2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 23 saylı Nəsimi–Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Əziz Fatehoviç Əzizov 2024-cü il sentyabrın 4-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi üzrə səsvermənin nəticələri haqqında bir neçə məntəqə seçki komissiyası protokolunun surətinin ona verilmədiyini, həmçinin səsvermə günü adıçəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Seçki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri səsvermənin nəticələri haqqında protokolların surətini almaq hüququna malikdirlər. Seçki Məcəlləsinin 100.11-ci maddəsinin tələbinə görə, buna hüququ olan şəxslərə verilən seçki komissiyalarının protokollarının surətlərini onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq etməlidir.
Göstərilənlərlə müəyyən edilir ki, 23 saylı Nəsimi–Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Ə. F. Əzizovun şikayəti həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
Bundan başqa, Seçki Məcəlləsinin tələbinə görə, səsvermə günü seçki məntəqələrində iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən, şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin şikayətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 40.2-ci, 100.11-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 23 saylı Nəsimi–Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Əziz Fatehoviç Əzizovun 4 sentyabr 2024-cü il tarixli 39 saylı müraciəti protokolların surətlərinin verilməməsi hissəsində əsaslı olduğundan təmin olunsun, səsvermənin nəticələri haqqında müvafiq məntəqə seçki komissiyaları protokollarının surətlərinin namizədə verilməsi həmin dairə seçki komissiyası tərəfindən təmin edilsin, digər hissədə isə aidiyyəti üzrə araşdırılması üçün qeyd edilən seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov