2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Azər Əbülfəz oğlu Əsgərov 2024-cü il sentyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini iddia etmiş və bu pozuntuların araşdırılmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə əsasən, şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Azər Əbülfəz oğlu Əsgərovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 sentyabr 2024-cü il tarixli 57 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən şikayət etmiş şəxsə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov