Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 28 " fevral tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmişdir. "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş hallarda uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 8.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş hallarda uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi ilə bağlı qaydaları müəyyən edir.
1.2. Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra - Konvensiya), habelə Konvensiyaya 2 nömrəli Əlavə - "Uçuşların qaydaları" və 13 nömrəli Əlavə - "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması" ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.
1.3. Bu Qaydada istifadə edilən anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
2. Hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi
2.1. Qanunun 7.1-7.4-cü maddələrində nəzərdə tutulmuş icazələri almadan Azərbaycan Respublikasının dövlət sərhədini keçən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərində uçuş qaydalarını pozan və ya Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını digər şəkildə pozan hava gəmisi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tələbi ilə Qanunun 56.5-ci maddəsində nəzərdə tutulmuş qaydaların tələblərinə uyğun olaraq məcburi qaydada yerə endirilə bilər.
2.2. Hava gəmisi yerə endirildikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən dərhal Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyaya (bundan sonra - daimi komissiya) məlumat verilir.
2.3. Daimi komissiya tərəfindən bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş pozuntuların törədilməsi səbəbləri 15 (on beş) iş günü müddətində araşdırılır. Araşdırma zamanı:
2.3.1. araşdırmanının aparılmasına dövlət orqanlarının (qurumlarının) əməkdaşları, həmçinin ekspertlər və mütəxəssislər cəlb edilir;
2.3.2. hava gəmisinin texniki vəziyyəti, heyəti və sərnişinləri, habelə uçuş marşrutu və ölkə mənsubiyyəti ilə bağlı məlumatlar toplanılır;
2.3.3. hava gəmisinin heyətinin baş verən hadisə ilə bağlı izahatları alınır;
2.3.4. araşdırma çərçivəsində hər hansı faktın aydınlaşdırılması məqsədilə hava gəmisinin mənsub olduğu dövlətin aidiyyəti orqanlarına (qurumlarına), habelə Azərbaycan Respublikasının dövlət orqanlarına (qurumlarına), hüquqi və fiziki şəxslərə sorğular verilir;
2.3.5. daimi komissiyanın müraciəti əsasında hüquq mühafizə orqanının bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş pozuntuların törədilməsi ilə bağlı əməldə (hərəkətdə və ya hərəkətsizlikdə) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibinin əlamətlərinin olub-olmaması barədə rəyi, həmçinin aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəyləri alınır.
2.4. Daimi komissiya tərəfindən araşdırma ilə bağlı verilən sorğulara bu Qaydanın 2.3.5-ci yarımbəndi nəzərə alınmaqla, Azərbaycan Respublikasının dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər 7 (yeddi) iş günündən gec olmayaraq cavab verməli və tələb olunan məlumatları (sənədləri) təqdim etməlidirlər. Bu müddətdə daimi komissiyanın həmin informasiyanın aktuallığının itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə qeydi olduqda, həmin sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilir.
2.5. Araşdırma nəticəsində bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş pozuntuların törədilməsi ilə bağlı əməldə (hərəkətdə və ya hərəkətsizlikdə) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibinin əlamətləri aşkar edilmədikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi məktubu ilə hava gəmisi tərəfindən uçuşun davamına icazə verilir və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi bu barədə məlumatlandırılır.
2.6. Bu Qaydanın 2.3.5-ci yarımbəndi nəzərə alınmaqla pozuntuların törədilməsi ilə bağlı əməldə (hərəkətdə və ya hərəkətsizlikdə) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibinin əlamətlərinin aşkar edilməsi ilə bağlı aidiyyəti rəy olduqda toplanmış sənədlər (məlumatlar) tədbirlərin görülməsi üçün aidiyyəti hüquq mühafizə orqanına göndərilir. _______________________