Azərbaycan Republikası Nazirlər Kabinetinin 2024-cü il " 6 " noyabr tarixli 474 nömrəli Qərarı ilə təsdiq edilmişdir. "Naftalan" Kurortu haqqında ƏSASNAMƏ
1. ÜMUMİ MÜDDƏALAR
1.1. "Naftalan" Kurortu (bundan sonra — Kurort) müalicəvi Naftalan neftinə malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisidir. Kurortun ərazisində Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılan Naftalan nefti ilə müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlər (tibbi turizm) və müalicəsağlamlaşdırma yerlərindən istifadə etməklə müalicə-sağlamlaşdırma xidmətləri göstərilir.
1.2. Kurortun ərazisində aşağıdakı zonalar yerləşir:
təbii müalicə ehtiyatları, onların istifadə olunması üçün qurğu və tikililər, sanatoriyakurort müəssisələri, həmçinin istirahət və müalicə xidmətləri göstərən məişət, əyləncə, iaşə və ticarət obyektləri yerləşən kurort zonası (bu zonadakı 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərin layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir); Kurort ərazisində daim yaşayan əhali üçün nəzərdə tutulmuş yaşayış evləri, ictimai binalar və digər qurğu və tikililər yerləşən zona; mərkəzləşdirilmiş təsərrüfat və texniki xidmətlərin yerləşdiyi zona.
1.3. Kurortun təşkili və ləğvi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, habelə Naftalan Şəhər İcra Hakimiyyətinin rəy və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
1.4. Kurortun öyrənilməsi, istifadəsi, inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, mühafizəsi sahəsində isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
1.5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi sanatoriya-kurort müəssisələrində müalicə-profilaktika işinin təşkilinə nəzarət edir, elmi-metodik və konsultativ yardım göstərir.
2. KURORTUN İNKİŞAFI VƏ TİKİNTİ İŞLƏRİNİN APARILMASI
2.1. Kurortun inkişafı onun inkişaf proqramına uyğun olaraq həyata keçirilir.
2.2. Kurort ərazisi daxilində inşaat üçün torpaq sahələrinin ayrılması Kurortun inkişaf proqramına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
2.3. Yanğından mühafizə, nəqliyyatın və ictimai asayişin təhlükəsizliyi üzrə tədbirlər Kurortun inkişaf proqramına uyğun və xüsusi mühafizə olunan təbiət ərazilərində müvafiq işlərin aparılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilməklə həyata keçirilir.
2.4. Yeni sanatoriya-kurort müəssisələrinin tikintisi və ya fəaliyyətdə olanların genişləndirilməsi məqsədilə torpaq sahələri ayrılmamışdan əvvəl onların yerləşəcəyi yerin müəyyən edilməsi müvafiq qanunvericiliklə tənzimlənir.
3. KURORTUN SANİTARİYA MÜHAFİZƏSİ
3.1. Kurortun təbii müalicə ehtiyatlarının çirklənməsinin və vaxtından əvvəl tükənməsinin qarşısının alınması məqsədilə qanunvericiliyə uyğun olaraq onların ətrafında sanitariya mühafizə zonaları müəyyən edilir.
3.2. Naftalan neftinin çıxarılması, yığılması, saxlanılması və daşınması üzrə fəaliyyət istisna olmaqla, sanitariya mühafizə zonalarında eroziya proseslərinə gətirib çıxaran və təbii müalicə ehtiyatlarına, Kurortun sanitariya vəziyyətinə mənfi təsir göstərən, torpağı, havanı, suyu çirkləndirən, meşələrə, yaşıllığa zərər yetirən digər fəaliyyətlər qadağan edilir.
3.3. Sanitariya mühafizə zonasında Kurortun sanitariya vəziyyətinin lazımi səviyyədə təmin edilməsi və saxlanılması üçün sanitar-sağlamlaşdırma və digər tədbirlər həyata keçirilir.
3.4. Kurortun sanitariya mühafizə zonasında sanitariya mühafizə qaydalarına riayət olunması üzərində nəzarət Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
3.5. Kurortda sanitariya mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi məcburidir.
4. TƏBİİ MÜALİCƏ EHTİYATLARINDAN İSTİFADƏ VƏ KURORTUN ABADLAŞDIRILMASI
4.1. Müalicəvi Naftalan neftinin istifadəsinə (onun resurslarına müvafiq olaraq və texnoloji istismar sxemi əsasında) və kimyəvi tərkibinə nəzarət səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bələdiyyələr tərəfindən həyata keçirilir.
4.2. Kurort üçün aşağıdakı tədbirlər daxil olmaqla sanitariya-sağlamlaşdırma planı hazırlanır: tikinti-quraşdırma işlərinin həyata keçirilməsi; Kurortun təbii müalicə ehtiyatlarının mühafizəsi və onlardan istifadə ilə əlaqədar olan işlər; su təminatı və kanalizasiya, yol və abadlıq işləri ilə əlaqədar olan tədbirlər.
5. KURORTDA TİBBİ XİDMƏTİN TƏŞKİLİ
5.1. Kurortda müalicə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, elmi cəhətdən əsaslandırılmış metodika əsasında həyata keçirilir.
5.2. Kurortda müalicə-sağlamlaşdırma məqsədilə müalicəvi Naftalan neftindən istifadə olunması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş konkret göstəriş və əks-göstərişlərə uyğun həyata keçirilir.
5.3. İstirahət və müalicə məqsədilə Kurort ərazisində göstərilən xidmətlərdən istifadə edən şəxslərdə yoluxucu və digər xəstəliklər aşkar edildikdə və ya onların sağlamlıq vəziyyətinin kəskin pisləşdiyi hallarda onlar yerli tibb müəssisələrinə hospitalizə olunurlar.