AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Hava limanları və (və ya) aerodromların layihələndirilməsi və istismarına dair Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Hava limanları və (və ya) aerodromların layihələndirilməsi və istismarına dair Tələblər" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 19 " " fevral " 2025-ci il № 29
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 19 " fevral tarixli 29 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Hava limanları və (və ya) aerodromların layihələndirilməsi və istismarına dair Tələblər
1. Ümumi müddəalar
1.1. Bu Tələblər "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 10.5-ci və 10.11-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və hava limanları və (və ya) aerodromların layihələndirilməsi və istismarına dair tələbləri müəyyən edir.
1.2. Bu Tələblərlə tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra - Konvensiya) və Konvensiyaya 14 nömrəli Əlavə - "Aerodromlar" (Cild 1) (bundan sonra - Konvensiyaya 14 nömrəli Əlavə) ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən "Doc 9137 1-9-cu hissələr, hava limanı xidmətlərinə dair təlimat", "Doc 9157 1-6-cı hissələr, aerodrom layihələndirilməsinə dair təlimat", "Doc 9184, hava limanının planlaşdırılmasına dair təlimat", "Doc 9774, aerodromların sertifikatlaşdırılmasına dair təlimat" və "Doc 9981, aerodromlar" sənədlərinə uyğun olaraq həyata keçirilir.
2. Əsas anlayışlar
2.1. Bu Tələblərdə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. aerodromun istismarına dair təlimat - uyğunluq sertifikatının alınması üçün ərizə ilə birgə təqdim edilən təlimat;
2.1.2. Aeronaviqasiya İnformasiya Xidmətləri — aeronaviqasiyanın təhlükəsizliyi, müntəzəmliyi və səmərəliliyi üçün zəruri olan aeronaviqasiya məlumatlarının və aeronaviqasiya məlumatlarının təmin edilməsinə cavabdeh olan müəyyən əhatə dairəsi daxilində yaradılmış xidmət;
2.1.3. fövqəladə hallar üçün fəaliyyət planı — hava limanında və onun yaxın ətrafında baş verən fövqəladə hallar zamanı dövlət orqanları (qurumları) və xidmət təminatçıları tərəfindən yerinə yetirilən zəruri tədbirləri özündə ehtiva edən və onların fəaliyyətini əlaqələndirən plan;
2.1.4. fövqəladə halların idarə olunması mərkəzi — hava limanında baş verəcək fövqəladə hallarda əməliyyatların koordinasiya olunması və dəstəklənməsi üçün təyin edilmiş yer;
2.1.5. hərəkət sahəsi — hava gəmisinin havaya qalxması, yerə enməsi və yerdə hərəkəti üçün aerodromun istifadə edilən, manevr sahəsi ilə perronun daxil olduğu hissəsi;
2.1.6. istifadəyə yararsız ərazilər — hərəkət sahəsində hava gəmisi ilə yerinə yetirilən əməliyyatlar zamanı hava gəmisinin zədələnməsinə gətirib çıxara bilən və belə əməliyyatlar üçün yararsız olan ərazi;
2.1.7. işarələnmə — aeronaviqasiya məlumatlarının ötürülməsi üçün hərəkət sahəsinin səthi üzərində yerləşdirilən simvollar və ya simvollar qrupu;
2.1.8. kritik hava gəmisi — aerodromun təmin etməli olduğu müvafiq fiziki infrastruktur elementlərinə, vasitələrinə, xidmətlərinə ən sərt tələblər irəli sürən hava gəmisinin növü;
2.1.9. qurğu və avadanlıqlar — aerodromun sərhədləri daxilində və ya sərhədlərindən kənarda yerləşən, hava gəmisinin uçub gəlməsi, getməsi və ya yerdə hərəkəti üçün düzəldilmiş və ya quraşdırılmış və işlək vəziyyətdə saxlanılan hər hansı vasitə və ya avadanlıqlar;
2.1.10. maneə — hər hansı hərəkətli və ya hərəkətsiz (müvəqqəti və ya daimi), o cümlədən mobil obyektlər, yaxud onların hissələri:
2.1.10.1. hava gəmilərinin yerüstü hərəkəti üçün nəzərdə tutulmuş məkanda yerləşdirilib;
2.1.10.2. uçuş zamanı hava gəmilərinin qorunması üçün təyin edilmiş Konvensiyaya 14 nömrəli Əlavənin 4-1-ci və 4-2-ci cədvəllərindəki səthlərin ölçülərini keçən;
2.1.10.3. aeronaviqasiya üçün təhlükə kimi qiymətləndirilmiş Konvensiyaya 14 nömrəli Əlavənin 4-1-ci və 4-2-ci cədvəllərindəki səthlərin ölçülərindən kənarda olan;
2.1.11. manevr sahəsi — perron istisna olmaqla, aerodromun hava gəmisinin havaya qalxması, yerə enməsi və yerdə hərəkəti üçün nəzərdə tutulmuş hissəsi;
2.1.12. marker — maneəni və sərhədi göstərmək üçün yer səviyyəsi üzərində yerləşdirilən obyekt;
2.1.13. sertifikatlaşdırılmış aerodrom — aerodrom sertifikatına malik istismarçısı olan aerodrom;
2.1.14. sürmə yolu — yerüstü aerodromun üzərində yerləşən, hava gəmilərinin yerdə hərəkəti və aerodromun bir hissəsinin digər hissəsi ilə birləşdirilməsi üçün nəzərdə tutulan müəyyən yol. Bu yola aşağıda qeyd edilənlər də daxildir:
2.1.14.1. hava gəmisinin dayanacaqda hərəkəti üçün nəzərdə tutulan zolaq:
perronun sürmə yolu kimi müəyyən edilən və yalnız hava gəmilərinin dayanacaqlara yanaşmasını təmin etmək üçün nəzərdə tutulan hissəsi;
2.1.14.2. perron sürmə yolu: sürmə yolları sisteminin perronun üzərində yerləşən və hava gəmilərinin perrondan keçməklə yerdə hərəkət marşrutunu təmin etmək üçün nəzərdə tutulan hissəsi;
2.1.14.3. sürətli çıxış üçün sürmə yolu: uçuş-enmə zolağına iti bucaq altında birləşən və yerə enən hava gəmilərinin, uçuş-enmə zolağından çıxmaq üçün nəzərdə tutulan digər sürmə yollarına münasibətdə daha artıq sürətlə uçuş-enmə zolağından çıxması və bununla da uçuş-enmə zolağında qalma müddətinin minimuma endirilməsinə imkan verən yol;
2.1.15. uçuş-enmə zolağı — hava gəmilərinin yerə enməsi və qalxması üçün hazırlanmış müəyyən düzbucaqlı sahə.
2.2. Bu Tələblərdə istifadə olunan digər anlayışlar Qanunla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və Konvensiyaya 14 nömrəli Əlavə ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
3. Hava limanı və (və ya) aerodromların layihələndirilməsi
3.1. Uçuşların təhlükəsizliyi ilə əlaqədar hava limanları və aerodromların inşası və yenidən qurulması bu Tələblərin 1.1-ci bəndi ilə müəyyən edilmiş sənədlərin beynəlxalq standartları və tövsiyələrinə uyğun həyata keçirilməlidir.
3.2. Hava limanları və aerodromların inşası və yenidən qurulması zamanı tikinti layihələrinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.2-ci maddəsinin tələblərinə uyğun olaraq mülki aviasiyaya münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə (bundan sonra — aidiyyəti üzrə qurum) razılaşdırılması həyata keçirilir.
3.3. Tikinti layihələri beynəlxalq sənədlərin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, eləcə də aşağıdakı məlumatlar daxil edilməklə hazırlanır:
3.3.1. hava limanı və (və ya) aerodromun perimetri üzrə quraşdırılmış mühafizə hasarlarının yeri;
3.3.2. "WGS-84" üzrə "DD°MM'SS. s" formatında obyektin coğrafi koordinatları;
3.3.3. hava limanının və (və ya) aerodromun yerləşdirilməsi planlaşdırılan ərazidə yer səthinin mütləq (dəniz səviyyəsindən) hündürlüyü;
3.3.4. aerodromun istinad kodu;
3.3.5. istifadə olunacaq ən kritik hava gəmisi;
3.3.6. aerodromun fiziki xarakteristikaları;
3.3.7. layihənin Konvensiyaya 14 nömrəli Əlavənin 4-1-ci və 4-2-ci cədvəllərindəki səthlərin ölçülərinə uyğunluğunun təsviri;
3.3.8. aerodromda istifadə olunan vizual vasitələrin yerləşməsi;
3.3.9. xilasetmə və yanğınsöndürmə üzrə aerodromun kateqoriyası;
3.3.10. yanğın deposunun yeri;
3.3.11. elektrik sistemlərinin dizaynı;
3.3.12. elektrik mənbələri.
4. Hava limanının (və ya aerodromun) uzunmüddətli inkişaf planı
4.1. Aerodrom istismarçıları tərəfindən iqtisadi məqsədəuyğunluq, nəqliyyatla bağlı gələcək planlar və hava gəmisi istismarçılarının cari və gələcək dövr üçün tələbləri nəzərə alınmaqla, sertifikatlaşdırılmış hava limanının (və ya aerodromun) ölçüsündən, mürəkkəbliyindən və rolundan asılı olmayaraq "Doc 9184, hava limanının planlaşdırılması təlimatı"na uyğun uzunmüddətli inkişaf planı tərtib olunmalıdır.
4.2. Nəqliyyat tutumunun gözləniləndən çox olmasının, hava və iqlim şəraitinin dəyişməsinin, habelə təhlükəsizlik və ya ətraf mühitin mühafizəsi ilə bağlı problemlərin həllinə yönəlmiş irimiqyaslı işlərin görülməsinin hava limanı (və ya aerodromda) hava əlaqələrinə və hava nəqliyyatı sahəsində fəaliyyətə mane olması səbəblərindən hava limanının (və ya aerodromunun) buraxılış qabiliyyəti az olduqda aerodrom istismarçısı tərəfindən hava limanının (və ya aerodromun) uzunmüddətli inkişaf planı tərtib edilə bilər.
4.3. Uzunmüddətli inkişaf planı mərhələli tətbiq planı daxil edilmiş prioritetlər cədvəlini özündə ehtiva etməli, cari və gələcək hava limanı (və ya aerodrom) hərəkətliliyi nəzərə alınmaqla tədricən yenilənməlidir.
5. Aerodromun istismarı ilə bağlı yerinə yetirilməli olan ilkin tələblər
5.1. Aerodrom istismardan əvvəl sertifikatlaşdırılmalı və aerodromun istismarına dair təlimat (bundan sonra — Aerodrom Təlimatı) olmalıdır. Aerodrom Təlimatı aerodrom istismarçısının rəhbəri tərəfindən imzalanmalı, aidiyyəti üzrə qurum tərəfindən təsdiq edilməli və maraqlı tərəflərə göndərilməlidir.
5.2. Aerodrom Təlimatının məqsədi aerodromun xidməti personalına aerodromda hava gəmilərinin istismar edilməsinin təhlükəsiz olması üzrə öz vəzifələrini effektiv qaydada icra etmək imkanı vermək üçün zəruri ola biləcək tələb və göstərişləri təmin etməkdir.
5.3. Aerodromun istismarı zamanı alternativ tədbirlər, əməliyyat prosedurları və istismar tələbləri Aerodrom Təlimatında ətraflı təsvir olunmalı, aerodromun yerləşdiyi ərazi, vasitələr, avadanlıqlar, xidmətlər, istismar prosedurları, qəza planlaşdırması, təhlükəsizliyin idarə edilməsi sistemi daxil olmaqla, təşkilati struktur və idarəetmə sistemi ilə əlaqədar müvafiq məlumatları əhatə etməli və mütəmadi nəzərdən keçirilməlidir.
5.4. Hava gəmilərinin istismarı ilə əlaqədar aerodromda tətbiq olunan alternativ tədbirlər, istismar qaydaları və məhdudiyyətlər barədə məlumatlar yayımlanmalıdır.
5.5. Aerodrom istismarçısı əlverişsiz hava şəraitində (o cümlədən qış fəslində) aerodrom istismarı üçün təhlükəsiz şəraitin təmin edilməsi üçün vasitələrin və prosedurların müəyyən edilməsini və həyata keçirilməsini təmin etməlidir.
5.6. Aerodrom istismarçısı hava gəmiləri üçün yanacağın saxlanması və paylanması ilə məşğul olan təşkilatların hava gəmilərinin təmiz və müvafiq tələblərə uyğun yanacaqla təmin olunmasını nəzərdə tutan prosedurlara malik olmasını yoxlamalıdır.
6. Aerodromun iş planları
6.1. Aerodrom işlərinin istismar, texniki xidmət və təkmilləşdirmə ilə əlaqədar aerodromdakı bütün digər fəaliyyətlərlə koordinasiya edilməklə həyata keçirilməsinə dair məsələləri müəyyən edən iş planı tərtib olunmalı və aidiyyəti üzrə qurum tərəfindən təsdiq edilməlidir.
6.2. İş planını tərtib edərkən aerodrom istismarçısı aşağıda qeyd edilən maraqlı tərəflərlə məsləhətləşmələr aparmalıdır:
6.2.1. aerodromdan istifadə edən hava gəmisinin istismarçıları;
6.2.2. aerodromun dispetçer məntəqəsi;
6.2.3. görüləcək işin miqyası və təsiri, habelə aerodromda hava gəmisi ilə yerinə yetirilən əməliyyatların uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aerodromdakı Xilasetmə və Yanğınsöndürmə Xidməti (iş planı fəaliyyətinə təsir etdiyi halda).
6.3. Aerodrom istismarçısı Aeronaviqasiya İnformasiya Xidmətlərini, aerodromun dispetçer xidməti orqanını, hava gəmisinin istismarçılarını, eləcə də aerodromun digər istifadəçiləri və xidmət təminatçılarını görülməli işlərin miqyası və müddətlərini göstərən, aydın başa düşülən və təfsilatlı bildirişlə təmin etməlidir.
6.4. İş planı işlərin yerinə yetirilməsi müddəti ərzində və ya bu işlər tamamlandıqdan sonra meydana gələ biləcək hər hansı xüsusi tələblər və ya məhdudiyyətlərin təfsilatlarını nəzərdə tutmalıdır.
6.5. İş planı işlərin yerinə yetirildiyi müddət ərzində qəza vəziyyətləri və ya əlverişsiz hava şəraitlərinin baş verdiyi zaman həyata keçirilməli olan xüsusi tədbirlərin təfsilatlarını nəzərdə tutmalıdır.
6.6. Aerodrom istismarçısı aerodrom işlərinin həyata keçirildiyi müddət ərzində aerodromun hava gəmisi ilə yerinə yetirilən əməliyyatlara qapalı olmasını təmin etdiyi halda iş planı tələb olunmur.
6.7. Aidiyyəti üzrə qurum, hava gəmisinin istismarçısı, aerodromun bağlanmasının təsirinə məruz qala biləcək bütün digər şəxslər aerodromun bağlanmasına dair əsaslandırılmış aerodrom istismarçısından bildiriş almalıdır. Aerodrom istismarçısının aerodromun hava gəmisi ilə yerinə yetirilən əməliyyatlara qapanmasını təmin etməsi üçün bu barədə məlumatı özündə əks etdirən Aeronaviqasiya Məlumatlar Toplusuna (bundan sonra — AİP) daxil edilənədək məlumatların dərc olunduğu sənəd (bundan sonra — AİP-ə Əlavə) və ya belə qapanmadan 14 (on dörd) iş günü əvvəl Aeronaviqasiya Məlumat Xidmətinin heyətə vaxtında çatdırılması mühüm olan məlumatlardan ibarət bildirişlər (bundan sonra — NOTAM) verilməlidir.
6.8. Manevr sahəsinə dəymiş zərəri bərpa etmək və ya maneəni aradan qaldırmaq məqsədilə qəza hallarında yerinə yetirilən aerodrom işləri üçün və ya belə aerodrom işi hava gəmisi ilə yerinə yetirilən əməliyyatlara hər hansı məhdudiyyətin qoyulmasını tələb etmədiyi hallarda iş planının mövcud olması tələb olunmur.
7. Aerodromun istinad kodu
7.1. Aerodromları layihələndirən zaman Konvensiyaya 14 nömrəli Əlavəyə uyğun olaraq Aerodromun İstinad Kodu (kod rəqəmi və hərfi) seçilməli və təyyarələrin xarakteristikalarına uyğun müəyyən edilməlidir. Aerodromun qurğu və vasitələri həmin təyyarələr üçün nəzərdə tutulmalıdır.
7.2. Aerodromun İstinad Kodu aerodromda istismar edilməsi üçün nəzərdə tutulan təyyarələrə uyğun olan bir sıra aerodrom vasitələrini təmin etmək məqsədilə aerodromların xarakteristikaları ilə əlaqədar çoxsaylı xüsusiyyətlərin bir-biri ilə qarşılıqlı əlaqəyə girməsini təmin etməlidir.
8. Aerodromun idarə edilməsi və təşkilati strukturu
8.1. Aerodromun fəaliyyət göstərməsi üçün effektiv idarəetmə strukturu mövcud olmalıdır. Rəhbərlərin və xidmət göstərən personalın səlahiyyətləri yazılı şəkildə, aydın olaraq müəyyən edilməli və idarəetmə səviyyələrinin iyerarxiyası təsbit edilməlidir.
8.2. Təyinatların sayı və xarakteri, aerodromun ölçüsü, eləcə də mürəkkəbliyindən asılı olaraq iş yükü hesablanmalı və işçi sayı iş yükünə uyğun olmalıdır.
8.3. Aerodrom istismarçısı idarəetmənin təşkilinin adekvat olmasını və istismar mühitinə, eləcə də öhdəliklərə lazımi qaydada uyğun gəlməsini təmin etməlidir.
8.4. Aerodrom istismarçısının personalı müvafiq təcrübənin və səriştəliliyin artırılması məqsədilə mütəmadi olaraq təkmilləşdirmə kurslarında iştirak etməlidir.
8.5. Əsas əməliyyatlar və texniki xidmət personalı ilə əlaqədar vəzifələr Aerodrom Təlimatında sadalanmalıdır.
8.6. Aerodrom istismarçısı rəhbər heyəti ilə əlaqədar təyinatlarda və onların funksiyalarında nəzərdə tutulan dəyişikliklər barədə aidiyyəti üzrə quruma bildiriş göndərməlidir.
8.7. Texniki xidmətlə əlaqədar fəaliyyətlərin və ya hava gəmisinə yerüstü xidmət göstərilməsinin birbaşa olaraq aerodrom istismarçısı tərəfindən deyil, kənar xidmət təminatçıları tərəfindən həyata keçirildiyi hallarda, bu məsələləri koordinasiya etməli və texniki xidmət təminatçıları və ya yerüstü xidmət ilə aerodrom istismarçısı davamlı əlaqəni təmin etməlidir.
8.8. Xidmət təminatçılarının və (və ya) təşkilatların təcrübələrini, avadanlıqlarını, təşkilini, işçi heyətini, təlimini və digər tədbirlərini nəzərə alaraq xidmət göstərmələri üçün səriştəli olması aerodrom istismarçısının öhdəliyinə aiddir.
8.9. Aerodrom istismarçısı qurğu və avadanlıqlarına lazımi və səmərəli texniki xidmət göstərilməsini təmin etməlidir.
8.10. Aerodrom istismarçıları aerodromlarda aşağıda qeyd edilənləri təmin etməlidirlər:
8.10.1. aerodromla əlaqədar hava məkanında hava gəmilərinin uçuş təhlükəsizliyinin reallaşdırılması məqsədilə müvafiq hava nəqliyyatı xidmətlərinin mövcudluğu;
8.10.2. aeronaviqasiya məlumatı xidmətləri, meteoroloji xidmətlər, təhlükəsizliyin təmin olunması və uçuşların təhlükəsizliyi ilə əlaqədar digər xidmətlərin mövcud olmasını.
9. Aerodromun xidməti personalı və personalın səriştəsi
9.1. Aerodrom istismarçısı aerodromun istismar edilməsi və ona texniki xidmət göstərilməsi üzrə fəaliyyətləri həyata keçirmək məqsədilə lazımi sayda ixtisaslı və təcrübəli əməkdaşlara və xidməti personala malik olmalıdır.
9.2. Vəzifə funksiyalarına uyğun təhsil almış şəxsləri işə qəbul etməlidir.
9.3. Vəzifə funksiyalarına uyğun olaraq işçilərin təlimlərə cəlb edilməsi təmin olunmalıdır.
9.4. İşçi heyətinin keçməsi tələb olunan, səriştənin yoxlanılması üzrə sınaq daxil olmaqla təlimlə əlaqədar müddəaların təfsilatları Aerodrom Təlimatında qeyd edilməlidir.
9.5. Aerodrom personalı işin xüsusiyyətlərinə uyğun olaraq əməliyyatları yerinə yetirmək üçün tələb olunan alət və avadanlıqlarla təmin olunmalıdır.
9.6. Aerodrom istismarçısı uçuşların təhlükəsizliyinə dair qeydlərin qorunmasının sistematik vasitələrini təmin etmək məqsədilə keyfiyyətə nəzarət sisteminə malik olmalıdır.
9.7. Uçuşların təhlükəsizliyinə dair qorunub saxlanılmalı olan qeydlərin minimum siyahısı və bu qeydlərin qorunması üçün nəzərdə tutulan minimum müddətlər təyin edilməlidir.
10. Aerodromda əməyin mühafizəsi
10.1. Aerodrom istismarçısı hava gəmisi ilə yerinə yetirilən əməliyyatları təhlükəyə məruz qoymamaq üçün aerodromda həyata keçirməli olan işləri planlaşdırmalı və yerinə yetirilməlidir.
10.2. Aerodrom istismarçısı tərəfindən təqdim edilən Aerodrom Təlimatında aerodromda bu iş fəaliyyətlərinin planlaşdırılması və təhlükəsiz formada həyata keçirilməsi üzrə prosedurların təfsilatlarını daxil etməlidir.
10.3. Aerodrom istismarçısı aşağıda qeyd edilən məqsədlər üçün Aerodrom Təlimatında aerodromda həyata keçirilməli olan işlərin necə yerinə yetirilməli olduğunu göstərməlidir:
10.3.1. aerodromda həyata keçirilməli olan işlərin aerodrom əməliyyatlarına fasilə verilməsini tələb edən işlər olduğu hallarda, bu işlərin qabaqcadan lazımi şəkildə planlaşdırmaqla həyata keçirilməsi;
10.3.2. aerodromda həyata keçirilməli olan işlər texniki xidmət xarakterli işlər olduğu zaman, bu işlərin hava gəmisi ilə yerinə yetirilən normal əməliyyatların dayandırılmasını zəruri etməyən, hərəkət sahəsinin normal uçuşların təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğunluğunun bərpa edilməsinə və işlərin icrası nəticəsində ortaya çıxmış maneələrin aradan qaldırılmasına 10 (on) dəqiqədən çox olmayan müddət ərzində imkan verən, məhdud zaman çərçivəsində yerinə yetirilməli olan işlər kimi həyata keçirilməsidir. Hər bir fəaliyyətin xarakteri və miqyasından asılı olaraq, müəyyən zaman çərçivəsi ilə məhdudlaşdırılan işlərə işarələrə və işıqlara texniki xidmət göstərilməsi, ot örtüyünün biçilməsi, üzərində hava gəmisinin hərəkət etdiyi süni örtüklərin təmizlənməsi ilə əlaqədar işlər, baxış, təftişlər və s. işləri daxil etmək olar.
10.4. Aerodrom Təlimatına uyğun olaraq, dispetçer xidməti orqanı nəzarət edilən aerodromda bu Tələblərin 10.3.2-ci yarımbəndində göstərilən vaxt məhdudiyyətlərinə dəyişiklik edə bilər. Bu dəyişikliyin məqsədi normal uçuşların təhlükəsizliyi ilə bağlı beynəlxalq standartların və ya aerodromda həyata keçirilən işlərin icrasına yenidən başlanılmasıdır.
11. Aerodrom əməliyyatlarına dair məlumat bazası
11.1. Aerodrom istismarçısı hava limanının işinə uyğun olaraq istifadə edilməsi, hava limanının planlaşdırılması və effektiv fəaliyyəti üçün zəruri olan uyğun (adekvat) xəritə, sxemlər, təlimat materialları, istismara dair təlimatlar və digər sənədlər üçün məlumat bazasına malik olmalıdır.
11.2. Təlimatlara, sənədlərə və təlimat materiallarında düzəliş edilməsi və bu düzəlişlərin əlaqədar işçi heyətinin nəzərinə çatdırılması üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Düzəlişlərin qeydiyyatı aparılmalı və məlumatın əlaqədar işçi heyətinə effektiv çatdırılmasını təmin edən sistem mövcud olmalıdır.
11.3. Saxlanılan və tələb olunduqda əlaqədar işçi heyəti tərəfindən istifadə edilməsində məhdudiyyət olmayan sənədlərin və nəşrlərin minimum siyahısı tərtib edilməlidir.
11.4. Aerodrom Təlimatında təcili və ya müvəqqəti məlumatın aerodromun xidmət personalına və texniki xidmət heyətinə çatdırılması üçün sistemli prosedur daxil edilməlidir.
11.5. Aerodrom istismarçısı müxtəlif rəsmi forma və qeydləri öz xidmət personalının istifadəsinə təqdim etməlidir. Əgər bu forma və sənədlərdə istifadə qaydası göstərilməzsə, onların doldurulması üçün təlimat xarakterli göstərişlər Aerodrom Təlimatına daxil edilməlidir.
11.6. Uçuşların təhlükəsizliyi ilə bağlı formaların, yəni uçuş-enmə zolağı, sürmə yolu, perron, avadanlıq, işarələr, işıq-siqnal sistemi və digərlərinin yoxlanılmasına aid formaların, quşlarla toqquşma hadisəsinə dair səs qeydlərinin, həmçinin aviasiya hadisəsi və insidentlərinə dair hesabatların surətləri və qeydlərindən istifadə etməli olan bütün işçi heyətinin bu məlumatlara çıxışı üçün məhdudiyyət olmamalıdır.
12. AIP və NOTAM fəaliyyəti
12.1. Aerodrom istismarçısı ona məxsus aerodromda uçuşların təhlükəsizliyi ilə bağlı göstərilməli olan digər xidmətlərlə yanaşı Aeronaviqasiya İnformasiya Xidmətlərinin də mövcud olmasını təmin etməlidir.
12.2. Aerodrom istismarçısı Aeronaviqasiya İnformasiya Xidmətləri təchizatçısı tərəfindən verilən hər bir AIP, AIP-ə Əlavə, AIP-ə Düzəliş (AIP-ə daxil olunan məlumatlarda edilən düzəlişlərin dərc olunduğu sənəd), NOTAM, Uçuşqabağı Məlumat Bülleteni və Aeronaviqasiya İnformasiyası Sirkulyarını aldıqdan sonra onları yoxlamalıdır.
12.3. Aerodrom istismarçısı bu Tələblərin 12.2-ci bəndində göstərilən yoxlama zamanı ortaya çıxan və onun aerodromuna aid olan hər hansı qeyri-dəqiq məlumat barədə Aeronaviqasiya İnformasiya Xidmətləri təchizatçısını dərhal məlumatlandırmalıdır.
12.4. Aerodrom istismarçısı aerodrom vasitələri və ya avadanlıqlarına, eləcə də aerodromdakı xidmət səviyyəsinə hər hansı dəyişiklik barədə bu dəyişiklik edilməzdən əvvəl Aeronaviqasiya İnformasiya Xidmətlərini yazılı şəkildə məlumatlandırmalıdır.
12.5. Aerodrom istismarçısı planlaşdırılan müxtəlif növ dəyişikliklər barədə Aeronaviqasiya İnformasiya Xidmətlərini məlumatlandırmaq məqsədilə tələb olunan vaxtı müəyyən etmək üçün öz iş fəaliyyətini Aeronaviqasiya İnformasiya Xidmətləri ilə koordinasiya etməlidir.
12.6. Aerodromla əlaqədar aeronaviqasiya məlumatlarının müəyyənləşdirilməsi və hesabat aeronaviqasiya məlumatlarının son istifadəçilərinin ehtiyaclarını ödəmək üçün tələb olunan dəqiqlik və bütövlük təsnifatına uyğun olmalı və Aeronaviqasiya Məlumatlar Mərkəzinə məruzə edilməlidir.
13. Uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi
13.1. Aerodromda əməliyyatların yerinə yetirilməsi və aerodroma texniki xidmət göstərilməsi məqsədilə aerodrom istismarçıları uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemini tətbiq etməlidirlər.
13.2. Uçuşların təhlükəsizliyinin təmin edilməsi və təkmilləşdirilməsi məqsədilə risklərin qabaqlayıcı tədbirlər əsasında həll edilməsi üzrə təhlükəsizliyin idarə edilməsi prinsipləri təbliğ edilməli və bütün sahələr üzrə yerinə yetirilən fəaliyyətin ümumi təhlükəsizlik göstəricilərinin effektivliyi təmin olunmalıdır.
13.3. Bütün xidmət təminatçıları uçuşların təhlükəsizliyinin idarə edilməsi ilə bağlı beynəlxalq sənədlərin standartları və tövsiyələrinə, habelə Azərbaycan Respublikasının aviasiya sahəsində normativ hüquqi aktlarına əsaslanmalı, onları aerodroma tətbiq etməlidir.
14. Uçuş-enmə zolağının təhlükəsizliyi
14.1. Aerodrom istismarçısı uçuş-enmə zolağına icazəsiz daxil olmaların, icazəsiz xaric olmaların və çaşqınlıqların qarşısını müxtəlif effektiv üsullarla almalıdır.
14.2. Uçuş-enmə zolağının təhlükəsizliyi ilə bağlı təhlükələr effektiv müəyyən edilməli, risklər azaldılmalı, müxtəlif maraqlı tərəflər arasında koordinasiya və əməkdaşlıq təşkil olunmalı, uçuş-enmə zolağının təhlükəsizliyi üzrə fəaliyyət planları hazırlanmalı və uçuş-enmə zolağının təhlükəsizliyi üzrə qrup yaradılmalı, təhlükəsizlik məlumatları toplanmalı, aidiyyəti qurumlar ilə (təhlükəsizliyi təmin edən, eləcə də təhlükəsizliyin təminində maraqlı olan) paylaşılmalı və mübadiləsi aparılmalıdır.
15. Aerodromlara texniki xidmət göstərilməsi
15.1. Aerodrom istismarçısı süni örtüklərə, uçuş-enmə zolağının örtüyünün üst qatlarına və vizual vasitələrə texniki xidmət göstərilməsini beynəlxalq sənədlərin standartları və tövsiyələrinə, habelə Azərbaycan Respublikasının aviasiya sahəsində normativ hüquqi aktlarına uyğun təmin etməli və aerodroma tətbiq etməlidir.
15.2. Hava gəmisini zədələyə və bort sistemlərinin fəaliyyətinə mənfi təsir edə biləcək hər hansı obyektlərin (və ya tullantıların) yaranmasının qarşısını almaq və ya onları aradan qaldırmaq məqsədilə süni örtüklər (uçuş-enmə zolaqları, sürmə yolları və perronlar) daxil olmaqla, bütün hərəkət sahələrinin səthləri, eləcə də yaxınlıqdakı ərazilər aerodromun profilaktik və plandan kənar texniki xidmət proqramı çərçivəsində təftiş edilməli və onların vəziyyəti müntəzəm olaraq monitorinq olunmalıdır.
15.3. Aerodromda uçuş-enmə zolağı, sürmə yolu, perron və müvafiq qurğulara dair tələb olunan fiziki xarakteristikalara dair xüsusiyyətlər Konvensiyaya 14 nömrəli Əlavəyə və Azərbaycan Respublikasının aviasiya sahəsində normativ hüquqi aktlarına uyğun müəyyən edilir.
16. Nəqliyyat və rabitə vasitələrinin istismarı
16.1. Aerodromda yerüstü hərəkətin idarə edilməsi və ona nəzarət edilməsi sistemi təmin edilməlidir.
16.2. Aerodrom istismarçısı hərəkət zonasında fəaliyyət göstərən bütün sürücülərin hazırlanmasını, qiymətləndirilməsini və aerodromda sürməyə icazə verilməsi prosedurlarını müəyyən etməli və həyata keçirməlidir.
16.3. Hava hərəkətinin idarə edilməsi xidməti göstərilən aerodromlarda aerodrom işlərini yerinə yetirən tərəflərin hərəkət sahəsində istifadə etdiyi nəqliyyat vasitələri aerodromun dispetçer məntəqəsi ilə ikitərəfli kommunikasiyaya imkan verən avadanlıqla və rabitə əlaqəsi qurmaq üçün çağırış siqnalı ilə təchiz edilməlidir.
16.4. Aerodromun dispetçer xidməti orqanı ilə ikitərəfli kommunikasiyaya imkan verən radio ilə təchiz edilmiş nəqliyyat vasitələrinin sürücüləri lazımi qaydada təlimdən keçməli və onların radiolarının işlək vəziyyətdə olmasının yoxlanılması və hərəkət sahəsində işləyən zaman daimi olaraq işlək olmasına məsuliyyət daşımalıdır.
17. Nişanlar, işarələr, işıqlar və markerlər
17.1. Aerodromda olan və aerodrom işlərinin yerinə yetirilməsi üçün tələb olunan və ya bu işlərin təsirinə məruz qalan nişanlar, işarələr, işıqlar və markerlər beynəlxalq sənədlərin standartları və tövsiyələrinə, habelə Azərbaycan Respublikasının aviasiya sahəsində normativ hüquqi aktlarına uyğun olaraq nizamlanmalı və ya quraşdırılmalıdır.
17.2. Hərəkət sahəsinin aerodrom işlərinin yerinə yetirilməsi səbəbindən istifadəyə yararsız olan hissələri, yaranan maneələr, eləcə də aerodrom işlərinin yerinə yetirilməsində istifadə edilən nəqliyyat vasitələri və avadanlıqlar Konvensiyaya 14 nömrəli Əlavəyə uyğun olaraq işarələnməli və işıqlandırılmalıdır.
17.3. Aerodrom istismarçısı qurğu və avadanlıqlarına dair xüsusi tələbləri və vizual vasitələrin enerji təminatının ehtiyat mənbəyi, elektrik sistemlərinin dizaynı və işıq sistemlərinin istismara yararlılığının monitorinqini Konvensiyaya 14 nömrəli Əlavəyə, habelə ondan irəli gələn təlimatlarına və Azərbaycan Respublikasının aviasiya sahəsində normativ hüquqi aktlarına uyğun təmin edilməlidir.
18. Hava gəmisinin hərəkət sahələrinə yaxın yerlərdə görülən işlər
18.1. Aerodrom istismarçısı hava gəmisinin hərəkət sahəsinin yaxınlığında icazə verilən işlərin həcmini müəyyən etmək üçün maneələrə nəzarət etməlidir.
18.2. İcra prosesində görülən işlərlə əlaqədar dəyişikliklər nəticəsində ortaya çıxan potensial riskləri minimuma endirmək üçün hava gəmisinin hərəkət sahəsində, uçuş zolaqlarında və ya bu hərəkət sahəsi və uçuş zolağının yaxınlığında həyata keçirilən işlər mümkün olduğu qədər tez bir zamanda yerinə yetirilməlidir.
18.3. İşlərin uçuş zolaqlarının hüdudları daxilində yerləşən naviqasiya və enişin köməkçi vasitələrinin yaxınlığında yerinə yetirilməsi tələb olunduqda, bu işlərin, yaxud nəqliyyat vasitələrinin və ya avadanlıqların həmin köməkçi vasitələrin istismar xarakteristikalarına təsir etməməsini təmin etmək üçün müvafiq tədbirlər görülməlidir.
18.4. Aerodrom işləri tamamlandıqdan və hərəkət sahəsində uçuşların təhlükəsizliyinin beynəlxalq standartları bərpa edildikdən sonra aerodrom istismarçısı bu işlərlə əlaqədar hazırlanmış AIP Əlavəsini və NOTAM-ı ləğv etməlidir.
18.5. Hava gəmisi ilə yerinə yetirilən əməliyyatların uçuşların təhlükəsizliyi üçün kritik hesab edilən aerodrom vasitəsi və ya avadanlığının quraşdırılması, yaxud təmiri zamanı, eləcə də belə quraşdırma və ya təmirdən dərhal sonra aviasiyada uçuşların təhlükəsizliyini təmin etmək üçün aerodrom aerodrom istismarçısı tərəfindən yoxlanılmalıdır.
19. Maneələrin göstərilməsi və istifadəsi məhdudlaşdırılan zonaların işarələnməsi üçün vizual vasitələr
19.1. Maneələrin göstərilməsi üçün istifadə olunan vizual vasitələr Konvensiyaya 14 nömrəli Əlavə ilə müəyyən edilmiş beynəlxalq standartlara və tövsiyələrə, həmçinin Azərbaycan Respublikasının aviasiya sahəsində normativ hüquqi aktlarına uyğun müəyyən edilir.
19.2. Hava gəmisinin təhlükəsiz istismar edilməsinin həyata keçirilməsi üçün aerodrom istismarçısı bu vizual vasitələrin lazımi qaydada nəzərdə tutulmasını və onlara müvafiq qaydada texniki xidmət göstərilməsini bu Tələblərin 1.1-ci bəndində qeyd edilmiş beynəlxalq sənədlərə və Azərbaycan Respublikasının aviasiya sahəsində normativ hüquqi aktlarına uyğun təmin etməlidir.
19.3. Vizual aeronaviqasiya vasitələri aerodromdakı indikatorların və aerodromda təmin edilməli olan siqnal qurğularının, nişanların, işarələrin, işıqların və markerlərin xüsusiyyətlərinə dair tələbləri əhatə edir.
19.4. Aerodrom istismarçısı aerodrom ərazisində istifadəsi məhdudlaşdırılan zonaların işarələnməsi beynəlxalq sənədlərə və Azərbaycan Respublikasının aviasiya sahəsində normativ hüquqi aktlarına uyğun olaraq təmin edilməlidir.
19.5. Aerodromda hava gəmisi ilə yerinə yetirilən əməliyyatlar zamanı təhlükəsizlik tələblərinə əməl edilməsi üçün aerodrom istismarçısının vizual vasitələrə dair tələbləri icra edilməlidir.
20. Maneələrin məhdudlaşdırılması və aradan qaldırılması
20.1. Maneələrin məhdudlaşdırılmasının məqsədi aerodromda hava gəmisi ilə nəzərdə tutulan əməliyyatların uçuşların təhlükəsizliyinə əməl edilməsi ilə yerinə yetirilməsi və aerodromun ətrafında maneələrin artması nəticəsində onun istifadəyə yararsız hala düşməsinin qarşısının alınması üçün belə aerodromları əhatələyən, maneələrdən azad olmalı olan hava məkanının müəyyən edilməsidir.
20.2. Aerodrom istismarçısı aerodromun, həmçinin aerodromyanı ərazinin fəaliyyətini Konvensiyaya 14 nömrəli Əlavənin 4-1-ci və 4-2-ci cədvəllərindəki səthlərin ölçülərinə dair məhdudiyyətləri nəzərə almaqla onları qiymətləndirməlidir.
20.3. Mövcud maneələrin digər maneənin və ya yeni maneənin qarşısını kəsibkəsmədiyi Konvensiyaya 14 nömrəli Əlavənin tələblərinə uyğun qiymətləndirilməlidir.
20.4. Aerodrom istismarçısı aerodrom və aerodromyanı ərazidə hər hansı obyektin sistematik yoxlanması və monitorinq edilməsini təşkil etməli, pozuntular aşkarlanarsa, bu barədə məlumatı dərhal aidiyyəti üzrə quruma verməli, həmçinin hava nəqliyyatı xidmətləri bölməsinə bildirməlidir.
20.5. Aerodrom istismarçısı bu Tələblərin 20.4-cü bəndində qeyd olunan məlumatı Aeronaviqasiya İnformasiya Xidmətləri və hava nəqliyyatı xidmətləri bölməsi vasitəsilə yaymalıdır.
20.6. Aerodrom istismarçısı hava gəmisi ilə yerinə yetirilən əməliyyatların davamlı olaraq uçuşların təhlükəsizliyinə riayət edilməklə həyata keçirilməsini təmin etməlidir.
20.7. Maneələrin məhdudlaşdırılması üçün tam olaraq məsuliyyəti aerodrom istismarçısı daşıyır.
21. İstifadəyə yararsız ərazilərin işarələnməsi və işıqlandırılması
21.1. Hava gəmisi tərəfindən istifadəyə daimi olaraq qapalı olan uçuş-enmə zolaqları və sürmə yolları və ya onların hissələrində "hərəkətə qapalıdır" işarəsinin mövcudluğu təmin edilməlidir.
21.2. Sürmə yollarının yan təhlükəsizlik zolaqları, uçuş-enmə zolağının dönmə meydançaları, gözləmə meydançaları və perronların yan təhlükəsizlik zolaqları, eləcə də daşıyıcı səthlərdən fərqləndirilməsi çətin olan və üzərində hava gəmisinin hərəkət edəcəyi halda həmin hava gəmisinin zədələnməsinə səbəb ola biləcək digər qeyridaşıyıcı səthlərlə daşıyıcı səthlər yan işarə zolağı vasitəsilə bir-birindən ayrılmalıdır.
21.3. Sürmə yolu, perron və ya gözləmə meydançasının hər hansı hissəsi hava gəmilərinin hərəkəti üçün yararsız, amma buna baxmayaraq, hava gəmisinin bu zonadan təhlükəsiz qaydada ötüb keçməsi mümkün olduqda, istifadəyə yararsız zonalar barədə xəbərdarlıq edən markerlər tətbiq edilməlidir.
22. Fövqəladə hallar üçün fəaliyyətin planlaşdırılması
22.1. Hər bir aerodrom istismarçısı aerodromun yaxın ətrafında baş verən aviasiya hadisələri daxil olmaqla, aerodomda baş verə bilən fövqəladə halların nəticələrinin aradan qaldırılması əməliyyatlarına cəlb olunan dövlət orqanlarının (qurumlarının) və xidmət təminatçılarının fəaliyyətini əlaqələndirən fövqəladə hallar üçün fəaliyyət planını beynəlxalq və yerli standartlara uyğun olaraq tərtib edir.
22.2. Hər bir aerodrom istismarçısı beynəlxalq və yerli standartlara uyğun olaraq fövqəladə halların idarə olunması mərkəzi və səyyar komanda məntəqəsi yaradır, onları zəruri vasitələrlə təchiz edir və aerodrom ərazisində əlverişli yerdə yerləşdirir.
22.3. Hər bir aerodrom istismarçısı fövqəladə hallar üçün fəaliyyət planının icrasına cəlb olunmuş dövlət orqanları (qurumları) və xidmət təminatçıları arasında beynəlxalq və yerli standartlara uyğun olan rabitə və xəbərdarlıq sistemini təmin edir.
22.4. Hər bir aerodrom istismarçısı fövqəladə hallar üçün fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin yoxlanılması məqsədilə Konvensiyaya 14 nömrəli Əlavəyə uyğun olaraq təlimlər təşkil edir.
22.5. Aerodromun ətrafında su hövzələri, bataqlıq ərazilər və digər çətin keçilən ərazilər olduqda, aerodromun istismarçısı belə ərazilərdə baş verə biləcək mümkün aviasiya hadisələri zamanı insanların xilas edilməsi üçün beynəlxalq və yerli standartlara uyğun olaraq tədbirlərin yerinə yetirilməsini təmin edir.
23. Aerodromda xilasetmə və yanğın təhlükəsizliyi
23.1. Hər bir aerodrom istismarçısı aerodromda və onun yaxın ətrafında baş verən aviasiya hadisəsi və ya insidenti zamanı insanların xilas edilməsi üçün beynəlxalq və yerli standartlara uyğun olaraq xilasetmə və yanğınsöndürmə xidmətini təşkil edir.
23.2. Hər bir aerodrom istismarçısı xilasetmə və yanğınsöndürmə xidmətini beynəlxalq və yerli standartlara uyğun növdə, miqdarda və sərfiyyatda əsas və köməkçi odsöndürücü maddələr, rabitə vasitələri və xəbərdarlıq sistemi, habelə xilasetmə və yanğınsöndürmə avtomobilləri, avadanlıqları və personal ilə təmin edir.
23.3. Hər bir aerodrom istismarçısı xilasetmə və yanğınsöndürmə xidməti tərəfindən müdaxilə müddətinə riayət olunması üçün yanğınsöndürmə məntəqəsinin aerodrom ərazisində əlverişli yerdə yerləşdirilməsini və lazımi yolların olmasını təmin edir.
23.4. Hər bir aerodrom istismarçısı xilasetmə və yanğınsöndürmə xidmətini beynəlxalq və yerli standartlara uyğun olaraq xilasetmə və yanğınsöndürmə personalının hazırlıq və təlim keçməsini, habelə xilasetmə və yanğınsöndürmə personalının fərdi mühafizə vasitələri ilə təchiz olunmasını təmin edir.
23.5. Hər bir aerodrom istismarçısı aerodrom üzrə bina və qurğuların istismarı prosesində onların müvafiq layihə və texniki sənədlərin tələblərinə uyğun vəziyyətdə saxlanmasını təmin edir.
23.6. Hər bir aerodrom istismarçısı aerodrom üzrə bina və qurğuların istismarı prosesində yanğından müdafiə vasitələrinin müvafiq layihə və texniki sənədlərin tələblərinə uyğun işlək və ya istifadə üçün yararlı vəziyyətdə olmasını təmin edir.
23.7. Hər bir aerodrom istismarçısı aerodrom üzrə bina və qurğuların istismarı prosesində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin edir.
23.8. Hər bir aerodrom istismarçısı aerodrom üzrə bina və tikililərin istismarı prosesində təmir və ya yenidənqurma işləri aparılan zaman yanğın təhlükəsizliyi sahəsində qüvvədə olan normaların tələblərinə cavab verməyən tikinti materiallarının, məmulat və konstruksiyalarının tətbiqinə yol verilməməsini təmin edir.
24. Gecə və aşağı görmə şəraitində əməliyyatlar
24.1. Aerodrom istismarçısı gecə aerodromun istismarı üçün təhlükəsiz şəraitin təmin edilməsi üçün vasitələrin və prosedurların müəyyən edilməsini və həyata keçirilməsini təmin etməlidir.
24.2. Aerodrom istismarçısı aşağı görmə şəraitində aerodrom əməliyyatları üçün təhlükəsiz şəraitin təmin edilməsi məqsədilə vasitə və prosedurların müəyyən edilməsini və həyata keçirilməsini təmin etməlidir. Aşağı görmə proseduru aidiyyəti üzrə qurum tərəfindən təsdiq edilməlidir.
25. Təbiətdən gələn təhlükələrin idarə edilməsi
25.1. Aerodrom istismarçıları tərəfindən təbiətdən gələn təhlükələrin idarə edilməsi aşağdakılara uyğun təmin edilməlidir:
25.1.1. təbiətdən gələn təhlükələr zamanı hava gəmilərində baş vermiş qəzaların qeydə alınması və məlumatlandırılması üçün prosedur yaratmalı;
25.1.2. hava gəmilərinin istismarçılarından, aerodrom personalından və digər mənbələrdən hava gəmilərinin istismarı üçün potensial təhlükə yaradan canlı aləmin mövcudluğu haqqında məlumatları toplamalı, analiz etməli və aidiyyəti üzrə quruma təqdim etməlidir;
25.1.3. təbiətdən gələn təhlükələrin səlahiyyətli işçi heyəti tərəfindən davamlı qiymətləndirilməsinin təmin edilməsi.
25.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi təbiətdən gələn təhlükələrin təsirləri haqqında məlumatların toplanmasını və Beynəlxalq Mülki Aviasiya Təşkilatının "Quşlarla toqquşma haqqında İnformasiya Sistemi"nin (IBIS) məlumat bazasına daxil edilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına göndərilməsini təmin etməlidir.
26. Tələblərin tətbiqinə nəzarət Bu Tələblərdə nəzərdə tutulan müddəaların (tikintiyə icazə və tikinti obyektinin istismarına icazə ilə bağlı müddəalar istisna olmaqla) yerinə yetirilməsinə nəzarət aidiyyəti üzrə qurum tərəfindən həyata keçirilir. __________________________