverici proqram təminatından istifadə oluna bilər. Bundan əlavə, "Əşyaların interneti" sensorlarında, "ağıllı telefonlar"da, avtonom nəqliyyat vasitələrində, "ağıllı ev" həllərində, sosial media platformalarında fərdi məlumatların daha effektiv toplanılmasını təmin edən (fərdi məlumatların mühafizəsinə təhdid yaradan) süni intellektin tətbiqi mümkündür. Göstərilən təhdidlərin qarşısının alınması və onlara qarşı əks-tədbirlərin həyata keçirilməsi üçün süni intellekt alətlərindən istifadə genişləndirilməlidir. Ölkənin süni intellekt sahəsində inkişafı və rəqabət qabiliyyəti üçün həmin sahə üzrə istedad və bacarıqların artırılması, eləcə də təlimçilərin hazırlanması, ixtisasının yüksəldilməsi, habelə ölkənin işçi qüvvəsinin süni intellektlə idarə olunan iqtisadiyyata hazırlığının təmin edilməsinə nail olmaq vacibdir. Texnologiyanın sürətli inkişafı və müxtəlif sənayelərdə istifadəsinin genişlənməsi nəticəsində süni intellekt üzrə mükəmməl bilik və bacarıqlara malik mütəxəssislərə tələb artmaqdadır. Belə ki, 2016-cı ildən 2022-ci ilə qədər data elmi və maşın öyrənməsinə olan tələbat əsasında elanların sayı 60 dəfə artmışdır. "Linked In" sosial şəbəkə platformasındakı araşdırmalara əsasən, data elmi və maşın öyrənməsi üzrə ixtisaslaşmış təcrübəli mütəxəssislərin azlığı diqqət çəkir. Dünyada süni intellekt hazırlığını ölçən qlobal indekslərdən "Süni İntellekt Qlobal İndeksi"ndə Azərbaycan 2024-cü ildən etibarən yer almaqdadır və 83 ölkə arasında 78-ci yerdədir. "Hökumətin Süni İntellekt Hazırlıq İndeksi"nin 2024-cü ildəki hesabatına əsasən, Azərbaycan 188 ölkə arasında 111-ci yerdədir. Süni intellektin inkişafı məqsədilə Strategiyanın formalaşdırılması ölkənin beynəlxalq indekslərdə, o cümlədən "Hökumətin Süni İntellekt Hazırlıq İndeksi"ndə irəliləməsinə töhfə verən əsas göstəricilərdən birinə çevriləcəkdir. Ölkədə süni intellektlə bağlı mövcud çağırışlar aşağıdakı istiqamətlərdə işlər görülməsini tələb edir:
1. data elmi və maşın öyrənməsi üzrə təhsil proqramlarının genişləndirilməsi — universitetlərdə və digər təhsil müəssisələrində bu sahələr üzrə ixtisaslaşmış proqramların yaradılmasını və mövcud proqramların təkmilləşdirilməsini;
2. akademik tədqiqatçıların və mütəxəssislərin dəstəklənməsi — yüksək texnologiya sahəsində çalışan alim və tədqiqatçılar üçün rəqabətqabiliyyətli əməkhaqqı təklif edilməsini və onların fəaliyyətinin stimullaşdırılmasını;
3. məlumat bazalarına çıxışın təmin edilməsi — tədqiqat institutları və digər qurumlar tərəfindən toplanılan açıq məlumatlara tədqiqatçılar və mütəxəssislər üçün çıxış imkanlarının artırılmasını;
4. süni intellektin inkişafını dəstəkləyən qanunvericilik bazasının yaradılması — süni intellektin tədqiqi və tətbiqi üçün əlverişli hüquqi mühitin formalaşdırılması və mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsini;
5. məlumatların məxfiliyinin və təhlükəsizliyinin təmin edilməsi — fərdi məlumatların qorunması və kibertəhlükəsizlik sahəsində müvafiq qanunların qəbul edilməsini və tətbiqini;
6. süni intellektin təbliği — cəmiyyət arasında süni intellektin əhəmiyyəti və faydaları barədə məlumatlandırma kampaniyalarının keçirilməsini;
7. ictimaiyyətin maarifləndirilməsi — süni intellektin tətbiqi ilə bağlı potensial risklər və onların idarə edilməsi barədə ictimaiyyətin məlumatlandırılmasını;
8. süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin dəstəklənməsi — bu sahədə fəaliyyət göstərən yerli şirkətlərin sayının artırılması üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini;
9. dövlət—özəl sektor əməkdaşlığının gücləndirilməsi — süni intellektin müxtəlif sahələrdə tətbiqi üçün dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin yaradılmasını və inkişaf etdirilməsini. Yuxarıda qeyd olunan istiqamətlərdə atılacaq addımlar Azərbaycanda süni intellektin inkişafını sürətləndirəcək və onun müxtəlif sahələrdə səmərəli tətbiqinə şərait yaradacaqdır.
4. Hədəf göstəriciləri
4.1. Strategiyanın icrası nəticəsində aşağıda qeyd olunan hədəflərə nail olunması nəzərdə tutulur:
4.1.1. ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması;
4.1.2. süni intellektin tətbiqi üçün əlverişli şərait yaradılması;
4.1.3. süni intellekt sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması;
4.1.4. cəmiyyətin bütün üzvlərinə süni intellektin faydalarının geniş şəkildə təbliğ edilməsi.
5. Strategiyanın məqsədləri
5.1. Strategiyanın əsas məqsədləri aşağıdakılardır:
5.1.1. ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrə süni intellekt sənayesinin, o cümlədən onun davamlılığının və rəqabət qabiliyyətinin təmin edilməsi;
5.1.2. süni intellekt sənayesində işləmək üçün lazımi bilik və bacarıqlara malik ixtisaslı işçi qüvvəsinin hazırlanması;
5.1.3. dəqiq qərar qəbulu ilə səmərəliliyi və şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli xidmətlər göstərmək və daxili idarəetmə proseslərini optimallaşdırmaq üçün süni intellektin dövlət idarəetməsində tətbiq edilməsi;
5.1.4. yerli, regional və beynəlxalq bazar ehtiyaclarına xidmət edən regional süni intellekt təlimi və istedad mərkəzlərinin yaradılması;
5.1.5. süni intellekt sistemlərinin yerləşdirilməsi, böyükhəcmli məlumatların emalı və analitik təhlili üçün hesablama maşınlarının və məlumat mərkəzlərinin artırılması;
5.1.6. mürəkkəb riyazi əməliyyatları yerinə yetirmək və sistemləri simulyasiya etmək, nümunələri yenidən yaratmaq və digər yüksək hesablama tələb edən işləri yerinə yetirmək üçün yüksəksəviyyəli hesablama infrastrukturunun inkişaf etdirilməsi;
5.1.7. ölkə qanunvericiliyində süni intellektin əsaslarının və normalarının işlənilməsi və süni intellektdən istifadə üçün etik prinsiplər və qaydaların formalaşdırılması;
5.1.8. süni intellekt sistemlərinin yaradılmasında və davamlı təkmilləşdirilməsində süni intellekt üzrə qlobal standartların tətbiq edilməsi;
5.1.9. süni intellektin tədqiqatını həyata keçirmək və süni intellekt sistemlərini hazırlamaq üçün sektorlar arasında əməkdaşlığın təşviq edilməsi;
5.1.10. süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi və vətəndaşların hüquqlarının və məlumatların məxfiliyinin qorunması;
5.1.11. süni intellektin məlumat qərəzi törətməməsi, ondan dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına zidd məqsədlər üçün istifadənin qarşısının alınması;
5.1.12. innovasiyalı həllərin tətbiqi zamanı yaranan risklərin və dəyən ziyanın azaldılmasının təmin edilməsi;
5.1.13. milli təhlükəsizliyin, o cümlədən informasiya təhlükəsizliyinin, informasiyanın manipulyasiyasının, habelə dezinformasiya hücumlarının qarşısının alınması və süni intellekt sistemlərinin mühafizəsinin təmin edilməsi üçün süni intellekt üzrə rəqəmsal alətlərin etimadlılıq səviyyələrinin gücləndirilməsi və süni intellektin tətbiqinin genişləndirilməsi.
6. Strategiyanın prioritet istiqamətləri
6.1. Strategiya çərçivəsində aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlər həyata keçiriləcəkdir:
6.1.1. Süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi:
6.1.1.1. Əsaslandırma: innovasiyaları təşviq edən, sərmayələri cəlb edən, cəmiyyətin maraqlarını və dəyərlərini qoruyan süni intellekt üzrə idarəetmə sisteminin yaradılması və dünyada süni intellektin məsuliyyətli inkişafı üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilməsi Strategiyanın prioritet istiqamətlərindən biridir. Beləliklə, innovatorları, tədqiqatçıları və sahibkarları effektiv şəkildə dəstəkləyən, fəaliyyətləri stimullaşdıran, eyni zamanda əhalinin süni intellekt texnologiyalarına inamını təmin edən idarəetmə sistemi formalaşdırılacaqdır;
6.1.1.2. Görüləcək tədbirlər:
6.1.1.2.1. süni intellektin inkişafı üçün milli prioritet sektorların və sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) müəyyən edilməsi;
6.1.1.2.2. süni intellekt üzrə sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi;
6.1.1.2.3. məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi bazanın yaradılması;
6.1.1.2.4. süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının təsdiq edilməsi;
6.1.1.2.5. süni intellekt üzrə standartlaşdırmanın tətbiq edilməsi;
6.1.1.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.1.3.1. innovasiyaları təşviq edən, investisiyaları cəlb edən və cəmiyyətin maraqlarını qoruyan süni intellekt idarəetmə sisteminin qurulması;
6.1.1.3.2. süni intellektin təsirini artırmaq və resurslardan daha səmərəli istifadəni təmin etmək üçün kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, təhsil və digər prioritet sektorların müəyyən edilməsi;
6.1.1.3.3. süni intellekt tətbiqlərində şəffaflığı, ədalətliliyi və etik prinsiplərə uyğunluğu təmin etmək üçün hüquqi çərçivənin hazırlanması və beynəlxalq standartlara uyğun milli normativ hüquqi bazanın işlənilməsi və tətbiqi;
6.1.1.3.4. süni intellekt ekosistemində qlobal səviyyədə Azərbaycan Respublikasının mövqeyini gücləndirmək məqsədilə regional və beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi;
6.1.1.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.1.4.1. milli prioritet sektorların müəyyən edilməsi zamanı sektorların müəyyən edilməsində mübahisələr və ya resursların qeyribərabər bölgüsü baş verə bilər ki, bu da bəzi sahələrin digər sahələrə nisbətən daha az dəstək almasına və inkişafın qeyri-bərabər olmasına səbəb ola bilər. Bu riski neytrallaşdırmaq üçün, süni intellektin tətbiqi potensialı və tələblərini nəzərə alaraq, hər bir sektorda ətraflı təhlillər aparılacaq, mütəxəssislərin və ekspertlərin fikirləri, təklifləri əsasında prioritet sektorlar müəyyənləşdiriləcək, pilot layihələr həyata keçiriləcək və resurslar balanslı şəkildə bölüşdürüləcəkdir;
6.1.2. Məlumat idarəetməsinin və infrastrukturunun təkmilləşdirilməsi:
6.1.2.1. Əsaslandırma: məlumat idarəetməsinin və infrastrukturunun təkmilləşdirilməsi rəqəmsal transformasiyanın əsasını təşkil edərək, dövlət orqanları (qurumları) və özəl sektor üçün etibarlı, səmərəli və innovativ həllərin inkişafını təmin edəcəkdir. Məlumatların effektiv idarə olunması, açıq məlumatların genişləndirilməsi, yüksəksəviyyəli hesablama imkanlarının artırılması və Təbii Dil Emalı (bundan sonra — TDE) texnologiyalarının gücləndirilməsi süni intellektin və data əsaslı qərar qəbuletmənin inkişafına töhfə verəcəkdir;
6.1.2.2. Görüləcək tədbirlər:
6.1.2.2.1. yüksəksəviyyəli hesablama infrastrukturunun inkişafı;
6.1.2.2.2. TDE üzrə istiqamətlərin gücləndirilməsi;
6.1.2.2.3. məlumatlardan səmərəli və effektiv istifadə, onların təhlükəsizliyinin və fərdi məlumatların mühafizəsinin təmin edilməsi, məlumatyönümlü idarəetməyə keçidin təşkili;
6.1.2.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.2.3.1. Azərbaycan dilində TDE texnologiyalarının inkişaf etdirilməsi və dilin qlobal rəqəmsal məkanda mövqeyinin gücləndirilməsi;
6.1.2.3.2. süni intellekt alqoritmlərinin öyrədilməsi, modellərinin və nümunələrinin təlimi və tətbiqi üçün yüksəksəviyyəli hesablama infrastrukturunun inkişaf etdirilməsi;
6.1.2.3.3. ictimaiyyətin süni intellekt mövzusunda bilik səviyyəsinin artırılması;
6.1.2.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.2.4.1. yüksəksəviyyəli hesablama infrastrukturu və TDE texnologiyalarının inkişafı zamanı maliyyə və texniki resurs çatışmazlığı yarana bilər. Bu resursların kifayət qədər ayrılmaması infrastrukturun təkmilləşdirilməsini məhdudlaşdıra, layihələrin gecikməsinə və ya məhdud miqyasda icrasına səbəb ola bilər.
Bu riskin qarşısını almaq üçün investisiya imkanlarının genişləndirilməsi, beynəlxalq və yerli donorlar, eləcə də innovasiya və texnologiya fondlarından maliyyə cəlb edilməsi nəzərdə tutulur;
6.1.2.4.2. TDE sistemləri şəxsi və həssas məlumatlarla işləyə bilər, bu isə məxfiliyin pozulmasına gətirib çıxarar. Bu problemin aradan qaldırılması üçün məlumatların anonimləşdirilməsi, tənzimləyici qaydalara uyğun məlumat emalı, şifrələmə texnologiyalarının tətbiqi nəzərdə tutulur;
6.1.3. Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi:
6.1.3.1. Əsaslandırma: süni intellekt sahəsində ölkədə yüksəkixtisaslı kadr potensialının inkişafı və təkmilləşdirilməsi, prioritet sektorların tələblərinə uyğun şəkildə dövlət orqanlarının (qurumlarının) rəhbər heyəti və mütəxəssisləri üçün təlimlərin keçirilməsi, həmçinin süni intellekt və məlumat idarəetməsi üzrə tədqiqatların təşviq edilməsi ölkənin rəqəmsal inkişafının gücləndirilməsinə töhfə verəcəkdir. Bununla yanaşı, məsuliyyətli və etik süni intellekt tətbiqlərinin genişləndirilməsi və fərdi məlumatların qorunması ilə bağlı təlimlərin keçirilməsi ictimaiyyətin məlumatlılığını artıracaq, süni intellekt texnologiyaları ilə bağlı maariflənmə səviyyəsini möhkəmləndirəcək və müvafiq sahədə yerli bacarıqların inkişafını sürətləndirəcəkdir;
6.1.3.2. Görüləcək tədbirlər:
6.1.3.2.1. ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrə dövlət orqanlarının (qurumlarının) rəhbər heyəti üçün süni intellekt və data təliminin təşkil edilməsi;
6.1.3.2.2. süni intellekt və məlumat idarəetməsi üzrə kadr potensialının gücləndirilməsi;
6.1.3.2.3. süni intellekt və məlumat idarəetməsi üzrə təlimlərin təşkili və keçirilməsi üçün müvafiq təlimçilərin hazırlanması, eləcə də cəlb edilməsi;
6.1.3.2.4. süni intellekt, xüsusilə məsuliyyətli və etik süni intellekt, süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması;
6.1.3.2.5. süni intellekt üzrə tədqiqatların təşviq edilməsi;
6.1.3.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.3.3.1. akademik və praktiki səviyyədə süni intellekt və data elminə dair biliklərin artırılması və müvafiq təhsil proqramlarının genişləndirilməsi;
6.1.3.3.2. süni intellekt sahəsində mütəxəssislər hazırlanması və qeyri-texniki rollar üçün səriştə standartlarının müəyyən edilməsi;
6.1.3.3.3. süni intellekt texnologiyalarının imkanları, riskləri və faydaları barədə əhalinin məlumatlandırılması və texnologiyaya inamın artırılması;
6.1.3.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.3.4.1. süni intellekt və məlumat idarəetməsi sahəsində mütəxəssislərin hazırlanması, həmçinin dövlət orqanlarının (qurumlarının) rəhbər heyətinin bu sahədə biliklərinin təkmilləşdirilməsi üçün təşkil olunan təlim və inkişaf proqramlarında təlimçilərin məhdud sayda olması və ya kifayət qədər hazırlıqlı olmaması yerli kadrların bilik səviyyəsinin yüksəlməsinə mane ola və sahəyə marağı azalda bilər. Bu riskin neytrallaşdırılması və proqramların keyfiyyətinin artırılması məqsədilə Süni İntellekt Akademiyasının yaradılması və nüfuzlu xarici təhsil müəssisələri ilə əməkdaşlıq nəzərdə tutulur. Həmin tədbirlər yerli kadr potensialını gücləndirəcək, sahəyə olan marağı artıracaq və inkişafı sürətləndirəcəkdir;
6.1.3.4.2. sənaye ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlıq və əlaqələndirmənin zəif olması, sənaye sektorunun süni intellekt texnologiyalarına maraq göstərməməsi nəticəsində peşəkar kadrların bilik və bacarıqlarını real mühitdə tətbiq etmək imkanları məhdudlaşa bilər ki, beləliklə də kadrların formalaşması və inkişafı ləngiyər. Bundan əlavə, süni intellektdən biznesdə real istifadəyə dair praktiki nümunələrin azlığı gənc mütəxəssislərin bu sahəyə marağının azalmasına səbəb ola bilər. Bu riskin aradan qaldırılması üçün yaradılması nəzərdə tutulan Süni İntellekt Akademiyası, sənaye və dövlət orqanları (qurumları) arasında sıx əməkdaşlığın qurulması və süni intellektin biznes üçün yaratdığı imkanlar barədə geniş məlumatlandırma aparılması planlaşdırılır;
6.1.3.4.3. texnoloji infrastrukturun qeyri-kafi olması və innovasiya üçün əlverişli mühitin yaradılmaması süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi qarşısında dayanan çox ciddi risklərdən biridir. Süni intellektin effektiv tətbiqi üçün güclü və müasir texnoloji infrastruktura ehtiyac vardır. Bu infrastrukturun olmaması və ya zəif olması layihələrin uğurla icrasını çətinləşdirə bilər. Bu riski neytrallaşdırmaq üçün süni intellektə uyğun yüksəksəviyyəli hesablama infrastrukturunun inkişaf etdirilməsi və müasirləşdirilməsi üçün əlavə sərmayələr qoyulması nəzərdə tutulur. Həmçinin, texnoloji mühitin inkişafı məqsədilə pilot layihələrin sənaye infrastrukturlarında real olaraq tətbiq edilməsi, innovasiya mərkəzlərinin, Süni İntellekt Akademiyasının və laboratoriyaların inkişaf etdirilməsi, startaplara dəstək proqramlarının təşkil olunması planlaşdırılır;
6.1.4. Əlverişli biznes mühitinin yaradılması:
6.1.4.1. Əsaslandırma: əlverişli biznes mühitinin yaradılması sahəsində süni intellekt texnologiyalarının tətbiqi üzrə yerli və xarici investisiyaların cəlb edilməsi, sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi və texnologiya parklarında fəaliyyət göstərən rezidentlərin artırılması ölkənin rəqəmsal iqtisadiyyatını gücləndirəcəkdir. Bu tədbirlər süni intellekt sahəsində innovativ təşəbbüsləri stimullaşdıraraq iqtisadi mühitin inkişafına və işgüzar mühitin yaxşılaşdırılmasına töhfə verəcək, həm yerli, həm də xarici investorların marağını artıracaqdır. Beləliklə, ölkə üzrə süni intellekt texnologiyalarının istehsalı və tətbiqi sahəsində əhəmiyyətli irəliləyişə nail olunacaqdır;
6.1.4.2. Görüləcək tədbirlər:
6.1.4.2.1. ölkə üzrə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı yerli və xarici investisiyaların cəlb edilməsi üçün tədbirlər görülməsi;
6.1.4.2.2. ölkə üzrə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi;
6.1.4.2.3. ölkə üzrə texnologiya parklarına və sənaye zonalarına süni intellekt texnologiyalarının istehsalı ilə bağlı fəaliyyət göstərən rezidentlərin cəlb edilməsi;
6.1.4.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.4.3.1. süni intellekt texnologiyalarına əsaslanan innovativ startapların inkişaf etdirilməsi, mövcud innovasiya ekosisteminin gücləndirilməsi və yeni iş yerlərinin yaradılması;
6.1.4.3.2. Azərbaycanın süni intellekt sahəsində regional lider mövqeyinin möhkəmləndirilməsi və qlobal rəqəmsal ekosistemdə tanınması ilə bağlı fəaliyyətin gücləndirilməsi;
6.1.4.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.4.4.1. daxili bazarın kiçik olması və bu sahədə fəaliyyət göstərən şirkətlərin yeni olması xarici investisiya marağını azaldır. Bu riskin neytrallaşdırılması məqsədilə beynəlxalq partnyorluqların genişləndirilməsi və xarici şirkətlərlə əməkdaşlığın təşviqi nəzərdə tutulur;
6.1.4.4.2. texnologiya parklarına və sənaye zonalarına süni intellekt texnologiyalarının istehsalı üzrə fəaliyyət göstərən rezidentlərin cəlb edilməsi zamanı uyğun biznes mühiti və infrastrukturun olmaması süni intellektin inkişafını və tətbiqini ləngidə bilər. Bu riskin qarşısını almaq üçün texnologiya şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
7. Maliyyələşdirmə mexanizmləri Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında qeyd olunan tədbirlərin maliyyələşdirilməsi büdcə təşkilatları tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına, habelə dövlət —özəl tərəfdaşlığı layihələri vasitəsilə təmin olunur.
8. Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı Sıra №-si Tədbirin adı Əsas icraçı qurumlar fəaliyyət istiqamətləri nə uyğun olaraq Digər icraçılar İcra müddəti Nəticə indikatorları ilkin nəticələr aralıq nəticələr yekun nəticələr
8.1. Süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi 8.1.1. Süni intellektin inkişafı üçün milli prioritet sektorların və sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) müəyyən edilməsi NK RİNN, XRİTDX, DTX və aidiyyəti dövlət orqanları (qurumlar ı) 2025—
Ölkənin strateji hədəflərinin, qlobal tendensiyaların ilkin təhlili və bazar araşdırmasının aparılması Süni intellekt üzrə prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) siyahısının hazırlanması Süni intellekt üzrə prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) siyahısının təsdiq üçün aidiyyəti üzrə təqdim edilməsi 8.1.2. Süni intellekt üçün sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) NK RİNN, XRİTDX, DTX və aidiyyəti 2026—
Dövlət orqanlarının (qurumlarının) süni intellekt Müəyyən edilmiş hər bir prioritet sektor üzrə dövlət Hazırlanmış fəaliyyət planlarının əlaqələndirilmiş fəaliyyətinin əlaqələndirilməsi dövlət orqanları (qurumlar ı) sahəsində potensialının və resurslarının qiymətləndirilm əsi orqanları (qurumları) tərəfindən fəaliyyət planlarının hazırlanması şəkildə icra edilməsi 8.1.3. Məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi bazanın yaradılması NK RİNN, İN, DTX, XRİTDX 2025—
Normativ hüquqi baza yaradılması məqsədilə təhlillər aparılması Məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi aktların layihələrinin hazırlanması və təqdim edilməsi Məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi aktların qəbul edilməsi 8.1.4. Süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının təsdiq edilməsi NK RİNN, aidiyyəti dövlət orqanları (qurumlar ı) 2025—
Beynəlxalq təcrübənin araşdırılması və yerli normativ hüquqi bazanın təhlil olunması Fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının hazırlanması və təsdiq üçün Fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının təsdiq olunması təqdim olunması 8.1.5. Süni intellekt üzrə standartlaşdırmanın tətbiq edilməsi RİNN AİBNDA, DTX, XRİTDX 2025—
Standartlaşdır ma üzrə beynəlxalq təşkilatın süni intellekt standartlarının araşdırılması Süni intellekt üzrə ən azı 3 dövlət standartının hazırlanması, standartlaşdır ma üzrə dövlət fonduna və dövlət reyestrinə daxil edilmək üçün təqdim olunması Süni intellekt üzrə təsdiq olunmuş dövlət standartları haqqında geniş ictimai maarifləndirmə və məlumatlandırm a tədbirlərinin görülməsi
8.2. Məlumatların idarəedilməsinin və infrastrukturunun təkmilləşdirilməsi
8.2.1. Yüksəksəviyyəli hesablama infrastrukturunun inkişafı RİNN ETN, İN 2026—
Yüksəksəviyyə li hesablama infrastrukturu üçün tələblərin müəyyən edilməsi Qrafik Prosessor Modullarının alınaraq Data Mərkəzlərində qurulması İctimai istifadə üçün seqmentlərin müəyyən edilməsi və istifadəyə verilməsi 8.2.2. TDE üzrə istiqamətlərin gücləndirilməsi RİNN VXSİDA, aidiyyəti dövlət orqanları (qurumlar ı) 2026—
Azərbaycan dilində böyük verilənlər bazalarının yaradılması Yüksəkdəqiqlik li TDE modellərinin hazırlanması Pilot 5 dövlət xidmətində TDE texnologiyalarını n tətbiq edilməsi
8.3. Süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi 8.3.1. Ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrə dövlət orqanlarının (qurumlarının) rəhbər heyəti üçün süni intellekt və data təliminin təşkil edilməsi RİNN ETN, İN, MN, XRİTDX, DTX 2026—
Süni İntellekt Akademiyasını n fəaliyyətə başlaması İnteraktiv tədris platformasının istifadəyə verilməsi Süni İntellekt Akademiyasını n fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk Süni intellekt sahəsində 500 mühəndisin yetişdirilməsi 3000 nəfərlik süni intellekt icmasının
8.3.2. Süni intellekt vəm əlumat idar əetm əsi üzrəkadr potensialının gücl əndirilm əsi RİNN, ETN İN, ƏƏSMN, XRİTDX
—
Yarışma platformasının istifadəyəverilm əsi İctimaiyy ətin süni intellekt mövzusunda bilik s əviyy əsini artırmaq məqsədilə ehtiyacların mü əyy ən edilm əsi 10 pillədəq ərarlaşan) süni intellektin tədrisi sah əsind əə m əkdaşlığın t əmin edilm əsi Süni intellektləbağlı m əlumat vəresurslar üçün platformanın yaradılması formalaşdırılma sı Müxt əlif dövl ət orqanlarından (qurumlarından)
ə m əkdaşın "Menecerl ər üçün süni intellekt" t əliml ərind ən m əzun olması İnteraktiv t ədris platformasında istifad əçil ərin sayının 10000 - əçatdırılması Yarışma platformasında ümumilikd ə 1000 istifad əçi il ə 10 yarışmanın keçirilm əsi 8.3.3. Süni intellekt vəm əlumatların idar əedil m əsi üzrət əliml ərin t əşkili vəkeçirilm əsi üçün müvafiq t əlimçil ərin hazırlanması, eləcədəc əlb edilm əsi RİNN, ETN İN ƏƏSMN, XRİTDX, DTX
—
8.3.4. Süni intellekt, xüsusiləm əsuliyy ətli vəetik süni intellekt, süni intellekt sisteml ərinin t ətbiqi zamanı f ərdi m əlumatların mühafiz əsi iləbağlı ictimaiyy ətin m əlumatlılığının artırılması RİNN ETN, İN 2025 —
Süni intellektin təsiri və faydaları (o cümləd ən f ərdi m əlumatların işl ənilm əsi vəmühafiz əsi) iləbağlı m əlumatların yerli mediada işıqlandırılması və ictimai müzakir ələrin t əşviqi 8.3.5. Süni intellekt üzrət ədqiqatların t əşviq edilm əsi ETN RİNN, İN, MN
—
Yerli vəbeyn əlxalq maliyyəinstitutları vasit əsiləsüni intellektləbağlı t ədqiqatların maliyy ələşdiril m əsi istiqam ətind əə m əkdaşlığın qurulması v ə T ədqiqatçıları, t əcrüb əçil əri vəs ənaye liderl ərini ideyalarını bölüşm ək vəyeni h əll ər hazırlamaq üçün bir araya gətirmək üçün ən azı 20 konfrans, seminar v ə Ən son t ədqiqatların praktiki tətbiqlər əçevrilm əsini t əmin etm ək üçün akademiyalar, sənaye və dövl ət orqanları (qurumları) arasında ən azı
ən azı 10 elmi tədqiqata maliyyə vəsaitinin cəlb edilməsi hakaton kimi tədbirlərin təşkil edilməsi əməkdaşlığın qurulması
8.4. Əlverişli biznes mühitinin yaradılması 8.4.1. Ölkə üzrə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə tədbirlərin görülməsi RİNN, İN 2025—
Yerli və xarici investisiyaların müəyyən edilmiş prioritet sektorlara cəlb olunması Müəyyən edilmiş prioritet sektorlar üzrə azı 3 pilot layihənin həyata keçirilməsi 8.4.2. Ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi İN RİNN, MN 2025—
Sahibkarlıq subyektlərinin süni intellektin tətbiqi ilə bağlı üzləşdikləri maliyyə çatışmazlığının tədqiq olunması Sahibkarlıq subyektlərinə dəstək mexanizmlərini n tətbiqi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması və təsdiq üçün təqdim olunması Güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə təşviqat tədbirlərinin həyata keçirilməsi Azı 50 sahibkarlıq subyektinə güzəştli kredit verilməsi 8.4.3. Ölkənin texnologiya parklarına və sənaye zonalarına süni intellekt texnologiyalarının istehsalı ilə bağlı fəaliyyət göstərən rezidentlərin cəlb edilməsi RİNN, İN 2025—
Süni intellekt texnologiyaları nın istehsalı məqsədilə rezidentlərin cəlb edilməsi ilə bağlı araşdırmalar aparılması Texnologiya parklarına və sənaye zonalarına süni intellekt texnologiyaları nı istehsal edən rezidentlərin cəlb edilməsi Ölkə üzrə texnologiya parklarında və sənaye zonalarında süni intellekt texnologiyalarını n istehsalı
9. Akronimlər NK — Azərbaycan Respublikasının Nazirlər Kabineti RİNN — Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İN — Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ƏƏSMN — Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi MN — Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ETN — Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi DTX — Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti XRİTDX — Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti AİBNDA — Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
VXSİDA — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi.