AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.22-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 10 oktyabr 2024-cü il № 451
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 10 oktyabr tarixli 451 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyanın (bundan sonra - Konvensiya) 83 bis maddəsinə, habelə həmin maddənin tətbiqinə dair 295 nömrəli Sirkulyara (bundan sonra - Sirkulyar) uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qayda ilə tənzimlənməyən məsələlər "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, Konvensiyanın 83 bis maddəsinə, habelə Sirkulyara uyğun olaraq həyata keçirilir.
1.3. Bu Qayda mülki hava gəmilərinin istismarı zamanı uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, lakin başqa dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisinə, habelə digər dövlətdə qeydiyyatda olan, lakin Azərbaycan Respublikasının istismarçısı tərəfindən istismar edilən hava gəmisinə münasibətdə uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair münasibətləri tənzimləyir.
1.4. Uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq öhdəliklərin və məsuliyyət dairəsinin dəqiq müəyyən edilməsi zərurətindən irəli gələrək, uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Konvensiyanın 83 bis maddəsinə əsasən bağlanılan və nümunəsi Sirkulyarla müəyyən edilmiş uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair müqavilə (bundan sonra - Müqavilə) əsasında həyata keçirilir.
1.5. Müqavilənin yerinə yetirilməsinə məsul tərəflər qismində Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv dövlətlər adından mülki aviasiya orqanlarının qeydiyyat dövləti və istismarçı dövlət çıxış edir.
Müqavilə əsasında ötürülən funksiyaların və vəzifələrin dairəsi dəqiq müəyyən edilmədikdə onların icrasına görə məsuliyyəti qeydiyyat dövləti daşıyır.
1.6. Müqavilə əsasında dairəsi dəqiq müəyyən edilərək ötürülən funksiyalara və vəzifələrə münasibətdə qeydiyyat dövləti məsuliyyətdən azad edilir.
2. Müqavilə əsasında ötürülən funksiyalar və vəzifələr
2.1. Konvensiyanın 12-ci, 30-cu, 31-ci və 32a maddələrində nəzərdə tutulmuş funksiyaların və vəzifələrin qeydiyyat dövlətindən istismarçı dövlətə bütövlükdə və ya qismən keçməsinə yol verilir.
2.2. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilmiş hal nəzərə alınaraq, qeydiyyat dövləti Konvensiyanın 1-ci, 2-ci və 6-cı əlavələrinin müddəaları üzərində nəzarətin həyata keçirilməsi də daxil olmaqla aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və sertifikatların verilməsi, hava məkanında uçuş qaydalarının təmin edilməsi, habelə hava gəmisinin istismarı üzrə funksiyaların və vəzifələrin istismarçı dövlətə ötürülməsini həyata keçirir.
2.3. Məsuliyyət dairəsinin hava gəmisi istismarçısının texniki xidmət təlimatında təsbit edilməsi, texniki xidmət proqramı üzrə məsuliyyət tədbirlərinin istismarçının texniki xidmət və nəzarət təlimatına daxil edilməsi, habelə hava gəmisinin istismarçısı sertifikatının beynəlxalq standartlara uyğunluğunun yoxlanılması ilə bağlı öhdəliklər istismarçı dövlət tərəfindən təmin edilir.
3. Funksiyaların və vəzifələrin ötürülməsinə dair prosedurlar
3.1. Müqavilə barədə "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatına məlumat verilir.
3.2. Müqavilə, həmçinin ona edilən istənilən əlavələr və ya dəyişikliklər qeydiyyat dövləti və ya istismarçı dövlət tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının "Doc 6685, aeronaviqasiya sazişlərinin və razılaşmalarının Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyatı Qaydaları"na uyğun olaraq qeydiyyatdan keçirilir.
3.3. Müqavilə, həmçinin ona edilən əlavələr və dəyişikliklər bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq rəsmiləşdirilənədək aidiyyəti tərəflər və digər üzv dövlətlərə münasibətdə qüvvəyə minmir.
3.4. Müqavilənin qüvvədə olduğu müddətdə dövlətin uçuşların təhlükəsizliyi baxımından məsuliyyətini müəyyən etmək məqsədilə istismarçı dövlət Müqavilənin müvafiq dillərdə olan təsdiq edilmiş həqiqi nüsxələrinin, həmçinin müvafiq istismarçı sertifikatının təsdiq edilmiş həqiqi nüsxəsinin Müqavilənin tətbiq edildiyi hər bir hava gəmisinin bortunda olmasını təmin edir.
3.5. Müqavilənin yerinə yetirilməsi zamanı istismarçı dövlət qeydiyyat dövlətini müvafiq hava gəmisinin sublizinq müqaviləsinin predmeti olması barədə məlumatlandırmalıdır.
3.6. Hər hansı kommersiya sazişləri (beynəlxalq lizinq, qeyrimüntəzəm (çarter) və hava gəmisinin mübadiləsi sazişləri) bağlanıldıqda həmin hava gəmiləri üzrə funksiya və vəzifələrin ötürülməsi də Müqavilə əsasında həyata keçirilir. Hava gəmisinin qeydiyyatının dəyişdirilməməsi nəzərə alınaraq funksiyaların və vəzifələrin ötürülməsi müddəti Müqavilədə qeyd edilməli və Müqavilənin müddəti müvafiq kommersiya sazişinin müddətindən çox olmamalıdır.