Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 12 " mart tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmişdir. "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 37.1-37.4-cü maddələri ilə müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilməsinə nəzarətin və həmin Qanunun 37.3-37.5-ci maddələrində nəzərdə tutulmuş uçuş əməliyyatlarının, o cümlədən xüsusi şəraitlərdə uçuş əməliyyatlarının həyata keçirilməsi QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 37.5-ci və 37.6-cı maddələrinə uyğun olaraq hazırlanmışdır və uçuş əməliyyatlarının, o cümlədən xüsusi şəraitlərdə uçuş əməliyyatlarının və bu sahədə nəzarətin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Bu Qaydalarla tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra - Konvensiya) və Konvensiyaya 6 nömrəli Əlavə - "Hava gəmilərinin istismarı" (bundan sonra — Konvensiyaya 6 nömrəli Əlavə) ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.
1.3. Uçuş əməliyyatları ilə bağlı xüsusi təsdiq üzrə icazələr və onların alınmasına dair tələblər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra — Agentlik) tərəfindən dərc edilən təlimatlarla müəyyən olunur.
1.4. Bu Qaydalarda istifadə olunan anlayışlar Qanunla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və Konvensiyaya 6 nömrəli Əlavə ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2. Xüsusi şəraitlərdə uçuş əməliyyatlarının həyata keçirilməsi məqsədilə icazənin alınması
2.1. Hava gəmisinin istismarçısı (bundan sonra — istismarçı) xüsusi şəraitlərdə uçuş əməliyyatlarının həyata keçirilməsi üçün Agentlikdən icazə alır. Həmin icazə Qanunun 31.3-cü maddəsinə uyğun olaraq verilən istismarçı sertifikatının istismar tələblərində qeyd edilir.
2.2. Uçuş əməliyyatları, o cümlədən xüsusi şəraitlərdə uçuş əməliyyatları Qanunun 56.5-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
2.3. Xüsusi şəraitlərdə uçuş əməliyyatları belə əməliyyatları yerinə yetirmək üçün təlim keçmiş uçuş heyəti tərəfindən xüsusi təchiz olunmuş hava gəmisi vasitəsilə həyata keçirilir.
3. Uçuşa yararlı olmayan hava gəmisinin uçuşuna icazə verilməsi
3.1. Hava gəmisi uçuşun təhlükəsiz yerinə yetirilməsinə uyğun olduqda, lakin uçuşa yararlılıq tələblərindən birinə və ya bir neçəsinə uyğun olmadıqda bu hava gəmisi ilə uçuşlar xüsusi uçuş icazəsi verilməklə həyata keçirilir.
3.2. Xüsusi uçuş icazəsi Qanunun 23.2-ci maddəsinə uyğun olaraq Agentlik tərəfindən verilir.
3.3. Bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş uçuşun həyata keçirilməsi həmin uçuşların yerinə yetirilməsi ilə bağlı xüsusi təlimlər keçmiş pilotlar tərəfindən, habelə təhlükəsizlik tədbirlərinə və prosedurlarına riayət edilməklə həyata keçirilir .
4. İstismarçı sertifikatında qeyd edilən hava gəmilərinin qeyri-kommersiya və xüsusi əməliyyatlarda istifadə olunması
4.1. İstismarçı sertifikatında qeyd olunan hava gəmisini qeyri-kommersiya və ya xüsusi əməliyyatlarda (vizual və ya cihaz üzrə uçuş əməliyyatlarında) istifadə etmək üçün istismarçı xüsusi təsdiq üzrə icazələri almalı, belə əməliyyatlar üzrə ixtisaslaşmış hava gəmisi heyətindən istifadə etməli, pilotların Qanunun 25-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sənədlərinin olmasını təmin etməli və əməliyyatla bağlı təhlükəsizlik tələblərini yerinə yetirməlidir.
4.2. İstismarçı qeyri-kommersiya və ya xüsusi əməliyyatlarda hava gəmisinin istismarçı sertifikatının şərtlərinə uyğun olaraq istifadəsini təmin etməlidir.
4.3. Kənd təsərrüfatı, tikinti, fotoçəkiliş, axtarış, araşdırma, reklam və digər xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı istismarçı sertifikatında qeyd olunan hava gəmisi ilə xüsusi əməliyyatlar həyata keçirmək üçün aşağıdakı tələblərə riayət olunur:
4.3.1. hava gəmisi xüsusi əməliyyatlar üçün düzgün şəkildə konfiqurasiya edilməli;
4.3.2. hava gəmisinin heyəti həyata keçirilən əməliyyat növünə uyğun əlavə təlim və ya ixtisaslaşmaya malik olmalı;
4.3.3. xüsusi əməliyyatlar üçün yüksək risklə bağlı sığorta etdirilməli;
4.3.4. istismardan əvvəl Agentlikdən icazə alınmalıdır.
5. Hava gəmisinin müqavilə üzrə digər dövlətə aparılması
5.1. Tərəflər arasında bağlanılmış müqavilə üzrə hava gəmisinin digər dövlətə aparılması yerdəyişmə ("ferry flight") uçuş əməliyyatları vasitəsilə həyata keçirilir.
5.2. Bu Qaydaların 5.1-ci bəndində nəzərdə tutulmuş müqavilədə hava gəmisinin sahibi (fərdi sahibkar və ya hüquqi şəxs) və digər tərəf (alıcı, icarəçi və ya istismarçı) arasında müqavilə şərtləri, uçuşun detalları, öhdəliklər, uçuş icazələrinin alınması və sığorta məsələləri müəyyənləşdirilir.
5.3. Hava gəmisinin hava gəmisi bazasından digər dövlətə aparılması üçün lazımi xidmət tələbi nəzərə alınmaqla, uyğun hava yolları və yanacaq dayanacaqları müəyyənləşdirilən uçuş marşrutu olmalıdır.
5.4. Uçuş həyata keçirilməzdən əvvəl hər iki dövlətin mülki aviasiya üzrə müvafiq səlahiyyətli qurumlarından uçuş icazələri alınmalı, hava gəmisinin texniki və uçuş təhlükəsizliyi baxımından uçuşa tam hazır olması təmin edilməlidir.
5.5. Hava gəmisini təhvil alan dövlət uçuş başa çatdıqdan sonra hava gəmisinin texniki vəziyyətini yoxlamalıdır.
6. Nümayiş uçuşları
6.1. Nümayiş uçuşları Agentlik tərəfindən verilmiş icazəyə uyğun təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Aşağıdakı məqsədlərlə yerinə yetirilən uçuşlar nümayiş uçuşları hesab olunur:
6.1.1. hava gəmisinin idarə edilməsi xüsusiyyətlərini, performansını və funksionallıqlarını alıcı, icarəçi və ya istismarçı üçün nümayiş etdirmək;
6.1.2. hava gəmisinin uçuş xüsusiyyətlərinin və ya əməliyyat prosedurlarının, eləcə də uçuşların təhlükəsizliyi ilə bağlı əməliyyat tələblərinə uyğunluğunun yoxlanılması üçün Agentliyə nümayiş etdirmək;
6.1.3. hava gəmisinin alqı-satqı və icarə prosesində təhvil alınması zamanı müqavilə şərtlərinə uyğunluğunu yoxlamaq;
6.1.4. vəzifəli şəxsləri və ya media nümayəndələrini ödənişsiz olaraq sərnişin qismində daşımaq.
6.2. Texniki xidmətlə bağlı işlərin nəticələrini test etmək nümayiş uçuşlarının əhatə dairəsinə daxil deyildir və bu, texniki xidmət yoxlama uçuşu ilə əhatə olunur.
7. Texniki xidmətlə bağlı yoxlama uçuşları
7.1. Texniki xidmətlə bağlı yoxlama uçuşu həyata keçirilməzdən əvvəl istismarçı uçuşun səviyyəsini aşağıdakı kimi müəyyən etməlidir:
7.1.1. "A" səviyyəli texniki xidmət yoxlama uçuşu — hava gəmisinin uçuş təlimatı ilə müəyyən edilmiş riskli və təcili hallar üzrə prosedurları tətbiq etmək, yaxud uçuşun ehtiyat sistemlərinin və ya digər təhlükəsizlik cihazlarının işləməsini təsdiq etmək üçün həyata keçirilən texniki xidmət yoxlama uçuşu;
7.1.2. "B" səviyyəli texniki xidmət yoxlama uçuşu - "A" səviyyəyə daxil olmayan digər texniki xidmət yoxlama uçuşu.
7.2. Kompleks mühərrikli hava gəmisi ilə "A" səviyyəli texniki xidmət yoxlama uçuşu həyata keçirilməzdən əvvəl istismarçı uçuş proqramını hazırlayaraq təsdiq etməlidir.
8. Təlim uçuşları
8.1. İstismarçı uçuş heyəti üçün təlim məqsədli uçuşları təşkil edə bilər.
8.2. Təlim uçuşları hava gəmisinin heyətini hava gəmisinin istismarı və idarə edilməsi qaydaları ilə tanış etmək, onlara və digər şəxslərə (aviasiya personalı, tələbələr) təlim keçmək və (və ya) bununla bağlı bilikləri yoxlamaq məqsədilə həyata keçirilir.
8.3. Təlim uçuşu istismarçının təsdiq etdiyi sənədlərdə əks olunan prosedura uyğun olaraq həyata keçirilir.
9. Xeyriyyə və humanitar məqsədlər üçün təşkil edilən uçuşlar
9.1. Xeyriyyə məqsədli uçuş xeyriyyə təşkilatlarına maddi dəstək göstərilməsi üçün həyata keçirilən, o cümlədən bu məqsədlə şəxslərin və (və ya) yüklərin daşınmasını təmin edən uçuşdur. Həmin uçuş zamanı əldə olunan gəlir (uçuş əməliyyatları ilə bağlı xərclər çıxıldıqdan sonra əldə edilən) xeyriyyə təşkilatlarına təqdim edilir.
9.2. Humanitar məqsədlər üçün uçuşlar fövqəladə hal və ya təbii fəlakət vaxtı və ya ondan sonra xilasedici heyətin və (və ya) xilasedici ləvazimatların (avadanlıqların) daşınması, habelə təhlükə altında olan insanların evakuasiyası məqsədilə yerinə yetirilən uçuşdur.
10. Uçuş əməliyyatının qiymətləndirilməsi
10.1. Uçuş əməliyyatının qiymətləndirilməsi hava gəmisinin uçuş fəaliyyətlərinin və əməliyyat prosedurlarının həyata keçirilməsinin düzgünlüyünü və təhlükəsizliyini yoxlamaq məqsədilə Agentlik tərəfindən və ya istismarçı tərəfindən həyata keçirilən prosesdir. Agentlik tərəfindən uçuş əməliyyatının qiymətləndirilməsi müfəttiş yoxlamaları zamanı, istismarçı tərəfindən isə daxili yoxlamalara əsasən keçirilə bilər. Həmin qiymətləndirmə aşağıdakıları əhatə edir:
10.1.1. hava gəmisinin idarə olunması, uçuş planlaması və uçuşların təhlükəsizliyini təmin edən digər əməliyyat prosedurlarının normativ hüquqi aktların və mülki aviasiya sahəsində beynəlxalq sənədlərin tələblərinə, habelə Agentliyin müəyyən etdiyi tələblərə uyğun olub-olmamasının yoxlanılması;
10.1.2. yüksək və aşağı sürət, hündürlük, yükdaşıma qabiliyyəti və digər uçuş parametrləri daxil olmaqla uçuşun effektivliyinin nəzərdən keçirilməsi;
10.1.3. hava gəmisinin texniki vəziyyəti və hər hansı bir nasazlığın olubolmamasının təhlili (uçuşdan əvvəl və sonra aparılacaq texniki yoxlamalar da daxil olmaqla);
10.1.4. uçuş heyətinin təcrübəsi, bacarıqları və şəhadətnamələrinin uyğunluğunun müəyyənləşdirilməsi.
11. Qaydaların tətbiqinə nəzarət
11.1. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarət müfəttiş yoxlamaları vasitəsilə həyata keçirilir.
11.2. Müfəttiş yoxlamaları plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) aparılır.
11.3. Plan üzrə (növbəti) müfəttiş yoxlaması ildə bir dəfə yoxlamanın müddəti, yeri və yoxlamanın keçiriləcəyi sahələr göstərilməklə Agentliyin təsdiq etdiyi illik plan əsasında həyata keçirilir.
11.4. Plandankənar (növbədənkənar) müfəttiş yoxlaması aşağıdakı hallarda həyata keçirilir:
11.4.1. sonuncu müfəttiş yoxlaması zamanı aşkar edilmiş pozuntuların və onların nəticələrinin aradan qaldırıldığı barədə mülki aviasiya subyekti tərəfindən Agentliyə məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;
11.4.2. uçuşların təhlükəsizliyinə təhdid yarada biləcək halların olması barədə fiziki və hüquqi şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından Agentliyə konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;
11.4.3. istismarçının müraciəti əsasında.
____________________________