AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 3 sentyabr 2024-cü il № 389
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 sentyabr tarixli 389 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində dəmiryol nəqliyyatı ilə yüklərin daşınmasının təşkilinə və yerinə yetirilməsinə dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir.
1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. daşıyıcı - haqq müqabilində daşıma sənədi (müqavilə) əsasında yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə dəmiryol nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxs;
1.2.2. daşıma sənədi - yükün, boş yük vaqonunun daşıma müqaviləsinin bağlanılmasını təsdiq edən dəmiryol nəqliyyatı qaiməsi (bundan sonra - qaimə);
1.2.3. tarif - dəmiryol nəqliyyatı ilə daşımaların həyata keçirilməsi üçün müəyyən edilmiş haqq;
1.2.4. yığım - dəmiryol stansiyaları ərazisində əməliyyatlara, xidmətlərə və ya işlərə görə tarifə (qiymətə) daxil edilməyən əlavə ödəmə;
1.2.5. yükalan - daşıma sənədi (əqd) əsasında yükü, boş yük vaqonunu almağa səlahiyyəti olan hüquqi və ya fiziki şəxs;
1.2.6. yükgöndərən - daşımanın təşəbbüsçüsü olan və adından yük, boş yük vaqonu göndərilməsi rəsmiləşdirilən hüquqi və ya fiziki şəxs.
1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
1.4. Dəmiryol nəqliyyatı ilə beynəlxalq daşımalar Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
1.5. Dəmiryol nəqliyyatı ilə təhlükəli yükün daşınması "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları"na uyğun olaraq həyata keçirilir.
1.6. Dəmiryol nəqliyyatı ilə hərbi daşımalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi dəmiryol daşımaları haqqında Nizamnamə"yə uyğun olaraq həyata keçirilir.
1.7. Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətində olan yüklərin dəmiryol nəqliyyatı ilə daşınması "Qida təhlükəsizliyi haqqında", "Baytarlıq haqqında" və "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.
1.8. İnfrastruktur sahibi və daşıyıcı tərəfindən göstərilən infrastruktur və daşıma xidmətləri ilə bağlı tariflər, yığımlar, habelə tariflər üzrə güzəştlər və onların tətbiqi qaydaları müvafiq olaraq infrastruktur sahibinin, daşıyıcının rəsmi internet informasiya ehtiyatında dərc edilir və mütəmadi olaraq yenilənir.
1.9. Ümumi istifadədə olan dəmiryol nəqliyyatı ilə daşımaların təşkilati və texniki xüsusiyyətləri ilə bağlı bu Qaydalar və tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənməyən məsələlər infrastruktur sahibi və daşıyıcı tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq tənzimlənir.
2. Yüklərin sifarişi
2.1. Yükün daşınması daşıyıcı tərəfindən həyata keçirilir.
2.2. Dövlət sirrini təşkil edən məlumatların olduğu sifarişlər istisna olmaqla, dəmiryol nəqliyyatı ilə yük daşınmasının həyata keçirilməsi üçün yükgöndərən tərəfindən daşıyıcının internet informasiya ehtiyatı üzərindən daşıyıcıya yükdaşıma sifarişi təqdim edilir.
2.3. Yükdaşıma sifarişi forması, habelə sifarişin təqdim edilməsi daşıyıcı tərəfindən onun internet saytında dərc edilir.
2.4. Daşıyıcı (daşıyıcı eyni zamanda infrastruktur sahibi olduğu hallar istisna olmaqla), ona təqdim edilmiş yük daşıma sifarişinə 3 (üç) iş günü müddətində baxır və bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş hallardan hər hansı biri olmadıqda həmin sifarişi razılaşdırmaq üçün infrastruktur sahibinə onun elektron platforma üzərindən göndərir.
2.5. Daşıyıcı aşağıdakı hallarda yükün daşınması üçün sifarişi təsdiqləməkdən imtina etmək hüququna malikdir:
2.5.1. yükün hərəkət marşrutu üzrə yüklərin yüklənilməsinin, daşınmasının dayandırılması və ya məhdudlaşdırılmasının tətbiq edilməsi;
2.5.2. infrastruktur sahibinin yükün daşınması üçün sifarişin qəbul olunmasından imtina etməsi;
2.5.3. daşımanın həyata keçirilməsi üçün texniki və texnoloji imkanların əsaslandırılmış qaydada mövcud olmaması;
2.5.4. daşımanın həyata keçirilməsi üçün zəruri və daşıyıcıya məxsus dəmiryol hərəkət tərkibinin, konteynerlərin olmaması;
2.5.5. yükgöndərənin, yükalanın və ekspeditorun əvvəlki sifarişlər üzrə borcunun olması;
2.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
2.6. Daşıyıcı bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş hallarda imtina səbəblərini göstərməklə yükün daşınması üçün sifarişi geri qaytarır.
2.7. İnfrastruktur sahibi daşıyıcı tərəfindən təqdim olunmuş (daşıyıcı eyni zamanda infrastruktur sahibi olduğu halda isə bu Qaydaların 2.2-ci bəndinə əsasən yükgöndərən tərəfindən təqdim olunmuş) yükdaşıma sifarişinə 10 (on) gün müddətində baxır, zərurət olduqda digər nəqliyyat növlərinin sahibləri, dəniz terminallarının operatorları ilə razılaşdırır və sifarişi razılaşdırmanın nəticələri barədə qeydlə öz elektron platforması üzərindən daşıyıcıya (infrastruktur sahibinin daşıyıcı olduğu halda yükgöndərənə) qaytarır.
2.8. İnfrastrukturun sahibi aşağıdakı hallarda daşıyıcıya (daşıyıcı eyni zamanda infrastruktur sahibi olduğu halda yükgöndərənə) sifarişi razılaşdırmaqdan imtina edir:
2.8.1. onların arasında (daşıyıcı eyni zamanda infrastruktur sahibi olduğu hallar istisna olmaqla) infrastrukturdan istifadəyə dair xidmətin göstərilməsi barədə müqavilə olmadıqda;
2.8.2. digər nəqliyyat qurumları, o cümlədən xarici dövlətlərin dəmiryol administrasiyaları sifarişi razılaşdırmaqdan imtina etdikdə;
2.8.3. yükün hərəkət marşrutu üzrə yüklərin yüklənməsinin, daşınmasının dayandırılması və ya məhdudlaşdırılması tətbiq edildikdə;
2.8.4. sifarişdə göstərilən müddət üzrə daşımanın həyata keçirilməsi üçün əsaslandırılmış texniki və texnoloji imkanlar mövcud olmadıqda;
2.8.5. daşıyıcı eyni zamanda infrastruktur sahibi olduğu halda sifarişdə göstərilən müddət üzrə daşımaların həyata keçirilməsi üçün daşıyıcıya məxsus lazım olan dəmiryol hərəkət tərkibi və konteynerlər olmadıqda;
2.8.6. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
2.9. Bu Qaydaların 2.8-ci bəndində göstərilən halların ən azı biri mövcud olduqda infrastruktur sahibi imtina səbəbini göstərməklə sifarişi geri qaytarır.
2.10. Sifariş bu Qaydalar ilə müəyyən edilmiş qaydada razılaşdırıldıqdan sonra daşıyıcı tərəfindən bu barədə yükgöndərənə 3 (üç) gün müddətində məlumat verilir.
2.11. Yükgöndərənin müraciəti və infrastruktur sahibinin razılığı əsasında daşıyıcı yükün razılaşdırılmış sifarişində dəyişiklik edə bilər. Belə dəyişikliklərin edilməsi daşıyıcının elektron platforması üzərindən həyata keçirilir və tərəflər arasında digər razılaşma olmadıqda yükgöndərən daşıyıcıya qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş yığım ödəyir.
2.12. Yükgöndərən dəyişikliklərin edilməsi barədə yükün daşınması üçün sifarişdə göstərilən vaqon sahibini xəbərdar edir.
2.13. Yükün daşınmasına dair müqaviləyə uyğun olaraq daşıyıcı ona etibar edilən yükü daşınma şərtlərinə riayət etməklə təyinat dəmiryol stansiyasına çatdırmağı və yükalana verməyi, yükgöndərən isə yükün daşıma haqqını ödəməyi öhdəsinə götürür.
2.14. Tərəflərin razılaşması ilə digər hallar nəzərdə tutulmadıqda, yükün daşınmasının dəyəri və daşıyıcıya ödənilməli olan digər ödənişlər yükgöndərən tərəfindən yükün daşımaya qəbul edildiyi vaxtadək ödənilir.
2.15. Yükgöndərən tərəfindən yükün daşıma haqqı və daşıyıcıya ödənilməli olan digər ödəmələr vaxtında ödənilmədikdə və tərəflərin razılaşması ilə digər hallar nəzərdə tutulmadıqda yüklər daşıma üçün qəbul edilmir.
2.16. Daşıyıcı müvafiq gömrük orqanını gömrük nəzarəti altında olan yükün təyinat dəmiryol stansiyasına gəldiyi barədə məlumatlandırmalıdır.
2.17. Qarşısıalınmaz qüvvə nəticəsində baş vermiş, habelə daşıyıcıdan və ya infrastruktur sahibindən asılı olmayan digər hallarda daşıma mümkün olmadıqda daşıyıcı yükgöndərənə dərhal yazılı bildiriş verməklə yükün yüklənilməsini və daşınmasını, habelə boş yük vaqonlarının daşınmasını müvəqqəti dayandırmaq və ya məhdudlaşdırmaq hüququna malikdir. Bildirişdə müvəqqəti dayandırılmanın və ya məhdudiyyətin müddəti göstərilir.
2.18. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə gömrük nəzarəti altında olan malların daşındığı hallarda isə həmin ərazidə fəaliyyət göstərən aidiyyəti gömrük orqanına dəmiryol nəqliyyatı ilə təhlükəli yüklərin daşınması zamanı baş vermiş qəza hadisələri barədə dərhal məlumat verilir.
2.19. Yükgöndərən yükü daşıma üçün normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə uyğun qablaşdırılmış vəziyyətdə təqdim etməlidir.
3. Yüklərin, konteynerlərin vaqonlara yüklənilməsi və boşaldılması
3.1. Ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatında yükün vaqonlara və konteynerlərə yüklənilməsi və boşaldılması yükgöndərən (yükalan) tərəfindən təmin edilir.
3.2. Yükün və konteynerin vaqona yüklənilməsi və boşaldılması işləri yükgöndərənlə (yükalanla) bağlanılmış müqavilə əsasında müvafiq maşın və mexanizmlərə malik olan şəxs tərəfindən yerinə yetirilir.
4. Yüklərin vaqonlarda, konteynerlərdə yerləşdirilməsi və bərkidilməsi
4.1. Vaqonlara və konteynerlərə yükün yüklənilməsi onların trafaretlərində göstərilən yükgötürmə qabiliyyəti həddini aşmamaqla, infrastruktur sahibi tərəfindən müəyyən edilmiş texniki normalara uyğun həyata keçirilir.
4.2. Yükün vaqonda və konteynerdə yerləşdirilməsi və bərkidilməsi infrastruktur sahibi tərəfindən müəyyən edilmiş yüklərin vaqonlarda və konteynerlərdə yerləşdirilməsinə və bərkidilməsinə dair tələblərə uyğun olaraq həyata keçirilir.
5. Yüklərin yüklənilməsi, bərkidilməsi, daşınması üçün zəruri avadanlıqlar, materiallar və digər vasitələr
5.1. Yükün yüklənilməsi, bərkidilməsi və daşınması üçün zəruri olan avadanlıqlar, materiallar, paketləmə vasitələri və digər qurğular, o cümlədən heyvanlar üçün arakəsmələr, sipərlər, vaqon sobaları yükgöndərən tərəfindən təmin edilir. Yüklənilmə və boşaldılma zamanı belə vasitələrin müvafiq olaraq quraşdırılması və çıxarılması (demontajı) yüklənilmə və boşaldılma əməliyyatlarını yerinə yetirən şəxslər tərəfindən həyata keçirilir.
5.2. Bu Qaydaların 5.1-ci bəndində nəzərdə tutulmuş avadanlıqların, materialların, paketləmə vasitələrinin və digər qurğuların daşıyıcı tərəfindən müqavilə əsasında təqdim olunmasına yol verilir.
5.3. Bu Qaydaların 5.1-ci bəndində nəzərdə tutulmuş avadanlıqlar, materiallar, paketləmə vasitələri və digər qurğular, həmçinin beynəlxalq daşımalarda istifadə olunan konteynerlər ölkə ərazisinə müvəqqəti gətirildiyi hallarda onların ölkə ərazisindən çıxarılması gətirilməyə məsul olan şəxs tərəfindən təmin edilir (sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi hallar istisna olmaqla). Belə vasitələrin quraşdırılması barədə məlumat qaimədə qeyd edilir.
6. Daşıma sənədlərinin tərtib edilməsi
6.1. İnfrastruktur sahibi qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla daşıma sənədlərinin formalarını rəsmi internet informasiya ehtiyatında yerləşdirir.
6.2. Yük daşınmaya təqdim edildikdə yükgöndərən tərəfindən yükün hər bir göndərilməsinə dair tərtib edilmiş qaimə və daşımaya aid digər sənədlər daşıyıcıya təqdim edilir.
6.3. Daşıyıcı, yükgöndərən (yükalan) daşıma sənədlərinin və bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş digər sənədlərin qanunvericiliyə uyğun olaraq saxlanmasını təmin etməlidir.
7. Yüklərin çəkilməsi və yük yerlərinin sayının təyin edilməsi
7.1. Yükün daşımaya təqdim edilməsi zamanı yükgöndərən qaimədə onun kütləsini, tarada və ədədli yük təqdim edildikdə isə, həmçinin yük yerlərinin sayını qeyd edir.
7.2. Vaqonun (konteynerin) tam tutumu həcmində yüklənilməsi nəticəsində onun yolverilən yükgötürmə qabiliyyəti həddinin aşmasına gətirib çıxara bilən, o cümlədən tökmə və qalaqla daşınan yükün kütləsinin təyin edilməsi tərəzidə çəkilməklə müəyyən edilir.
7.3. Yükün çəkilməsi aşağıdakılar tərəfindən təmin edilir:
7.3.1. yüklənilmə və boşaldılma işləri ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunda daşıyıcı tərəfindən həyata keçirildiyi hallarda - daşıyıcı tərəfindən;
7.3.2. yüklənilmə və boşaldılma işləri qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatında həyata keçirildikdə - yükgöndərən və (və ya) yükalan tərəfindən.
7.4. Bu Qaydaların 7.3.1-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yükgöndərən (yükalan) tərəfindən yükün çəkilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş yığım ödənilir.
7.5. Daşıyıcı yükün kütləsinin, həmçinin yükgöndərən tərəfindən qaimədə qeyd edilmiş digər məlumatların düzgünlüyünü yoxlamaq hüququna malikdir.
7.6. Yükgöndərən yükün adının, yük barədə xüsusi qeydlərin, onun xassələrinə dair məlumatların təhrif edilməsinə görə daşımanın dəyərinin aşağı salınmasına və ya dəmiryol nəqliyyatının istismarına və hərəkətin təhlükəsizliyinə təhdid edə bilən halların baş verməsinə, həmçinin dəmiryol nəqliyyatı ilə daşınması qadağan edilən yüklərin göndərilməsinə görə qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.
8. Yüklərin çatdırılma müddəti
8.1. Daşıyıcı yükü təyinatı üzrə daşıma sənədində müəyyən edilmiş müddətdə çatdırmalıdır.
8.2. Çatdırılma müddətinin hesablanması yükün daşımaya qəbul edildiyi gündən növbəti gün saat 00:00-dan başlanılır.
8.3. Yükün daşımaya qəbul edildiyi tarix və çatdırılma müddətinin başa çatması tarixi daşıyıcı tərəfindən qaimədə və yükgöndərənə yükün qəbulu barədə verilən qəbzdə göstərilir.
9. Yükalanın məlumatlandırılması
9.1. Daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yükalana dərhal bildiriş verməlidir. Bildirişlərin verilməsi qaydası və üsulu tərəflərin razılaşması ilə müəyyən edilir.
9.2. Daşıyıcı yükün gəlməsi barədə yükalanı məlumatlandırmadıqda, yükalan yükün gəlməsi barədə məlumatı alana qədər vaqonların, konteynerlərin istifadəsinə və yükün saxlanmasına görə əlavə istifadə haqqı ödəmir.
9.3. Daşıyıcı vaqonların və ya konteynerlərin yük əməliyyatına verilməsi vaxtı barədə ən azı 2 (iki) saat əvvəldən müvafiq olaraq yükalanı və ya yükgöndərəni, habelə qeyri-ümumi istifadəli dəmir yolunun sahibini məlumatlandırır.
9.4. Daşıyıcı yük daşınması müqaviləsində nəzərdə tutulduğu hallarda yükalana onun ünvanına gələn yükün təyinat dəmiryol stansiyasına yaxınlaşmaqda olduğu barədə əvvəlcədən məlumat verir.
9.5. Yükün çatdırılması zamanı maneələrlə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq tənzimlənir.
10. Yüklərin təyinat dəmiryol stansiyasında yükalana təhvil verilməsi
10.1. Daşıyıcı təyinat dəmiryol stansiyasına gəlmiş yükü və qaiməni yükalana təqdim etməli, o da öz növbəsində yük daşınması müqaviləsinə görə daşımanın dəyərini ödəməli və yükü qəbul etməlidir.
10.2. Yükalan daşıma haqqını və daşıyıcıya ödənilməli olanı digər ödənişləri ödəməkdən yayındığı təqdirdə daşıyıcı yükgöndərəni yazılı formada məlumatlandırmaqla yükü müvəqqəti saxlamaya götürür və ya saxlama üçün üçüncü şəxsə verir, yükgöndərən isə belə bir məlumat aldıqda 4 (dörd) gün müddətində yükü təhvil almalıdır.
10.3. Bu Qaydaların 10.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində yükalan daşıyıcıya ödənilməli olan ödənişləri ödəmədikdə və yükgöndərən yükü təhvil almaqdan imtina etdikdə, daşıyıcı həmin yükü Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq özgəninkiləşdirmək hüququna malikdir.
10.4. Daşıyıcı onun təqsiri üzündən yükün itirildiyi və ya məhv olduğu halda, habelə, çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.
11. Yüklərin daşınması ilə əlaqədar pretenziya və iddialar
11.1. Yükgöndərən, yükalan, daşıyıcı, infrastruktur sahibi, digər fiziki və hüquqi şəxslər daşıma prosesində onların təqsiri üzündən dəymiş zərərə görə məsuliyyət daşıyırlar.
11.2. Yük daşınması müqaviləsinin tərəfləri yükün daşınması ilə bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməlidirlər.
11.3. Yükün daşınması ilə əlaqədar iddia müddətləri və iddianın verilməsi qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. ______________________