AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi Qaydası və məbləği"nin təsdiq edilməsi haqqında "Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 may tarixli 65 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi Qaydası və məbləği" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsi İlə təsdiq edilən Qaydada göstərilən maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilsin.
3. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 4 sentyabr 2024-cü il № 391
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 4 sentyabr tarixli 391 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ...........................verilməsi Qaydası və məbləği
1. Ümumi müddəa Bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 54-6-cı maddəsinə əsasən hazırlanmışdır və yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti yaşayış sahəsi üçün yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi qaydasını və məbləğini müəyyən edir.
2. Mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği
2.1. Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxsinə xidmət keçdiyi dövr ərzində müvəqqəti yaşayış sahəsi üçün yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə verilir:
2.1.1. Bakı şəhərində - 150 manat;
2.1.2. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat;
2.1.3. başqa şəhər və rayon mərkəzlərində - 75 manat;
2.1.4. digər yaşayış məntəqələrində - 55 manat.
2.2. Bu Qaydanın 2.1-ci bəndində qeyd olunan vəzifəli şəxsə onun hər bir ailə üzvünə görə həmin bənddə nəzərdə tutulan müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası verilir.
2.3. Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndləri ilə müəyyən edilmiş ödənişlər "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
3. Mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi
3.1. Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxsi mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi üçün xidmət etdiyi vergi orqanına ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim edir (bu Qaydanın 3.4-cü bəndinin tələbləri nəzərə alınmaqla):
3.1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələri tərəfindən vergi orqanının vəzifəli şəxsinin xidmət etdiyi müvafiq vergi orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış;
3.1.2. vergi orqanının vəzifəli şəxsinin mənzil kirayə götürməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə;
3.1.3. vergi orqanının vəzifəli şəxsinin və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin (evli olduğu halda), 15 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin surəti.
3.2. Mənzil kirayəsi üçün pul kompensasiyası mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilənin imzalandığı gündən hesablanmaqla, lakin yeni vəzifəyə təyin edilmə günündən tez olmayaraq vergi orqanının vəzifəli şəxsinin xidmət etdiyi vergi orqanının rəhbərinin müvafiq əmrindən sonra verilir.
3.3. Bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş sənədlər
hər ildə bir dəfə (ilin sonunda olmaqla) yenidən toplanaraq, vergi orqanının maliyyə strukturuna təqdim edilməlidir (bu Qaydanın 3.4-cü bəndinin tələbləri nəzərə alınmaqla). Həmçinin vəzifəli şəxsin ailə tərkibində dəyişikliklər baş verdikdə, bu barədə vəzifəli şəxs tərəfindən rəhbərliyə məruzə edilməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədlər təqdim olunmalıdır (bu Qaydanın 3.4-cü bəndinin tələbləri nəzərə alınmaqla).
3.4. Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq tələb olunan sənədlərin və ya məlumatların "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vergi orqanının vəzifəli şəxsindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vergi orqanının vəzifəli şəxsinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vergi orqanının vəzifəli şəxsi tərəfindən təmin edilir.
3.5. Mənzilin kirayəsi üçün pul kompensasiyası vergi orqanının vəzifəli şəxsinin təqdim etdiyi müqavilədə nəzərdə tutulan kirayə haqqı məbləğində, lakin bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdən artıq olmamaq şərti ilə verilir.
3.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş vergi orqanının vəzifəli şəxsinə mənzil kirayəsi üçün pul kompensasiyası verilmir. ______________________
№-li nüsxə