AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR № 11 Bakı şəhəri 14 avqust 2024-cü il "Vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə Qaydası"nın təsdiq edilməsi barədə "Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 may 2024-cü il tarixli 65 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası QƏRARA ALIR
1. "Vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
3. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Zamanovaya tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu. Sədr, İqtisadiyyat naziri Mikayıl Cabbarov
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 14 avqust tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir Vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin (bundan sonra — Əsasnamə) 45-2-ci maddəsinə əsasən hazırlanmışdır və Əsasnamənin 45-ci maddəsində nəzərdə tutulan həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi üzrə münasibətləri tənzimləyir.
1.2. Bu Qaydanın məqsədləri üçün "qüsursuz xidmət" dedikdə vəzifəli şəxs tərəfindən barəsində intizam tənbehi tətbiq olunmadan həyata keçirilən xidməti fəaliyyət nəzərdə tutulur.
2. Həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi
2.1. Əsasnamənin 45-ci maddəsində nəzərdə tutulan həvəsləndirmə tədbirləri xidmətdə yüksək müvəffəqiyyətlərinə, o cümlədən xidməti vəzifələrinin və rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, təşəbbüskarlığına, beynəlxalq və ya dövlət əhəmiyyətli tədbirlərin təşkilində, keçirilməsində, layihələrin və ya hüquqi aktlarda nəzərdə tutulmuş tapşırıqların icrasında fəal və səmərəli iştirakına görə aşağıdakı vəzifəli şəxslərə tətbiq oluna bilər:
2.1.1. təşəkkür elan edilməsi və ya fərdi qaydada mükafatlandırma — son 6 ay ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;
2.1.2. Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin fəxri fərmanı ilə təltif edilmə — son 5 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;
2.1.3. növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi — Əsasnamənin 23-cü maddəsinin tələbləri nəzərə alınmaqla son 1 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;
2.1.4. növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi — Əsasnamənin 23-cü maddəsinin tələbləri nəzərə alınmaqla son 3 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;
2.1.5. tətbiq edilmiş intizam tənbehinin vaxtından əvvəl ləğv edilməsi — son 3 ay ərzində qüsursuz xidməti olan və fəaliyyətində dönüş yaratmış vəzifəli şəxslərə;
2.1.6. "Fəxri vergi orqanı işçisi" adının verilməsi və ya döş nişanı ilə təltif edilmə — son 10 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə.
2.2. Təşəkkür elan edilməsi, Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin fəxri fərmanı ilə təltif edilmə növündə həvəsləndirmə tədbirləri tətbiq edilmiş vəzifəli şəxslərə həmin həvəsləndirmənin tətbiqi barədə əmrin verilməsindən 20 iş günü müddətində müvafiq olaraq təşəkkürün elan edilməsini təsdiq edən sənəd və ya fəxri fərman təqdim edilir.
2.3. "Fəxri vergi orqanı işçisi" adının verilməsi və döş nişanı ilə təltif edilmə növündə həvəsləndirmə tədbirləri tətbiq edilmiş vəzifəli şəxslərə həmin həvəsləndirmənin tətbiqi barədə əmrin verilməsindən 3 aydan gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra — Dövlət Vergi Xidməti) rəisi və ya onun müavini tərəfindən müvafiq olaraq "Fəxri vergi orqanı işçisi" adının verilməsini təsdiq edən sənəd və ya döş nişanı təqdim edilir.
2.4. Həvəsləndirmə növü qərəzsiz və ədalətli yanaşma tətbiq edilərək müəyyən edilməlidir.
3. Yekun müddəalar
3.1. Əsasnamənin 19-cu maddəsinin tələbləri nəzərə alınmaqla Dövlət Vergi Xidmətinin rəisi və onun müavinlərinə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, digər vəzifəli şəxslərə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi isə Dövlət Vergi Xidmətinin əmri ilə rəsmiləşdirilir.
3.2. "Fəxri vergi orqanı işçisi" adının verilməsi və döş nişanı ilə təltif edilmə növündə həvəsləndirmə tədbirləri həmin tədbirlərin tətbiq edildiyi vəzifəli şəxslərin xidmətdə olmanın yaş həddinə çatdığına görə xidmətdə olma müddətinin uzadılması, həmçinin ştatların ixtisarı zamanı nəzərə alınır.