Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 19 " fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 29.1—29.4-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və təlimçilərin, imtahançıların, təlim təşkilatlarının və uçuşu imitasiya edən təlim qurğularının sertifikatlaşdırılması tələblərini müəyyən edir.
1.2. Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra — Konvensiya) və Konvensiyaya 1 nömrəli Əlavə - "Aviasiya personalının sertifikatlaşdırılması" (bundan sonra — Konvensiyaya 1 nömrəli Əlavə) ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.
1.3. Bu Qayda ilə müəyyən olunmuş səlahiyyəti təsdiq edən sənədlərin verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra — Agentlik) tərəfindən həyata keçirilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. imtahançı — aviasiya personalının bilik və bacarıqlarını yoxlayan və qiymətləndirən şəxs;
2.1.2. təlimçi — aviasiya personalına təlim keçən şəxs;
2.1.3. üzv dövlət — Konvensiyaya qoşulmuş Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olan dövlətlər;
2.1.4. təsdiq edilmiş təlim — Agentlik tərəfindən təsdiq edilmiş xüsusi kurikulum və nəzarət altında həyata keçirilən təlim;
2.1.5. təsdiq edilmiş təlim təşkilatı — təsdiq edilmiş təlimi yerinə yetirmək üçün Konvensiyaya 1 nömrəli Əlavənin tələblərinə uyğun olaraq Agentlik tərəfindən təsdiq edilmiş və onun nəzarəti altında fəaliyyət göstərən təşkilat;
2.1.6. uçuşu imitasiya edən təlim qurğusu — yerdə uçuş şəraitini modelləşdirən hər hansı cihaz növü, o cümlədən uçuş trenajorları, uçuş və naviqasiya prosedurlarını əhatə edən təlim qurğuları.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və Konvensiyaya 1 nömrəli Əlavə ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
3. Uçuş heyəti və aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinə təlim keçən təlim təşkilatlarına dair tələblər
3.1. Təlim təşkilatı idarəetmə, obyekt, personal, qeydlərin saxlanılması və tədris avadanlığı ilə bağlı tələblərə cavab verməli, təhlükəsiz idarəetmə sistemi qurmalı, onu tətbiq etməli və davamlılığını təmin etməlidir.
3.2. Təlim təşkilatı tərəfindən:
3.2.1. idarəetmə sistemi ilə bağlı məsuliyyət və hesabatlılıq birləşdirilməli, həmçinin təşkilatın təyin etdiyi səlahiyyətli menecerin təhlükəsizliyi ilə bağlı birbaşa məsuliyyəti əhatə edilməlidir;
3.2.2. təhlükəsizlik siyasəti hazırlanmalı və təsdiq edilməlidir;
3.2.3. fəaliyyətindən irəli gələn və uçuşların təhlükəsizliyinə təhdid yaradan hallar müəyyənləşdirilməli, onların qiymətləndirilməsi aparılmalı və əlaqəli risklərin idarə olunması, risklərin azaldılması üçün tədbirlər görülməli, eləcə də belə tədbirlərin effektivliyi yoxlanılmalıdır;
3.2.4. öz vəzifələrini yerinə yetirmək üçün təlim keçmiş və səriştəli kadrların saxlanılmasını əhatə edən idarəetmə sistemi qurulmalıdır;
3.2.5. idarəetmə sisteminin əsas proseslərinin sənədləşdirilməsini, onlarda dəyişiklik prosedurunu və işçi heyətin öz vəzifə və məsuliyyətinə dair məlumatlandırılması prosesini əhatə edən idarəetmə sistemi qurulmalıdır;
3.2.6. tələblərə uyğunluğu izləmək funksiyasını (uyğunluğun monitorinqini) əhatə edən idarəetmə sistemi qurulmalıdır (idarəetmə sistemi təşkilatın həcminə, xüsusiyyətlərinə və mürəkkəbliyinə uyğun olmalı və onun fəaliyyətinə xas olan təhlükələri və əlaqəli riskləri nəzərə almalıdır).
3.3. Təlim təşkilatı Agentlik tərəfindən tələb edilən məcburi təhlükəsizlik tədbirləri və uçuşa yararlılıq direktivləri daxil olmaqla, məcburi təhlükəsizlik məlumatlarını həyata keçirməlidir.
3.4. İdarəetmə sisteminin bir hissəsi olaraq, təlim təşkilatı məcburi və könüllü hesabatlılığı əhatə edən hadisələr haqqında hesabatvermə sistemi yaratmalı və saxlamalıdır. Bu sistemə uyğun olaraq təlim təşkilatı Agentliyə təhlükəsizliyə təsir edən hər hansı hadisə və ya vəziyyət barədə məlumat verməlidir.
3.5. Təlim təşkilatı üçün personal tələbləri aşağıdakılardır:
3.5.1. təlim təşkilatı bütün təlim öhdəliklərinin maliyyələşdirilməsini və bu Qaydanın tələblərinə uyğun həyata keçirilməsini təmin etmək üçün korporativ səlahiyyətə malik olan səlahiyyətli menecer təyin etməlidir;
3.5.2. təlim təşkilatının bu Qaydanın tələblərinə uyğunluğunu təmin etmək məqsədilə namizədlər təyin edilməli və belə şəxslər bilavasitə səlahiyyətli menecerə tabe olmalıdırlar;
3.5.3. təlim təşkilatının nəzəri bilik və praktiki təlimlərinin yerinə yetirilməsi, habelə nəzəri bilik imtahanları və praktiki qiymətləndirmələrin aparılması, o cümlədən bu Qaydanın tələblərinə uyğun olaraq fəaliyyətinin həyata keçirilməsi və planlaşdırılmış tapşırıqlarının icra olunması üçün kifayət qədər ixtisaslı kadrları olmalı və kadrlara dair təcrübə, təlim və ixtisasla bağlı qeydlər təşkilat tərəfindən saxlanılmalıdır;
3.5.4. təlim təşkilatının keçirilən təlimlə əlaqəli sahələrdə təlimçi kimi geniş təcrübəyə və yüksək idarəetmə qabiliyyətinə malik təlim rəhbəri olmalıdır;
3.5.5. təlim rəhbəri keçirilən təlimin beynəlxalq tələblərə və Agentlik tərəfindən təsdiq edilən təlimatlara uyğun olmasını təmin etməlidir;
3.5.6. təlim rəhbəri nəzəri təlimlə praktiki təlimin uğurlu şəkildə inteqrasiyasını təmin etməlidir;
3.5.7. təlim rəhbəri fərdi tələbələrin tədris prosesindəki inkişafını yoxlamalıdır;
3.5.8. təlimin əhatə dairəsindən asılı olaraq təlim təşkilatının nəzəri bilik üzrə təlimçiləri olmalıdır. Nəzəri bilik təlimçiləri aviasiya üzrə keçilən təlimlə əlaqəli praktiki biliklər və təlimat texnikası üzrə təlim kursunu keçməli və ya nəzəri bazaya və nəzəri biliklərin tədrisi üzrə təcrübəyə malik olmalıdır;
3.5.9. təlimin əhatə dairəsindən asılı olaraq, uçuş heyətinə təlim keçən təlim təşkilatının uçuş təlimçiləri olmalıdır;
3.5.10. təlimin əhatə dairəsindən asılı olaraq, havada hərəkəti idarəetmə dispetçerlərinə təlim keçən təlim təşkilatlarının praktiki bilik və bacarıq üzrə təlimçiləri olmalıdır;
3.5.11. təlim təşkilatının təlimçiləri keçdikləri təlimin növünə uyğun bu Qayda ilə tələb olunan ixtisaslaşmaya malik olmalıdırlar.
3.6. Təlim təşkilatı üçün qeydlərin saxlanılmasına dair tələblər aşağıdakılardır:
3.6.1. təlim təşkilatı idarəetmə sisteminin elementlərini əhatə edən, qeydlərin adekvat şəkildə saxlanılmasını və bütün fəaliyyətinin etibarlı formada izlənilməsini təmin edən uçot sistemi yaratmalıdır;
3.6.2. uçot sistemi və qeydlərin saxlanılması qaydası təşkilatın prosedurlarında müəyyən edilməlidir;
3.6.3. qeydlər mühafizə olunmalı, zədələnmədən və dəyişdirilmədən saxlanılmalıdır;
3.6.4. təlim təşkilatı tərəfindən aşağıdakı qeydlər təlim keçilən müddətdə və təlim başa çatdıqdan sonra 5 (beş) il müddətində saxlanılmalıdır:
3.6.4.1. yer, uçuş və imitasiya edilmiş uçuş təlimlərinin təfərrüatları;
3.6.4.2. təlimçilər tərəfindən verilən qiymətləndirmələr, müntəzəm uçuş testləri və yer imtahanlarını ehtiva edən hesabatlar;
3.6.4.3. tibbi sertifikatlar, ixtisas qeydləri və digər analoji sənədlərin etibarlılıq tarixləri göstərilməklə şəhadətnamələr, müvafiq ixtisas qeydləri və sertifikatlar haqqında məlumatlar.
3.7. Təlim təşkilatı bütün planlaşdırılan tapşırıqları və fəaliyyətləri bu Qaydanın tələblərinə uyğun yerinə yetirməyə və idarə etməyə imkan verən obyekt və avadanlıq imkanlarına malik olmalıdır.
3.8. Təlim təşkilatının təklif olunan hər bir təlim növü üçün təlim proqramı olmalıdır.
Təlim proqramı Konvensiyaya 1 nömrəli Əlavəyə və Agentlik tərəfindən təsdiq edilən təlimatlara uyğun olmalıdır.
3.9. Tələbələrin yerdə əldə etdikləri bilikləri praktiki uçuş təlimlərində tətbiq edə bilmələri məqsədilə uçuşu imitasiya edən təlim qurğularında uçuş hazırlığı və nəzəri biliklərin tədrisi mərhələli şəkildə aparılmalıdır.
3.10. Təlim təşkilatı təlim zamanı yaranan problemlərin sonrakı təlimlərdə yenidən yaranmaması üçün tədbirlər görməlidir.
3.11. Təlim təşkilatı əməliyyat və təlimlərlə bağlı təlimatlar hazırlamalı və saxlamalıdır. Həmin təlimatlara dair tələblər aşağıdakılardan ibarətdir:
3.11.1. təlim təşkilatının işçi heyəti tərəfindən icra olunan vəzifələr əməliyyat təlimatında qeyd edilməlidir;
3.11.2. təlim təşkilatının tədris tələbləri və tələbələrin bu tələblərə riayət etmə formaları təlimlərlə bağlı təlimatda qeyd edilməlidir;
3.11.3. təlim təşkilatı əməliyyat və təlimlərlə bağlı təlimatlarda qeyd edilən məlumatları işçi heyətə və zərurət yaranarsa, tələbələrə təqdim etməlidir;
3.11.4. əməliyyat təlimatında uçuş təlimçiləri üçün uçuş vaxtının məhdudlaşdırılması sxemləri, o cümlədən istismarçının təşkilat təlimatına uyğun olaraq müəyyən edilmiş maksimum uçuş saatları və təlimat tapşırıqları arasında minimum istirahət vaxtı göstərilməlidir.
3.12. Təlim təşkilatı təqdim olunan təlim kursları üçün kifayət edəcək sayda və tam təchiz edilmiş hava gəmisi və ya uçuşu (müvafiq olaraq hava hərəkətini) imitasiya edən təlim qurğularından istifadə etməlidir.
3.13. Təlim təşkilatı yalnız aşağıdakıları Agentliyə nümayiş etdirdikdən və Agentlik tərəfindən uçuşu və ya hava hərəkətini imitasiya edən təlim qurğusuna sertifikat verildikdən sonra həmin təlim qurğusunda təlim həyata keçirə bilər:
3.13.1. təlim qurğusunun istismar xüsusiyyətləri ilə təlim proqramı arasında adekvat uyğunluq;
3.13.2. təlim qurğusunun bu Qaydanın tələblərinə uyğunluğu;
3.13.3. uçuşun və ya hava hərəkətinin tam imitasiyası;
3.13.4. təlim qurğusunda dəyişiklikləri adekvat şəkildə izləməyə imkan verən və bu dəyişikliklərin təlim proqramına təsir etməməsini təmin edən sistemin mövcudluğu.
3.14. Təlim təşkilatı hava gəmisində uçuş təlimini həyata keçirərkən, verilən təlimi və istifadə olunan hava gəmisinin kateqoriyasını və növünü nəzərə almaqla, manevrlərin öyrədilməsinə şərait yaradan imkanlara və xüsusiyyətlərə malik olan aerodromlardan və ya istismar sahələrindən istifadə etməlidir.
3.15. Təlim təşkilatının tələbələri təlim almaq üçün aviasiya personalına şəhadətnamələrin verilməsi qaydaları ilə müəyyən olunmuş minimal tələblərə (tibbi, yaş və s.) cavab verməlidirlər.
3.16. Təlim təşkilatı təlim və tədris prosesinin mövcud tələblərə uyğunluğunu təmin etmək məqsədilə Agentlik tərəfindən qəbul edilən keyfiyyətin təminatı sistemini qurmalıdır.
3.17. Təsdiq sertifikatının əhatə dairəsinə və ya təlim təşkilatının təsdiq şərtlərinə təsir edən, bununla yanaşı təlim təşkilatının təhlükəsizlik siyasəti və səlahiyyətli meneceri ilə bağlı hər hansı dəyişiklik olarsa, belə dəyişiklik əvvəlcədən Agentlik tərəfindən təsdiq edilməlidir.
3.18. Hava şarına və ya mülki pilotsuz uçuş aparatlarına münasibətdə təlim keçən təşkilatlar:
3.18.1. bu Qaydaya və Agentliyə təqdim edilmiş müraciətdə əks olunan şərtlərə uyğunluğun təmin edilməsi və təhlükəsizlik siyasəti ilə bağlı tələblərin yerinə yetirilməsinə cavabdeh olan səlahiyyətli şəxs təyin etməlidirlər;
3.18.2. təlimlərin keyfiyyətinin tənzimlənməsi, təlim prosesinin idarə edilməsi və həyata keçirilməsinə cavabdeh olan təlim rəhbəri təyin etməlidirlər;
3.18.3. keçilən təlimlərin əhatə etdiyi sahə üzrə nəzəri və praktik biliyə və təcrübəyə malik olan və həmin sahələr üzrə ixtisaslaşmış və sertifikat almış nəzəri bilik təlimçiləri təyin etməlidirlər;
3.18.4. təlim fəaliyyətini idarə etməyə və həyata keçirməyə imkan verən obyekt və avadanlıqlarla təchiz edilməlidirlər;
3.18.5. hər bir tələbənin şəxsi, təlim, şəhadətnamə, ixtisas qeydi, sertifikat və digər əlaqədar məlumatlarını təlimlərin keçildiyi müddət ərzində və sonuncu təlim sessiyası bitdikdən sonra 3 (üç) il müddətində saxlamalı, mühafizə etməli, həmçinin daxili yoxlamanın keçirilməsinə dair hesabatı, fəaliyyəti ilə bağlı illik hesabatı və təlim proqramını bu bənddə göstərilən müddət ərzində saxlamalıdırlar;
3.18.6. hər təlim üçün təlim proqramı hazırlamalıdırlar;
3.18.7. təlim kursu üçün müvafiq şəkildə təchiz edilmiş hava şarı və ya pilotsuz uçuş aparatından istifadə etməlidirlər;
3.18.8. müvafiq imkanlara və xüsusiyyətlərə malik olan aerodromlardan və ya istismar sahələrindən istifadə etməlidirlər;
3.18.9. Agentlik tərəfindən onlara verilmiş tapşırıqların və öhdəliklərinin illik daxili təhlilini həyata keçirməli və həmin təhlil üzrə hesabat hazırlamalıdırlar;
3.18.10. illik fəaliyyət hesabatını hazırlamalıdırlar;
3.18.11. Agentliyin müəyyən etdiyi tarixdə illik daxili hesabatını və illik fəaliyyət hesabatını Agentliyə təqdim etməlidirlər.
4. Mülki hava gəmilərinin istismara buraxılışını təsdiq edən personala ilkin texniki və hava gəmisinin növü üzrə təlimlər, eləcə də bu təlimlər üzrə imtahan keçirən və sertifikat verən təşkilatlara dair tələblər
4.1. Texniki xidmət üzrə təlim təşkilatları obyekt, personal, qeydlərin saxlanılması, tədris avadanlığı ilə bağlı tələblərə cavab verməlidir.
4.2. Texniki xidmət üzrə təlim təşkilatları üçün obyekt tələbləri aşağıdakılardır:
4.2.1. təşkilatın yerləşdiyi obyektin ölçüsü və strukturu, mövcud hava şəraitindən mühafizəni və istənilən gün planlaşdırılan bütün təlimlərin keçilməsini və imtahanların keçirilməsini təmin etməlidir;
4.2.2. nəzəri təlimlərin və nəzəri bilik imtahanlarının keçirilməsi üçün digər obyektlərdən ayrı tam qapalı, habelə tələbələrin rahatlığı və diqqətlərinin yayınmamasına uyğunlaşdırılmış şəkildə otaqlar təşkil edilməlidir;
4.2.3. əsas təlim kursu zamanı planlaşdırılmış təlim kursuna uyğun praktiki təlim üçün tədris siniflərindən əlavə əsas təlim emalatxanaları və (və ya) texniki xidmət obyektləri olmalıdır. Təşkilat bu cür obyektləri təşkil edə bilmirsə, başqa təşkilatla razılaşmalar aparıla bilər. Bu halda həmin təşkilatla onlardan giriş və istifadə şərtləri müəyyən edilməklə yazılı müqavilə imzalanmalıdır. Agentlik hər hansı belə müqavilə bağlanılmış təşkilata giriş imkanının yaradılmasını tələb edə bilər və həmin müqavilədə bu giriş səlahiyyəti göstərilməlidir;
4.2.4. hava gəmisinin növü üzrə təlim kursu zamanı müvafiq hava gəmisi növünün nümunələrini ehtiva edən müvafiq obyektlərə giriş təmin edilməlidir;
4.2.5. hər hansı bir təlim kursu zamanı praktiki təlim keçən tələbələrin maksimum sayı bir təlimçi və ya qiymətləndirici üçün 15-dən çox olmamalıdır;
4.2.6. təlimçilər, nəzəri bilik imtahançıları və praktiki qiymətləndiricilər üçün onların rahatlığı və diqqətlərinin yayınmamasına uyğunlaşdırılmış şəkildə təşkil edilmiş ofis otaqları olmalıdır;
4.2.7. imtahan və təlim sənədlərinin saxlanılması üçün təhlükəsiz otaqlar təşkil edilməlidir;
4.2.8. təlimlərin əhatə dairəsinə və səviyyəsinə uyğun olan bütün texniki materialları ehtiva edən və tələbələrin girişi olan kitabxana olmalıdır.
4.3. Texniki xidmət üzrə təlim təşkilatları üçün personal tələbləri aşağıdakılardan ibarətdir:
4.3.1. təşkilat bütün təlim öhdəliklərinin maliyyələşdirilməsini və bu Qaydanın tələblərinə uyğun həyata keçirilməsini təmin etmək üçün korporativ səlahiyyətə malik olan səlahiyyətli menecer təyin etməlidir;
4.3.2. texniki xidmət üzrə təlim təşkilatının bu Qaydanın tələblərinə uyğunluğunu təmin etmək məqsədilə namizədlər təyin edilməlidir. Belə şəxslər bilavasitə səlahiyyətli menecerə tabe olmalıdırlar;
4.3.3. texniki xidmət üzrə təlim təşkilatı təsdiqə uyğun olaraq nəzəri bilik və praktiki təlimlərin yerinə yetirilməsi, habelə nəzəri bilik imtahanları və praktiki qiymətləndirmələrin aparılması üçün kifayət qədər müqavilə ilə işçi heyətlə təmin edilməlidir. Digər təşkilat praktiki təlimlər və qiymətləndirmələr keçirmək üçün istifadə edildikdə, həmin təşkilatın işçiləri praktiki təlim və qiymətləndirmələrin keçirilməsi üçün cəlb edilə bilərlər;
4.3.4. istənilən şəxs müvafiq ixtisaslaşmaya malik olduqda təlimçi, imtahançı və qiymətləndirici vəzifələrinin istənilən kombinasiyasını yerinə yetirə bilər;
4.3.5. təlimçilərin, imtahançıların və praktiki qiymətləndiricilərin təcrübəsi və ixtisasları dərc edilmiş meyarlara və ya Agentlik tərəfindən razılaşdırılmış prosedura uyğun olaraq müəyyən edilir. Bu şəxslər təşkilatın təlimatında qeyd olunmalıdırlar;
4.3.6. təlimçi və imtahançılar ən azı 24 aydan bir cari texnologiyaları, praktiki bacarıqları, insan amili, öyrədilən və ya yoxlanılan biliklərə uyğun olan ən son təlim üsullarını özündə ehtiva edən təkrar təlim keçməlidirlər;
4.3.7. bütün personalın öhdəlikləri, onlara dair bilik, bacarıq, təcrübə və ixtisas tələbləri müvafiq vəzifə təlimatlarında detallı əks olunmalıdır.
4.4. Təşkilat bütün təlimçi, imtahançı və qiymətləndiricilərin uçotunu aparmalıdır. Bu uçot qeydləri təcrübə və ixtisası, təlim tarixçəsi və sonrakı təlimləri əks etdirməlidir.
4.5. Texniki xidmət üzrə təlim təşkilatları üçün tədris avadanlığına dair tələblər aşağıdakılardır:
4.5.1. hər bir sinif otağında tələbələrin sinifdə istənilən mövqedən təqdimat mətninin, çertyojlarının, diaqram və rəqəmlərin asanlıqla oxuna bilməsini təmin edən tələbə uyğun prezentasiya avadanlığı olmalıdır. Virtual təlim mühitləri üçün təlimin məzmunu tələbələrin təqdimat mətninin, çertyojlarının, diaqram və rəqəmlərin asanlıqla oxunmasını təmin edərək, onların konkret mövzunu başa düşməsinə kömək edəcək şəkildə tərtib edilməlidir. Təqdimat avadanlığı müvafiq texniki xidmət üzrə simulyasiya təlim cihazlarını əhatə edə bilər;
4.5.2. əsas təlim emalatxanaları və (və ya) texniki xidmət obyektləri təsdiq edilmiş təlim həcmini yerinə yetirmək üçün lazım olan bütün alət və avadanlıqlara, habelə hava gəmisi, mühərriklər, hava gəmisinin hissələri və avionika avadanlığının müvafiq seçiminə malik olmalıdır;
4.5.3. hava gəmisinin növü üzrə təlim keçən təşkilatların müvafiq hava gəmisi növünə girişi olmalıdır. Texniki xidmət üzrə simulyasiya təlim cihazları adekvat təlim standartlarını təmin etdikdə istifadə oluna bilər.
4.6. Texniki xidmət üzrə təlim kursu materialı tələbəyə təqdim olunmalı və müvafiq olaraq aşağıdakıları əhatə etməlidir:
4.6.1. müvafiq hava gəmisinə texniki xidmət üzrə şəhadətnamə kateqoriyası və ya altkateqoriyası üçün müəyyən edilmiş əsas nəzəri bilik proqramı;
4.6.2. müvafiq hava gəmisi növü və hava gəmisinə texniki xidmət üçün şəhadətnamə kateqoriyası və ya altkateqoriyası üçün tələb olunan növ üzrə kursun məzmunu.
4.7. Təşkilat bütün tələbə hazırlığı, imtahan və qiymətləndirmə qeydlərini daimi saxlamalıdır.
4.8. Təşkilat müvafiq təlim standartlarını və bu Qayda ilə müəyyən olunmuş tələblərə uyğunluğu təmin etmək və Agentlik üçün məqbul olan prosedurları müəyyən etməlidir.
4.9. Təşkilat aşağıdakılardan ibarət keyfiyyət sisteminə malik olmalıdır:
4.9.1. təlim standartlarına, nəzəri bilik imtahanlarının və praktiki qiymətləndirmələrin düzgünlüyünə, prosedurlara uyğunluğuna və adekvatlığına nəzarət etmək üçün müstəqil audit funksiyasının mövcudluğu;
4.9.2. zərurət yarandıqda, düzəldici tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə audit nəticələrinin səlahiyyətli menecerə yönləndirildiyi bildiriş sistemi.
4.10. Texniki xidmət üzrə təlim təşkilatı təlim keçdiyi tələbələr üçün yalnız əsas biliklər və hava gəmisinin növü üzrə təlim keçə bilər. Hər bir imtahandan əvvəl Agentliyə ən azı 5 (beş) gün öncədən məlumat verilməlidir və imtahan Agentliyin səlahiyyətli nümayəndəsinin nəzarəti altında keçirilməlidir.
4.11. İmtahan heyəti bütün sualların təhlükəsizliyini təmin etməlidir.
4.12. Nəzəri bilik imtahanı zamanı saxtakarlıq etdiyi və ya imtahan vərəqlərindən və müvafiq sənədlərdən başqa imtahan mövzusuna aid materiala malik olduğu aşkar edilən hər hansı bir tələbə imtahandan kənarlaşdırılır və hadisənin baş verdiyi tarixdən ən azı 24 ay müddətində imtahan verə bilməz. Bununla bağlı 5 (beş) gün müddətində Agentliyə ətraflı məlumat verilməlidir.
4.13. İmtahan suallarının cavablarının imtahan götürən şəxs tərəfindən tələbəyə təqdim edilməsi halları aşkar edildikdə həmin şəxslər vəzifədən daimi olaraq kənarlaşdırılır və imtahan etibarsız hesab edilir. Bununla bağlı 5 (beş) gün müddətində Agentliyə ətraflı məlumat verilməlidir.
4.14. Hər bir imtahan nəzarət olunan mühitdə keçirilməlidir.
4.15. Təşkilat öz istifadəsi üçün təşkilatı və onun prosedurlarını təsvir edən təlimatını təqdim etməlidir. Bu təlimat və edilən dəyişikliklər Agentlik tərəfindən təsdiq edilir. Kiçik dəyişikliklər isə təşkilat tərəfindən təsdiq oluna bilər. Bu halda yenilənmiş təlimat təsdiq edildiyi tarixdən Agentliyə 5 (beş) gündən gec olmayaraq təqdim edilməlidir.
4.16. Texniki xidmət üzrə təlim təşkilatı Agentlik tərəfindən müəyyən edilən, texniki xidmət üzrə təlim təşkilatının təlimatına uyğun olaraq onlara verilmiş imtiyazlardan istifadə edə bilər.
4.17. Texniki xidmət üzrə təlim təşkilatının təsdiq sertifikatı yalnız hüquqi şəxslərə verilir. Hər bir hüquqi şəxsin yalnız bir texniki xidmət üzrə təlim təşkilatının təsdiq sertifikatı ola bilər.
5. Təlim təşkilatlarına sertifikatın verilməsi qaydası
5.1. Təlim təşkilatlarının sertifikatlaşdırma prosesi aşağıdakı mərhələləri əhatə edir:
5.1.1. ilkin mərhələ;
5.1.2. rəsmi müraciət;
5.1.3. qiymətləndirmə;
5.1.4. müfəttiş yoxlamasının həyata keçirilməsi;
5.1.5. qərar.
5.2. İlkin mərhələdə ərizəçi Agentliyə müraciət edir və Agentlik tərəfindən müraciətlə bağlı görüş təşkil edilərək sertifikatlaşdırma prosesi ilə bağlı tələblər, məlumatlar və tələb olunan sənədlər barədə ərizəçiyə ətraflı şəkildə məlumat verilir.
5.3. İlkin mərhələ yekunlaşdıqdan sonra ərizəçilər bu hissə ilə müəyyən edilmiş sənədlərlə və məlumatlarla birlikdə Agentliyə rəsmi qaydada müraciət edirlər.
5.4. Uçuş heyəti və aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinə təlim keçən təlim təşkilatlarına münasibətdə ərizəçilərin təqdim etməli olduğu sənədlər və məlumatlar aşağıdakılardır:
5.4.1. müraciət məktubu;
5.4.2. ərizə forması;
5.4.3. təlim təşkilatının adı, ünvanı, qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışı, elektron poçt ünvanı və əlaqə nömrəsi;
5.4.4. nəzərdə tutulan fəaliyyətə başlama tarixi;
5.4.5. səlahiyyətli menecerə dair məlumatlar;
5.4.6. təlim rəhbəri, təlimlərin əhatə etdiyi sahə üzrə təlimçilər və onların ixtisaslaşma vəziyyəti barədə məlumat;
5.4.7. təlimin keçiləcəyi aerodromların və ya əməliyyat sahələrinin adları və ünvanları;
5.4.8. təlimlər üçün istifadə ediləcək hava gəmilərinin siyahısı, o cümlədən onların kateqoriyası, sinfi və ya növü, qeydiyyatı, mülkiyyətçiləri və uçuşa yararlılıq sertifikatının kateqoriyası və hava gəmilərinin təlim təşkilatının mülkiyyətində və ya istifadəsində olduğunu təsdiq edən sənədin surəti;
5.4.9. uçuş heyətinə təlim keçən təşkilatın istifadə etmək niyyətində olduğu uçuşu imitasiya edən təlim qurğularının, havada hərəkəti idarəetmə dispetçerlərinə təlim keçən təşkilatların hava hərəkətini imitasiya edən təlim qurğularının siyahısı, onların təlimatları və sertifikatları;
5.4.10. təşkilatın təlimatı;
5.4.11. keçiləcək təlimin növü və təlim proqramı;
5.4.12. təşkilatın fəaliyyətini təsvir edən, habelə bu Qaydaya uyğunluğunu təmin etmək üçün yerinə yetirdiyi müvafiq prosedurları özündə ehtiva edən əməliyyat təlimatı;
5.4.13. təlimlərlə bağlı təlimat;
5.4.14. uyğunluğun monitorinqinə dair təlimat;
5.4.15. təhlükəsizliyin idarə edilməsi sisteminə dair təlimat;
5.4.16. uçuş heyətinə münasibətdə davamlı uçuşa yararlılığın idarə edilməsi sərgisi (CAME);
5.4.17. maliyyə vəsaitinin mövcudluğunu təsdiq edən sənədlər;
5.4.18. biznes plan;
5.4.19. Qanunun 9.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd.
5.5. Texniki xidmət üzrə təlim təşkilatlarına münasibətdə ərizəçilərin təqdim etməli olduğu sənədlər və məlumatlar aşağıdakılardır:
5.5.1. müraciət məktubu;
5.5.2. ərizə forması;
5.5.3. hüquqi şəxsin adı, ünvanı, qeydiyyat haqqında dövlət reyestrindən çıxarışı, elektron ünvanı və əlaqə nömrəsi;
5.5.4. təşkilatın fəaliyyətini təsvir edən, habelə bu Qaydaya uyğunluğunu təmin etmək üçün yerinə yetirdiyi müvafiq prosedurları özündə ehtiva edən təlimatı;
5.5.5. təşkilatın aidiyyəti şəxsi heyətinin siyahısı;
5.5.6. Qanunun 9.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd.
5.6. Sertifikatlaşdırma prosesində mövcud tələblərə uyğunluğu müəyyən etmək məqsədilə təlim təşkilatı Agentliyin səlahiyyətli şəxsinin hər hansı obyektinə, hava gəmisinə, sənədlərinə, qeydlərinə, məlumatlarına, prosedurlarına və ya sertifikatlaşdırılmalı olan hər hansı digər materiallara əlçatanlığı tam təmin etməlidir.
5.7. Uçuş heyəti və aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinə təlim keçən təlim təşkilatları sertifikat üzrə verilmiş səlahiyyətləri çərçivəsində fəaliyyətlərinin hər hansı bir hissəsini müqavilə əsasında başqa təşkilatlara ötürə bilərlər. Bu cür təşkilatlar onlara ötürülən işlərin görülməsi məqsədilə əvvəlcədən sertifikatlaşdırılmış təşkilatlar olmalıdır. Bu halda ötürülmüş fəaliyyət bu Qaydanın tələblərinə uyğun olmalı və tələblərə uyğunluğun yoxlanılması məqsədilə Agentliyə müqavilə bağlayan təşkilata giriş verilməsi təmin edilməlidir.
5.8. Qeyd olunan məlumatların və sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
5.9. Bu Qaydanın 5.4-cü və 5.5-ci bəndlərində qeyd olunan məlumatlarda və sənədlərdə çatışmazlıqlar olmadıqda Agentlikdə sənədlər qeydə alındığı gündən sonra 60 (altmış) gündən gec olmayan müddətdə təlim təşkilatının təlimatları təsdiq edilir, aidiyyəti üzrə və mövcud olduqda istifadə olunacaq uçuşu imitasiya edən, hava hərəkətini imitasiya edən təlim qurğularının standartlara uyğunluğu sertifikasiya vasitəsilə təsdiqlənir, təlimçilərin müvafiq ixtisas tələblərinə uyğunluğu təsdiqlənir və nəticədə təlim təşkilatının bu Qaydanın tələblərinə uyğun olmasını yoxlamaq məqsədilə Agentlik tərəfindən ilkin müfəttiş yoxlaması təşkil edilir.
5.10. Bu Qaydanın 5.9-cu bəndində qeyd olunan müfəttiş yoxlamasının nəticəsi olaraq Agentlik yoxlama bitdiyi gündən 15 (on beş) gündən gec olmayaraq ərizəçiyə müfəttiş yoxlamasının nəticələrini özündə ehtiva edən hesabatı təqdim edir. Bu hesabat müfəttiş yoxlaması zamanı aşkar edilmiş bütün nöqsanları özündə ehtiva edir.
5.11. Müfəttiş yoxlaması zamanı heç bir nöqsan aşkar edilmədikdə təlim təşkilatına 2 (iki) il müddətinə Agentlik tərəfindən təsdiq sertifikatı verilməsinə dair qərar qəbul edilir və təşkilata sertifikat təqdim edilir.
5.12. Müfəttiş yoxlaması zamanı nöqsan aşkar edildikdə ərizəçi 15 (on beş) gündən gec olmayan müddətdə hər bir nöqsan üzrə əsas səbəbi və nöqsanın aradan qaldırdılması üçün tələb olunan müddəti göstərməklə nöqsanın aradan qaldırılması üçün düzəldici tədbirlər planı (bundan sonra — plan) hazırlayaraq Agentliyə təqdim etməlidir. Nöqsanların həcmindən və xarakterindən asılı olaraq Agentlik tərəfindən bu müddət 30 (otuz) gün artırıla bilər. Ərizəçi bu planı qeyd olunan müddətdə təqdim etmədikdə müraciət baxılmamış saxlanılır.
5.13. Ərizəçi planını təqdim etdikdən sonra bu plan 15 (on beş) gün müddətində Agentlik tərəfindən qiymətləndirilir və qiymətləndirmənin nəticəsi ərizəçiyə bildirilir. Təqdim edilmiş plan qəbul olunmadıqda ərizəçi Agentliyin rəylərinə əsasən 10 (on) gündən gec olmayan müddətdə plana düzəliş etməli və yenilənmiş planı Agentliyə təqdim etməlidir.
5.14. Ərizəçi Agentlik tərəfindən təsdiq edilmiş planı Agentliklə razılaşdırdığı müddətdə (hər bir halda 3 (üç) ay müddətindən gec olmayaraq) icra etməlidir və bu barədə Agentliyə sübutedici məlumatları və sənədləri təqdim etməlidir. Bu məlumatlar və sənədlər təqdim edildikdən sonra müraciətə 10 (on) gün ərzində təkrar baxılır və sertifikatın verilməsi və ya imtina barədə müvafiq qərar qəbul edilir. Ərizəçi planı vaxtında icra etmədikdə müraciət baxılmamış saxlanılır.
5.15. Ərizəçi təsdiq sertifikatını aldıqdan sonra bu Qaydanın 5.4-cü və 5.5-ci bəndlərində qeyd olunan məlumat və sənədlərdə hər hansı bir dəyişiklik baş verərsə, bu barədə Agentliyə 5 (beş) gün müddətində məlumat verməlidir. Agentlik tərəfindən müraciətə daxil olduğu gündən 15 (on beş) gün müddətində baxılır və sertifikata müvafiq dəyişiklik edilməsi və ya edilməməsi haqqında qərar qəbul edilir.
5.16. Agentlik sertifikatlaşdırılmış təlim təşkilatlarının bu Qaydanın tələblərinə riayət etmələrinə nəzarət edir və bu məqsədlə sertifikatların qüvvədə olduğu müddət ərzində müfəttiş yoxlamalarını təşkil edir. Müfəttiş yoxlamaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası" ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
5.17. Müfəttiş yoxlamasının nəticəsi olaraq Agentlik yoxlama bitdiyi gündən 15 (on beş) gündən gec olmayaraq təşkilata müfəttiş yoxlamasının nəticələrini özündə əks etdirən hesabat təqdim edir. Bu hesabat müfəttiş yoxlaması zamanı aşkar edilmiş bütün nöqsanları özündə ehtiva edir.
5.18. Müfəttiş yoxlaması zamanı nöqsan aşkar edildikdə təşkilat hesabatı aldığı gündən 15 (on beş) gündən gec olmayan müddətdə hər bir nöqsan üzrə əsas səbəbi və nöqsanın aradan qaldırılması üçün tələb olunan müddəti göstərməklə planını Agentliyə təqdim etməlidir. Nöqsanların həcmindən və xarakterindən asılı olaraq Agentlik tərəfindən bu müddət 30 (otuz) gün artırıla bilər. Təşkilat planı qeyd olunan müddətdə təqdim etmədikdə Agentlik tərəfindən verilmiş sertifikatın qüvvəsi dayandırılır.
5.19. Təşkilat planını təqdim etdikdən sonra bu plan 10 (on) gün müddətində Agentlik tərəfindən qiymətləndirilir və bu qiymətləndirmənin nəticəsi təşkilata bildirilir. Təqdim edilmiş plan qəbul olunmadıqda təşkilat Agentliyin rəylərinə əsasən 10 (on) gün müddətində plana düzəliş etməli və yenilənmiş planı Agentliyə təqdim etməlidir.
5.20. Təşkilat Agentlik tərəfindən təsdiq edilmiş planı Agentliklə razılaşdırdığı müddətdə (hər bir halda 3 (üç) ay müddətindən gec olmayaraq) icra etməli və bu barədə Agentliyə sübutedici məlumatları və sənədləri təqdim etməlidir. Bu məlumatlar və sənədlər təqdim edildikdən sonra müraciətə (10) on gün ərzində təkrar baxılır və sertifikatın verilməsi və ya imtina barədə müvafiq qərar qəbul edilir. Təşkilat planları vaxtında icra etmədikdə Agentlik tərəfindən verilmiş sertifikatın qüvvəsi dayandırılır.
5.21. Bu Qaydanın, uçuşların təhlükəsizliyinin idarə edilməsinin və Agentliyin tələblərinə cavab verən təlim təşkilatına sertifikat verilməsinə dair Agentlik tərəfindən qərar qəbul edilir və qərar əsasında təlim təşkilatı sertifikatlaşdırılır və ya mövcud sertifikatın müddəti uzadılır.
5.22. Təlim təşkilatının səlahiyyətləri Agentlik tərəfindən verilmiş təsdiq sertifikatında müəyyən edilmiş şərtlərlə məhdudlaşır.
5.23. Aşağıdakı şərtlər yerinə yetirildiyi halda təlim təşkilatlarının sertifikatlarının etibarlılıq müddəti 2 (iki) ildir:
5.23.1. təşkilat sertifikatın qüvvədə olduğu müddətdə bu Qaydanın tələblərinə və Agentlik tərəfindən təsdiq edilən xüsusi tələblərə mütəmadi uyğunluğu təmin etməlidir;
5.23.2. Agentliyin səlahiyyətli şəxsinin təlim təşkilatına giriş imkanı, sənəd və ya məlumatlara əlçatanlığı məhdudlaşdırılmamalıdır.
5.24. Təlim təşkilatı tərəfindən sertifikatda və təsdiq şərtlərində dəyişiklik edilməsi üçün ərizə və dəyişikliyi təsdiq edən sənədlər nəzərdə tutulan dəyişiklik tarixindən ən azı 30 (otuz) gün əvvəl Agentliyə təqdim edilməlidir. Bu cür dəyişikliklər haqqında Agentliyə məlumat verilməməsi təlim təşkilatının təsdiq sertifikatının dayandırılması və ya ləğv edilməsi ilə nəticələnə bilər.
5.25. Hava şarı və ya mülki pilotsuz uçuş aparatlarına münasibətdə təlim keçən təşkilatlar Agentlik tərəfindən sertifikatlaşdırılır.
5.26. Hava şarı və ya pilotsuz uçuş aparatlarına münasibətdə təlim keçən təşkilatlar Agentliyin müəyyən etdiyi və aşağıdakı məlumatların əks olunduğu ərizə forması ilə Agentliyə müraciət etməlidirlər:
5.26.1. təlim təşkilatının dövlət qeydiyyatına alındığını təsdiq edən sənəd;
5.26.2. adı, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları və zərurət olduqda, aerodromlar və əməliyyat sahələri barədə məlumatlar;
5.26.3. səlahiyyətli nümayəndənin, təlim rəhbərinin və əgər mövcuddursa, təlim rəhbərinin müavinlərinin adı, soyadı və əlaqə məlumatları;
5.26.4. təlimin növü;
5.26.5. təlim üçün istifadə edilən hava şarı və ya mülki pilotsuz uçuş aparatlarının siyahısı;
5.26.6. təlimin həyata keçirilməsi üçün nəzərdə tutulmuş tarix;
5.26.7. təhlükəsizlik siyasətinin mövcudluğu və bu siyasətin təlimlərin keçildiyi müddətdə tətbiq ediləcəyini təsdiq edən yazılı bəyanat;
5.26.8. Qanunun 9.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd.
5.27. Ərizəçi Qaydanın 5.26-cı bəndində qeyd olunan sənədlərdə və məlumatlarda baş vermiş dəyişikliklərlə bağlı dəyişikliyin baş verdiyi tarixdən 3 (üç) gün müddətində Agentliyi məlumatlandırmalıdır.
5.28. Bu Qaydanın 5.26-cı bəndinə uyğun olaraq ərizəçi müraciət zamanı təlim proqramını Agentliyə təqdim etməlidir. Təlim proqramı Agentlik tərəfindən əvvəlcədən təsdiq edilir. Ərizəçinin digər sahələr üzrə təlim təşkilatı sertifikatı mövcud olduqda, o yalnız təlimlərlə bağlı təlimatını təqdim edə bilər. Bu sənədlərdə edilmiş hər hansı dəyişikliklər, o cümlədən müraciətdə göstərilən təlim fəaliyyətinin tam və ya qismən dayandırılması barədə ərizəçi dərhal Agentliyə məlumat verməlidir.
5.29. Agentlik sertifikatın verilməsi məqsədilə ərizəçiyə əvvəlcədən məlumat verməklə müfəttiş yoxlaması həyata keçirə bilər. Ərizəçinin sənədləri və məlumatları yoxlanıldıqdan sonra, müfəttiş yoxlamasının keçirildiyi hallarda yoxlamanın nəticələrindən asılı olaraq Agentlik sertifikatın verilməsinə dair və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.
5.30. Hava şarı və ya mülki pilotsuz uçuş aparatlarına münasibətdə təlim keçən təşkilatlara sertifikat müddətsiz olaraq verilir.
5.31. Ərizəçi hava şarı və ya mülki pilotsuz uçuş aparatlarına münasibətdə təlim fəaliyyətini tam və ya qismən dayandırmaqla bağlı Agentliyə məlumat verdikdə və ya ardıcıl 36 (otuz altı) təqvim ayı ərzində fəaliyyət göstərmədikdə, eləcə də bu Qaydanın tələblərini kobud şəkildə pozduqda onun sertifikatı Agentlik tərəfindən ləğv edilir.
5.32. Agentlik hava şarı və ya mülki pilotsuz uçuş aparatlarına münasibətdə təlim keçən təşkilatların bu Qaydanın tələblərinə uyğunluğuna nəzarət etmək məqsədilə müfəttiş yoxlaması həyata keçirə bilər.
5.33. Müfəttiş yoxlaması zamanı hava şarı və ya mülki pilotsuz uçuş aparatlarına münasibətdə təlim keçən təşkilatlar özlərinin hər hansı obyektinə, hava gəmisinə, sənədinə, qeydlərinə, məlumatlarına, prosedurlarına və ya hər hansı digər materiallarına Agentliyin səlahiyyətli müfəttişinin girişinə icazə verməlidirlər. Agentlik müfəttiş yoxlamasının nəticələrini qeyd olunan təlim təşkilatlarına bildirdikən sonra onlar aşağıdakıları həyata keçirməlidirlər:
5.33.1. nöqsanların səbəblərini müəyyənləşdirmək;
5.33.2. nöqsanı aradan qaldırmaq məqsədilə tədbirlər görmək və bu barədə Agentliyə vaxtında məlumat vermək.
6. Uçuş heyətinə təlim keçən təlimçilərə və onların bilik və bacarıqlarını qiymətləndirən imtahançılara dair tələblər
6.1. Ərizəçi hava gəmisində uçuş təlimatını yerinə yetirmək üçün pilot şəhadətnaməsinə və bu Qaydaya əsasən təlimçi sertifikatına malik olmalıdır.
6.2. Ərizəçi sintetik uçuş təlimatını yerinə yetirmək üçün bu Qaydaya əsasən təlimçi sertifikatına malik olmalıdır.
6.3. Təlimçilərin kateqoriyaları Agentlik tərəfindən müəyyən edilir.
6.4. Dövlət və ya istismarçının hava gəmisi parkına yeni növ hava gəmisi daxil olduqda, eləcə də yeni təlimlər tətbiq edildiyi hallarda bu Qaydanın tələblərini yerinə yetirmək mümkün olmadıqda Agentlik uçuş təlimatı üçün imtiyazlar müəyyən edən xüsusi sertifikat verə bilər. Belə sertifikat yeni növ hava gəmisinin və ya yeni təlim kursunun tətbiqi üçün zəruri olan təlim uçuşları ilə məhdudlaşır və yalnız bir dəfə verilir. Sertifikatın etibarlılıq müddəti 1 (bir) ildir. Bu cür sertifikatı olan şəxslər müddət bitdikdən sonra həmin hava gəmisinə münasibətdə bu Qaydanın tələblərinə uyğun olaraq təlimçi sertifikatı almalıdırlar. Ərizəçi sonradan təlimçi sertifikatının verilməsi üçün Agentliyə müraciət etdikdə yeni növ hava gəmisində müraciət edilən təlimçi kateqoriyası üçün müəyyən edilmiş ilkin şərtlərə və yenidən təsdiq edilmə ilə bağlı tələblərə uyğun olmalıdır və həmin hava gəmisində tələb olunan formada kifayət qədər təcrübə qazanmalıdır.
6.5. Təsdiq edilmiş təlim kursu müddətində Azərbaycan Respublikasının ərazisindən kənarda uçuş təlimatı həyata keçirilən zaman Agentlik aşağıdakı tələbləri yerinə yetirən ərizəçilərə təlimçi sertifikatı verir:
6.5.1. ərizəçinin pilot şəhadətnaməsi olmalıdır;
6.5.2. ərizəçinin hər bir halda müvafiq hava gəmisi kateqoriyasında ixtisas qeydi və ya sertifikatı olan kommersiya pilotu şəhadətnaməsi olmalıdır;
6.5.3. ərizəçi təlimçi sertifikatının verilməsinə dair bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
6.6. Bu Qaydanın 6.5-ci bəndində göstərilən hallarda təlimçinin sertifikatı təsdiq edilmiş təlim kursu müddətində uçuş təlimatının verilməsi ilə əlaqədar aşağıdakı məhdudiyyətlər də nəzərə alınmalıdır:
6.6.1. uçuş təlimatı Azərbaycan Respublikasının ərazisindən kənarda Konvensiyanın tətbiq dairəsinə düşən yerdə həyata keçirilməlidir;
6.6.2. uçuş təlimatı həmin təlimatın verildiyi dildə kifayət qədər biliyə malik olan tələbə pilotlara verilməlidir.
6.7. Təlimçi sertifikatının alınması üçün 18 (on səkkiz) yaşı tamam olmuş şəxslər müraciət edə bilər.
6.8. Hava gəmisində uçuş təlimatını həyata keçirmək məqsədilə təlimçi sertifikatının alınması üçün Agentliyə ilkin müraciət edən ərizəçilər və ya sertifikat sahibləri:
6.8.1. şəhadətnamə ilə bağlı təlimlərə münasibətdə uçuş təlimatının verildiyi şəhadətnamə növünə, ixtisas qeydi ilə bağlı təlimlərə münasibətdə uçuş təlimatının verildiyi ixtisas qeydinə sahib olmalıdırlar (pilot şəhadətnaməsinin tələb olunmadığı hallar istisna olunur);
6.8.2. bu Qaydanın 6.4-cü bəndi ilə müəyyən edilmiş hallarda xüsusi sertifikata sahib olmalıdırlar;
6.8.3. Agentlik tərəfindən müəyyən edilmiş qaydada uçuş saatlarını tamamlamalı və ya səriştə qiymətləndirilməsindən keçməlidirlər;
6.8.4. uçuş təlimatı zamanı hava gəmisinin kapitanı (komanda verən pilotu) qismində çıxış etmək səlahiyyəti olmalıdır.
6.9. Təlimçi aşağıdakı səriştələrə yiyələnmək məqsədilə təlim keçməlidir:
6.9.1. resursların hazırlanması;
6.9.2. öyrənmək üçün əlverişli mühitin yaradılması;
6.9.3. nəzəri bilik;
6.9.4. təhdid və xətaların idarə edilməsi (TEM) və hava gəmisinin heyətinin resurslarının idarə edilməsinin (CRM) inteqrasiya edilməsi;
6.9.5. təlim məqsədlərinə çatmaq üçün vaxtın idarə edilməsi;
6.9.6. öyrənmə prosesinin sadələşdirilməsi;
6.9.7. təcrübəçinin performansının dəyərləndirilməsi;
6.9.8. inkişafın izlənilməsi və nəzarət;
6.9.9. təlim sessiyalarının qiymətləndirilməsi;
6.9.10. nəticə barədə məlumat verilməsi.
6.10. Ərizəçi təsdiq edilmiş təlim təşkilatında nəzəri bilik və uçuş təlimatı kursunu bitirməlidir. Təlimçinin hər bir kateqoriyası üçün Agentlik tərəfindən müəyyən edilmiş xüsusi tələblərdən əlavə olaraq təlim kursu bu Qaydanın 6.9-cu bəndində sadalanan səriştələri əhatə etməlidir.
6.11. Ərizəçi təlim keçirildiyi hava gəmisinin kateqoriyasında, sinfində və ya növündə, eləcə də uçuşu imitasiya edən təlim qurğusunda səriştə qiymətləndirilməsi testindən keçməlidir. Təlimçinin səriştəsinin qiymətləndirilməsi təlimçi tərəfindən tələbə pilota şəhadətnamə, ixtisas qeydi və ya sertifikat verilməsi üçün tələb olunan səviyyədə təlimat vermək qabiliyyətinin səlahiyyətli imtahançıya nümayiş etdirilməsinə əsasən həyata keçirilir. Səriştənin qiymətləndirilməsinə, eyni zamanda aşağıdakılar daxildir:
6.11.1. bu Qaydanın 6.9-cu bəndində göstərilən səriştələrin uçuşdan əvvəl, uçuşdan sonra və nəzəri biliklərin öyrədilməsi zamanı nümayiş etdirilməsi;
6.11.2. yerdə şifahi nəzəri imtahanlar, uçuşdan əvvəl və uçuşdan sonra brifinqlər, eləcə də hava gəmisinin sinfi, növü və ya uçuşunu imitasiya edən təlim qurğusu üzrə uçuş zamanı nümayişlər və digər müvafiq tapşırıqlar.
6.12. Səriştənin qiymətləndirilməsi uçuş təlimatı üçün istifadə edilən eyni sinif və ya növ hava gəmisində və ya uçuşu imitasiya edən təlim qurğusunda həyata keçirilməlidir.
6.13. Təlimçi sertifikatının yenidən təsdiq edilməsi üçün səriştənin qiymətləndirilməsi tələb olunduqda, təlimçi sertifikatının etibarlılıq müddətindən əvvəl qiymətləndirmədən keçə bilməyən ərizəçi uğurlu nəticə əldə edənədək sertifikatın imtiyazlarından istifadə etməməlidir.
6.14. Təlimçi Agentlik tərəfindən müəyyən edilən sahələr üzrə nəzəri bilik imtahanından keçməlidir.
6.15. Ərizəçilər aşağıdakı uçuş təlimlərini keçməlidirlər:
6.15.1. nümayiş, tələbə praktikaları, ümumi tələbə xətalarının tanınması və düzəldilməsi daxil olmaqla uçuş təlimi texnikası;
6.15.2. uçuş təlimi vermək üçün nəzərdə tutulan uçuş manevrləri və prosedurlarında təlim texnikalarını təcrübədən keçirmək.
6.16. Təlimçi sertifikatının verilməsi ilə və təlimçinin səlahiyyətləri ilə bağlı bu Qayda ilə müəyyən edilməyən xüsusi tələblər və prosedurlar Agentlik tərəfindən təsdiq edilir.
6.17. Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv dövlət tərəfindən verilmiş təlimçi sertifikatı, ərizəçinin bu Qaydanın tələblərinə və Agentliyin müəyyən etdiyi xüsusi şərtlərə cavab verməsi şərtilə Agentlik tərəfindən bu Qaydaya uyğun verilmiş təlimçi sertifikatına konvertasiya edilir.
6.18. Uçuş heyətinin bilik və bacarıqlarını yoxlamaq və qiymətləndirmək üçün imtahançıların aşağıdakı səlahiyyətləri olmalıdır:
6.18.1. uçuş heyətinin praktiki bacarıq testləri, bacarıq yoxlanışı və ya səriştə qiymətləndirilməsini həyata keçirmək səlahiyyəti verən şəhadətnamə, ixtisas qeydi və ya sertifikata sahib olmaq və onlarla əlaqədar təlimat vermək;
6.18.2. uçuş heyətinin praktiki bacarıq testi, bacarıq yoxlanışı və ya səriştə qiymətləndirilməsinin hava gəmisində həyata keçirildiyi hallarda həmin hava gəmisinin kapitanı (komanda verən pilotu) ola bilmək.
6.19. İmtahançıların kateqoriyaları Agentlik tərəfindən müəyyən edilir.
6.20. Bu Qaydanın 6.4-cü və 6.5-ci bəndləri ilə müəyyən edilmiş hallar imtahançılara da şamil olunur.
6.21. Ərizəçi Agentlik tərəfindən tələb olunan nəzəri bilik səviyyəsini və iş təcrübəsini nümayiş etdirməlidir.
6.22. Ərizəçi standartlaşdırma kursunu keçməlidir. Standartlaşdırma kursunun təşkili Agentlik və ya Agentlik tərəfindən təsdiq edilmiş təlim təşkilatı tərəfindən həyata keçirilir. Standartlaşdırma kursu nəzəri və praktiki təlimlərdən ibarətdir.
6.23. Ərizəçi praktiki bacarıq testi, bacarıq yoxlanışı və səriştə qiymətləndirməsini həyata keçirmək bacarıqlarını Agentliyin müfəttişinə və ya Agentlik tərəfindən səlahiyyət verilmiş baş imtahançıya nümayiş etdirməlidir. Bu zaman ərizəçi:
6.23.1. yoxladığı uçuş heyəti ilə dil maneələri olmadan ünsiyyət qurulmasını təmin etməlidir;
6.23.2. yoxladığı uçuş heyətinin şəhadətnamə, ixtisas qeydi və ya sertifikatın verilməsi, yenidən təsdiq edilməsi və ya müddətinin uzadılması üçün bütün ixtisas, təlim və təcrübə tələblərinə cavab verdiyini təsdiq və sübut etməlidir;
6.23.3. təlim və uçuş təcrübəsi ilə bağlı natamam, qeyri-dəqiq və ya yanlış məlumatların verilməsinin nəticələri barədə uçuş heyətini məlumatlandırmalıdır.
6.24. İmtahançı praktiki bacarıq testi və ya bacarıq yoxlanışı başa çatdıqdan sonra yoxlamanın nəticələri barədə uçuş heyətinə məlumat verməli və yoxlamanın nəticəsindən asılı olaraq şəhadətnamə və ya ixtisas qeydi üzrə imtiyazlarından istifadəsinin mümkünlüyünü ona bildirməlidir.
6.25. İmtahançı sertifikatının verilməsi ilə və imtahançının səlahiyyətləri ilə bağlı bu Qayda ilə müəyyən edilməyən xüsusi tələblər və prosedurlar Agentlik tərəfindən təsdiq edilir.
6.26. İmtahançı nəzarət fəaliyyəti ilə bağlı bütün qeydləri, hesabatları və digər aidiyyəti məlumatları Agentliyə təqdim etməlidir.
6.27. İmtahançılar öz vəzifələrini ədalətli və qiymətləndirməni təhrif edə biləcək hər hansı kənar təsir olmadan yerinə yetirməli və onların qərəzsizliyi və ya obyektivliyinə təsir edə biləcək istənilən vəziyyətlərdə qiymətləndirmə aparmaqdan çəkinməlidirlər. Bu hallarda imtahançı dərhal Agentliyə ətraflı şəkildə məlumat verməlidir.
7. Aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinə təlim keçən təlimçilərə, bilik və bacarıqlarını qiymətləndirən imtahançılara dair tələblər
7.1. Aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinə təlim keçən təlimçilər aşağıdakı kateqoriyalara bölünür:
7.1.1. nəzəri təlimçi;
7.1.2. praktiki təlimçi.
7.2. Təlimçi səlahiyyəti Agentlik tərəfindən verilmiş sertifikatda təsdiq edilir.
7.3. Nəzəri təlim yalnız müvafiq ixtisaslı nəzəri təlimçilər tərəfindən həyata keçirilməlidir.
7.4. Nəzəri təlimçi aşağıdakı hallarda ixtisaslı hesab olunur:
7.4.1. havada hərəkəti idarəetmə dispetçeri şəhadətnaməsinə və tədris olunan sahəyə (kursa) uyğun peşəkar ixtisasa malik olduqda;
7.4.2. təlim təşkilatında tələb olunan bilik və təcrübə ilə bağlı yoxlama və ya testlərdən keçdikdə;
7.4.3. təlim təşkilatında tədris bacarıqlarını nümayiş etdirdikdə.
7.5. Praktiki təlimçi sertifikatı almaq üçün müraciət edən ərizəçilər yalnız iş yerində təlim üzrə təlimçi və ya sintetik təlim cihazı təlimçisi sertifikatına malik olduqda praktiki təlimçi qismində təlim keçə bilərlər.
7.6. İş yerində təlim üzrə təlimçi sertifikatının sahibi səlahiyyətinə uyğun sahələrdə və sintetik təlim cihazlarında praktiki təlim keçmək və əməliyyat vəzifələrinin icrasına nəzarəti təmin etmək səlahiyyətinə malikdir.
7.7. İş yerində təlim üzrə təlimçi təlim keçdiyi istiqamətlər üzrə mövcud imtiyazlardan əvvəlcədən istifadə etmiş olmalı və bu sahədə tədris bacarıqları olmalıdır.
7.8. İş yerində təlim üzrə təlimçi səlahiyyətinin əldə edilməsi üçün Agentliyə müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:
7.8.1. şəxsin qüvvədə olan havada hərəkəti idarəetmə dispetçeri şəhadənaməsi olmalıdır (şəhadətnamə sahibinin hava hərəkətinə nəzarət xidmətləri göstərmək səlahiyyətinə malik olduğu Beynəlxalq Mülki Aviasiya Təşkilatının məntəqə göstəricisi, sektor, sektorlar qrupu və ya vəzifələri göstərən qeyd daxil olmaqla);
7.8.2. müraciətdən əvvəl Agentlik tərəfindən müəyyən edilmiş müddətdə havada hərəkəti idarəetmə dispetçeri şəhadətnaməsinin imtiyazlarından istifadə etməlidir;
7.8.3. müraciətdən əvvəl Agentlik tərəfindən müəyyən edilmiş müddətdə tələb olunan bilik və pedaqoji bacarıqların öyrədildiyi və lazımi qaydada qiymətləndirildiyi praktiki təlim texnikası kursunu uğurla başa vurmalıdır.
7.9. Sintetik təlim cihazı təlimçiləri aşağıdakı sahələr üzrə sintetik təlim cihazları üzrə praktiki təlim keçmək hüququna malikdirlər:
7.9.1. ilkin təlim müddətində praktiki fənlər üzrə;
7.9.2. iş yerində təlimdən fərqli digər fərqli təlim vahidləri üzrə;
7.9.3. davamlı təlim üzrə.
7.10. Sintetik təlim cihazı təlimçisi imtiyazlarından istifadə etmək üçün Agentliyin müəyyən etdiyi qaydada təlim verdiyi sahə üzrə təcrübəyə malik olmalı, cari əməliyyat təcrübələri haqqında bilik nümayiş etdirməli və təlimin verildiyi prosedurlarda təlim üsullarını tətbiq etməlidir.
7.11. Havada hərəkəti idarəetmə dispetçerlərinin bilik və bacarıqlarını qiymətləndirmək imtahançı sertifikatına malik olan şəxslər tərəfindən həyata keçirilir.
7.12. İmtahançıların qiymətləndirmə səlahiyyətinə ən azı aşağıdakılar daxildir:
7.12.1. tələbənin havada hərəkəti idarəetmə dispetçeri şəhadətnaməsinin verilməsi və ya yeni ixtisas qeydinin (əgər varsa, digər əlaqədar qeydin) təsdiqi üçün ilkin təlim zamanı qiymətləndirilməsi;
7.12.2. tələbənin havada hərəkəti idarəetmə dispetçerlərinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının məntəqə göstəricisi, sektor, sektorlar qrupu və ya vəzifələri göstərən digər qeydlərin ("endorsment") verilməsi məqsədilə qiymətləndirilməsi;
7.12.3. havada hərəkəti idarəetmə dispetçerlərinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının məntəqə göstəricisi, sektor, sektorlar qrupu və ya vəzifələri göstərən əlavə qeydlərin ("endorsment") verilməsi, o cümlədən havada hərəkəti idarəetmə dispetçerlərinin belə qeydlər üzrə səlahiyyət müddətinin uzadılması və yenilənməsi zamanı qiymətləndirilməsi;
7.12.4. Agentliyin təsdiq etdiyi şərtlər əsasında praktiki təlimçi və ya imtahançı sertifikatı üçün müraciət edən ərizəçilərin qiymətləndirilməsi.
7.13. İmtahançı sertifikatının sahibləri qiymətləndirmə həyata keçirdikləri ixtisas qeydi və digər qeydlərlə əlaqədar sahələrdə təcrübəyə malik olduqda və cari iş təcrübələrinə dair bilik nümayiş etdirdikdə öz qeydlərinə uyğun imtiyazlarından istifadə edə bilərlər.
7.14. İmtahançı sertifikatının verilməsi üçün müraciət edən ərizəçilər havada hərəkəti idarəetmə dispetçeri şəhadətnaməsinin imtiyazlarından müraciətdən əvvəlki müddətdə istifadə etməli, nəzəri və praktiki hissələrdən ibarət imtahançı kursunu uğurla keçməlidirlər.
7.15. İmtahançılar öz vəzifələrini ədalətli və onların qiymətləndirməni təhrif edə biləcək hər hansı kənar təsir olmadan yerinə yetirməli və onların qərəzsizliyi və ya obyektivliyinə təsir edə biləcək istənilən vəziyyətlərdə qiymətləndirmə aparmaqdan çəkinməlidirlər. Bu hallarda imtahançı dərhal və ətraflı şəkildə Agentliyə məlumat verməlidir.
8. Uçuşu imitasiya edən təlim qurğularına dair tələblər
8.1. Uçuşu imitasiya edən təlim qurğusunun (bundan sonra — təlim qurğusu) sertifikatlaşdırılması qaydası təlim qurğusunu istismar edən təsdiq edilmiş təlim təşkilatlarına və ya yalnız əsas alət təlim cihazları vəziyyətində təlim qurğusu istehsalçısına, yaxud təlim qurğusunu idarə etmək niyyətində olan təşkilatlara şamil edilir.
8.2. Ərizəçi təlim qurğusunun sertifikatının alınması üçün bu Qaydanın tələblərinə uyğun idarəetmə sistemi qurmalıdır. Ərizəçi bilavasitə və ya müqavilə əsasında təlim qurğusunun ixtisas səviyyəsi üçün müəyyən edilmiş performans, funksiya və digər xüsusiyyətləri icra etmək və təlim qurğusunun quraşdırılmasına nəzarət etmək qabiliyyətinə malik olmalıdır.
8.3. Sertifikat sahibi təlim qurğusunda edilməsi nəzərdə tutulan əsas dəyişikliklər, təlim qurğusunun yerdəyişməsi, istənilən deaktivasiyası və digər dəyişikliklər barədə Agentliyə məlumat verməlidir.
8.4. Təlim qurğusunun keyfiyyətinin təkmilləşdirilməsi üçün təlim qurğusunu istismar edən təşkilat Agentliyə müraciət etməlidir. Bu zaman təlim qurğusunu istismar edən təşkilat tələb olunan ixtisas səviyyəsi üçün bütün yoxlama testlərini keçirməlidir. Əvvəlki qiymətləndirmələrin nəticələri istifadə edilməməlidir.
8.5. Təlim qurğusu yeni yerə köçürüldükdə, təlim qurğusunu istismar edən təşkilat planlaşdırılan fəaliyyətdən əvvəl müvafiq tədbirlərin cədvəli ilə birlikdə Agentliyə məlumat verməlidir. Yeni yerdə təlim qurğusunun istismar edilməsindən əvvəl, təlim qurğusunu istismar edən təşkilat təlim qurğusunun ilkin keyfiyyət standartlarına cavab verməsini təmin etmək üçün sınaq testlərinin, funksiyaların və subyektiv testlərin ən azı üçdə birini yerinə yetirməlidir.
8.6. Əgər təlim qurğusunu istismar edən təşkilat təlim qurğusunun uzun müddət ərzində istismarını dayandırmağı planlaşdırırsa, Agentliyə bu barədə məlumat verilməlidir.
8.7. Təlim qurğusunu istismar edən təşkilat dəyişdikdə, yeni təşkilat təlim qurğusunun təhvilvermə planını razılaşdırmaq üçün Agentliyi əvvəlcədən məlumatlandırmalıdır. Bu halda Agentlik təlim qurğusunun ilkin ixtisas tələblərinə uyğun olaraq qiymətləndirilməsini apara bilər. Təlim qurğusu ilkin ixtisas tələblərinə uyğun olmadıqda, təşkilat yeni sertifikatın alınması üçün Agentliyə müraciət etməlidir.
8.8. Sertifikat sahibi aşağıdakı məlumatları və qeydləri saxlamalıdır:
8.8.1. təlim qurğusunun bütün fəaliyyət dövrü ərzində ilkin ixtisas əsaslarını və səviyyəsini təsvir edən və təmin edən bütün sənədlər;
8.8.2. hər bir təlim qurğusuna və ən azı 5 (beş) il müddətində uyğunluğun monitorinqi fəaliyyətlərinə dair hər hansı təkrarlanan sənədlər və hesabatlar.
8.9. Ərizəçi artıq bu Qaydaya uyğun verilmiş sertifikat sahibidirsə, təlim qurğusunun istismar xüsusiyyətləri ətraflı şəkildə təsdiq edilmiş təlim təşkilatının sertifikat şərtlərində və ya istismarçının təlimatında göstərilməlidir.
8.10. Sertifikat sahibi təlim qurğusunun ixtisas xüsusiyyətlərini qüvvədə saxlamaq üçün 12 (on iki) təqvim ayı ərzində mərhələli şəkildə əsas ixtisas test təlimatında (MQTG) olan bütün testləri, funksiyaları və subyektiv testləri yerinə yetirməlidir. Bu Qaydanın
8.8-ci bəndinin tələblərinə uyğun olaraq saxlanılmış testlərin nəticələrində yoxlama və qiymətləndirmə qeydləri və tarix qeyd edilməlidir.
8.11. Sertifikat sahibinin təlim qurğusunun aparat və proqram təminatının davamlı bütövlüyünü təmin etmək üçün konfiqurasiyaya nəzarət sistemi olmalıdır.
8.12. Sertifikat sahibi istismar etdiyi təlim qurğularında xüsusilə aşağıdakılar daxil olmaqla, istənilən mühüm dəyişiklikləri müəyyən etmək, qiymətləndirmək və daxil etmək üçün sistem yaratmalı və saxlamalıdır:
8.12.1. təlim, sınaq və yoxlama üçün zəruri olan hər hansı uçuşa yararlılıq direktivi ilə tətbiq edilib-edilməməsindən asılı olmayaraq istənilən hava gəmisi modifikasiyası;
8.12.2. sınaq və yoxlama üçün zəruri olarsa, hərəkət və vizual sistemlər də daxil olmaqla təlim qurğusunun istənilən modifikasiyası.
8.13. Təlim qurğusunun orijinal ixtisas meyarlarına təsirini müəyyən etmək məqsədilə təlim qurğusunun aparatı və proqram təminatının idarə edilməsinə, performansına və sistemlərinin işləməsinə təsir edən dəyişikliklər, hərəkət və ya vizual sistemlərin hər hansı əsas modifikasiyası qiymətləndirilməlidir. Təlim qurğusunu istismar edən təşkilat təsirə məruz qalan hər hansı testlər üçün dəyişikliklər hazırlamalı və təlim qurğusunu yeni meyarlara uyğun sınaqdan keçirməlidir.
8.14. Sertifikat sahibi aparılan sınaqların düzgünlüyünü müəyyən etmək üçün istənilən əsas dəyişikliklər barədə Agentliyi əvvəlcədən məlumatlandırmalıdır. Agentlik təlim qurğusunu təlimə qaytarmazdan əvvəl xüsusi qiymətləndirilməyə ehtiyac olubolmadığını müəyyən edə bilər.
8.15. Sertifikat sahibi təlim qurğusunu təhlükəsiz və etibarlı mühitdə yerləşdirməlidir.
8.16. Təlim qurğusu təhlükəsizliklə bağlı tələblərə cavab verməli və sertifikat sahibi təlim qurğusu ilə işləyən və ona texniki xidmət göstərən şəxsləri əvvəlcədən təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlandırmalıdır.
8.17. Sertifikat sahibi təlim qurğusunun təhlükəsizlik xüsusiyyətlərini ən azı ildə bir dəfə yoxlamalı və nəticələrini qeydə almalıdır.
8.18. Təlim qurğusuna avadanlıq əlavə olunduqda, onun təlimin keyfiyyətinə mənfi təsir göstərməməsini təmin etmək üçün Agentlik tərəfindən qiymətləndirilməlidir.
9. Təlimçilərə, imtahançılara və uçuşu imitasiya edən təlim qurğularına dair sertifikatların verilməsi qaydası
9.1. Ərizəçi bu Qayda ilə müəyyən edilmiş tələbləri tam yerinə yetirdikdən sonra Agentlik tərəfindən müəyyən edilmiş ərizə forması və bu Qaydanın tələblərinə uyğunluğunu təsdiqləyən sənədlərlə və ya məlumatlarla birlikdə Agentliyə müraciət etməlidir.
9.2. Agentlik tərəfindən ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin sənədlər kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.
9.3. Agentlik ərizəçinin sənədlərini qeydiyyata aldıqdan sonra 3 (üç) gün müddətində ərizəçinin müraciətinin bu Qayda ilə müəyyən edilmiş bütün tələblərə uyğunluğunu yoxlayır.
9.4. Ərizəçi bu Qaydada nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda Agentlik əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.
9.5. Ərizəçi əlavə sənədləri və ya məlumatları 15 (on beş) gün müddətində Agentliyə təqdim etməlidir. Bu müddət ərzində əlavə sənədlər və ya məlumatlar Agentliyə təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Əlavə sənədlərin və ya məlumatların Agentliyə təqdim olunduğu andan müddətin axımı bərpa olunur. Müddət axımının dayandırıldığı və ya yenidən bərpa olunduğu müddət ərzində ərizəçinin bu Qaydanın tələblərinə uyğunluğunu təsdiq edən sənədlərinin etibarlılıq müddəti bitərsə, ərizəçi Agentliyə eyni qaydada yenidən ərizə və təsdiqləyici sənədlərlə müraciət etməlidir.
9.6. Ərizəçi bu Qayda ilə müəyyən olunmuş tələblərə uyğun olmadıqda və müraciət sənədlərində təkrar nöqsanlar aşkar edildikdə ərizə Agentlik tərəfindən baxılmamış saxlanıla bilər. Ərizəçi tərəfindən tələblər yerinə yetirildikdən və nöqsanlar aradan qaldırıldıqdan sonra Agentliyə yenidən ərizə və təsdiqləyici sənədlərlə müraciət edilə bilər.
9.7. Agentlik 90 (doxsan) gündən artıq olmayan müddət ərzində sertifikatın verilməsi və ya sertifikatın verilməsindən imtina olunması haqqında qərar qəbul edir. Ərizəçi imtina barədə qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.
9.8. Təlimçi və imtahançı sertifikatlarının etibarlılıq müddəti 3 (üç) ildir. Təlimçi sertifikatının kateqoriyalarına dair tələbləri nəzərə alaraq Agentlik tərəfindən etibarlılıq müddəti ilə bağlı istisna hallar müəyyən edilə bilər.
9.9. Təlim qurğusunun sertifikatlaşdırılması üçün ilkin müraciət təsdiq edilmiş təlim təşkilatı tərəfindən edilərsə, təlim təşkilatı bu Qaydanın tələblərinə uyğunluğunu təsdiq edən sənədləri və ya məlumatları Agentliyə təqdim etməlidir.
9.10. Aşağıdakı şərtlərin yerinə yetirilməsi şərtilə təlim qurğusunun sertifikatının etibarlılıq müddəti 1 (bir) ildir:
9.10.1. təlim qurğusunun və onu istismar edən təşkilatın bu Qaydanın tələblərinə uyğunluğu təmin edilməlidir;
9.10.2. bu Qaydanın tələblərinə uyğun olaraq Agentliyin təşkilata girişi və sənədlərə əlçatanlığı təmin edilməlidir;
9.10.3. sertifikat üzrə səlahiyyətlər bütünlüklə digər şəxslərə ötürülməməli və ya sertifikat ləğv edilməməlidir (bu hallarda sertifikat dərhal Agentliyə qaytarılmalıdır).
9.11. Ərizəçinin müraciəti əsasında sertifikatların etibarlılıq müddəti uzadılır və ya ərizəçiyə yeni sertifikat təqdim edilir. Hər iki halda sertifikat sahibi və ya ərizəçi bu Qaydanın və Agentliyin müəyyən etdiyi tələblərə uyğunluğu yenidən nümayiş etdirməlidir.
9.12. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:
9.12.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə bu Qaydanın tələblərinə uyğun olmayan məlumatlar olduqda (çatışmazlıqlarla bağlı ərizəçiyə məlumat verildiyi hallar istisna olmaqla);
9.12.2. ərizəçi bu Qayda ilə müəyyən edilmiş tələbləri yerinə yetirmədikdə.
10. Sertifikatların forması
10.1. Agentlik tərəfindən təqdim edilən sertifikatlarda ən azı aşağıdakılar göstərilməlidir:
10.1.1. sertifikatın verilmə tarixi və qeydiyyat nömrəsi;
10.1.2. sertifikatı verən orqanın adı və ünvanı;
10.1.3. sertifikat sahibi barədə məlumatlar;
10.1.4. əgər varsa, sertifikatın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);
10.1.5. səlahiyyətin növü və icazə verilən hərəkət;
10.1.6. məhdudiyyətlər (əgər varsa);
10.1.7. səlahiyyətli şəxsin imzası.
11. Sertifikatların qüvvəsinin dayandırılması, ləğvi və ya sertifikatla verilmiş səlahiyyətlərin məhdudlaşdırılması
11.1. Bu Qaydanın tələblərinə uyğun olaraq verilmiş sertifikatlar üzrə tələblər yerinə yetirilmədikdə və ya sənədin sahibi bu Qaydanın tələblərinə uyğun gəlmədikdə Agentlik tərəfindən sertifikatla verilmiş səlahiyyətlər məhdudlaşdırıla, sertifikatın qüvvəsi dayandırıla və ya sertifikat ləğv edilə bilər.
11.2. Sertifikatın ləğv edilməsi və ya qüvvəsinin dayandırılması barədə qərar Agentlik tərəfindən qəbul edilir. Bu zaman sertifikat sahibi Agentliyin verdiyi qərara əsasən sertifikat imtiyazlarından istifadə edə bilməz.
11.3. Agentlik sertifikatın qüvvəsini dayandırmazdan və ya onu ləğv etməzdən əvvəl sənədin sahibinə əsası göstərilməklə dayandırılma və ya ləğv edilməsi barədə bildiriş göndərir.
11.4. Sertifikatın qüvvəsi dayandırıldıqda və ya ləğv edildikdə sənədlər dərhal Agentliyə qaytarılmalıdır.
11.5. Qüvvəsi dayandırılmış sertifikatın etibarlılığı aşkar edilmiş pozuntuların aradan qaldırılmasından sonra bərpa edilə bilər.
12. Yekun müddəalar
12.1. Bu Qaydaya uyğun olaraq kabinə heyətinə təlim keçən təşkilatlara, o cümlədən onların bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikat verilməsi ilə bağlı tələblər Agentliyin təsdiq etdiyi təlimatlara uyğun olaraq müəyyən edilir.
12.2. Bu Qaydada nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə ümumi nəzarəti Agentlik həyata keçirir. _________________________________________