AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi)"nin təsdiq edilməsi haqqında "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.5.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarlar (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi)" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 20 " " dekabr " 2024-cü il № 532 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il " 20 " dekabr tarixli 532 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarlar (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi)
1. Ümumi müddəalar
1.1. Bu sənəd Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra — Məcəllə) 27.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərini, ümumi dövriyyəsinin həcmini) müəyyən edir.
1.2. Bu sənəddə istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
2. Təmərküzləşmə zamanı razılığın alınmasını şərtləndirən meyarlar
2.1. Təmərküzləşmədə iştirak edən maliyyə institutları aşağıdakı hallardan ən azı biri olduqda rəqabət orqanına razılıq alınması üçün müraciət etməlidirlər:
2.1.1. təmərküzləşmədə iştirak edən maliyyə institutlarından biri müvafiq bazarda hökmran mövqedə olduqda;
2.1.2. təmərküzləşmə nəticəsində müvafiq bazarda hökmran mövqeyə malik olan maliyyə institutu yarandıqda.
2.2. Bu sənədin 2.1-ci bəndi ilə müəyyən olunmuş tələblər rezolyusiya prosesində həyata keçirilən tədbirlərə münasibətdə tətbiq olunmur. Bu halda Azərbaycan Respublikasının Mərkəzi Bankı "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 57.6.1-ci və ya 57.6.2-ci maddələrində nəzərdə tutulan rezolyusiya tədbirləri barədə qərar qəbul etdikdən sonra 7 (yeddi) iş günü ərzində bu barədə rəqabət orqanına məlumat verir.
2.3. Bu sənədin 2.1-ci bəndinə əsasən hökmran mövqe Məcəllənin 15.3-cü maddəsinə əsasən müəyyən edilir.
2.4. Məcəllənin 26.1.2.9-cu maddəsinə müvafiq olaraq, bir maliyyə institutunun təmərküzləşmədən öncəki sonuncu hesabat ilində aktivlərinin (pul vəsaitləri istisna olmaqla) 20 faizindən çox hissəsinin digər maliyyə institutu tərəfindən əldə edilməsi iqtisadi təmərküzləşmə hesab edilir. ___________________