2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Ülviyyə Məmməd qızı Şükürova 2024-cü il sentyabrın 4-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə görə, iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən, şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin şikayətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Ülviyyə Məmməd qızı Şükürovanın 4 sentyabr 2024-cü il tarixli 52 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov