2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 94 saylı Ucar seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Zakir Ağaəli oğlu İsmayıl 5 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia edərək, dairə seçki komissiyasının protokolunun surətinin ona verilmədiyini bildirmiş və həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, səsvermə günü seçki məntəqələrində iddia olunan pozuntular ilə bağlı hissədə şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin həmin hissədə geri qaytarılması barədə rəy vermişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə əsasən, şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Müraciət dairə seçki komissiyasının protokolunun verilmədiyi hissəsində araşdırılmış və müəyyən edilmişdir ki, verilmədiyi iddia edilən dairə seçki komissiyasının protokolunun surəti namizəd tərəfindən şikayətə əlavə edilmişdir. Həmçinin 94 saylı Ucar seçki dairəsi dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayışa əsasən, protokolun təsdiq edilmiş surəti poçt vasitəsilə namizəd Z. A. İsmayılın ünvanına göndərilmişdir.
Beləliklə, protokolun surətinin namizədə verilməsi dairə seçki komissiyası tərəfindən təmin edildiyindən, müraciət həmin hissədə əsassız hesab edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 94 saylı Ucar seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Zakir Ağaəli oğlu İsmayılın Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 sentyabr 2024-cü il tarixli 56 saylı müraciəti seçki məntəqələrində iddia olunan pozuntularla bağlı hissədə qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin, dairə seçki komissiyasının protokolunun surətinin ona verilməməsi hissəsində isə təmin edildiyindən müraciət əsassız hesab edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov