2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudov Mahmud Avdı oğlu 2024-cü il avqustun 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, həmin dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 saylı qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini və həmin seçki dairəsi üzrə digər qeydə alınmış namizədin seçkiqabağı təşviqatın aparılması zamanı qanun pozuntularına yol verdiyini iddia edərək, onun barəsində qanunauyğun tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma zamanı ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
M. A. Mahmudov müraciətində 24 avqust 2024-cü il tarixdə 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyasına yazılı müraciət etdiyini, həmin seçki dairəsi üzrə digər qeydə alınmış namizəd Qaya Məmməd oğlu Məmmədovun seçkiqabağı çap təşviqat materiallarında – flayerlərdə Seçki Məcəlləsinin 87.3-cü və 87.5-ci maddələrinin tələblərinin pozulduğunu və buna görə Məcəllənin 87.9-cu maddəsinə uyğun olaraq tədbirlər görülməsini xahiş etdiyini bildirmişdir.
Dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli qərarı ilə müraciət təmin edilməmişdir. Dairə seçki komissiyası öz qərarını onunla əsaslandırmışdır ki, qeydə alınmış namizəd Q. M. Məmmədov seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq seçkiqabağı təşviqat zamanı çap olunan seçkiqabağı təşviqat materiallarının surətlərini (nüsxələrini) 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyasına təqdim etmişdir. Araşdırma zamanı təqdim edilmiş materiallara yenidən baxış keçirilmiş və müəyyən edilmişdir ki, təşviqat materiallarında sifarişçinin adı, materialları hazırlayan təşkilatın adı, tirajı və buraxılış tarixi barədə məlumatlar qeyd edilmişdir. Araşdırma nəticəsində seçkiqabağı təşviqat materialları hazırlanarkən qanunvericiliyin tələblərinin pozulması halı öz təsdiqini tapmamışdır.
Dairə seçki komissiyasının iclasında qeydə alınmış namizəd M. A. Mahmudovun iştirakı təmin edilmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından M. A. Mahmudovun şikayətinin araşdırılması materialları, həmçinin dairə seçki komissiyasına rəsmi olaraq Q. M. Məmmədov tərəfindən təqdim olunmuş seçkiqabağı çap təşviqat materiallarının surətləri (nüsxələri) tələb olunaraq araşdırılmışdır.
Müraciətin araşdırılması ilə əlaqədar 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının sədrindən, katiblərindən, üzvündən və dairə seçki komissiyası katibliyinin baş məsləhətçisindən alınan izahatlardan müəyyən olunur ki, Q. M. Məmmədov seçki qanunvericiliyinin tələblərinə tam uyğun olaraq çap olunmuş seçkiqabağı təşviqat materiallarının surətlərini (nüsxələrini) və digər zəruri məlumatları qanunvericiliklə müəyyən olunmuş müddətdə dairə seçki komissiyasına təqdim etmişdir.
Həmçinin dairə seçki komissiyasında tərtib edilmiş 24 avqust 2024-cü il tarixli aktdan məlum olur ki, dairə seçki komissiyasında aparılan araşdırma zamanı qeydə alınmış namizəd Q. M. Məmmədov tərəfindən Seçki Məcəlləsinin 87.4-cü maddəsinə uyğun olaraq dairə seçki komissiyasına təqdim edilmiş çap təşviqat materiallarının surətlərinə (nüsxələrinə) şikayətçi M. A. Mahmudovun iştirakı ilə baxış keçirilərkən həmin çap təşviqat materiallarının üzərində zəruri məlumatların olması öz təsdiqini tapmışdır.
Araşdırma prosesində qeydə alınmış namizəd Q. M. Məmmədovun seçkiqabağı təşviqat materiallarının çap olunduğu mətbəəyə göndərilən sorğuya cavab olaraq verilmiş 28 avqust 2024-cü il tarixli arayışda Q. M. Məmmədovun sifarişi ilə hazırlanmış seçkiqabağı çap təşviqat materiallarının üzərində müvafiq rekvizitlər (materialları sifariş edənin, hazırlayan təşkilatın adı, tirajı və buraxılış tarixi) göstərilməklə 9 avqust 2024-cü il tarixdə çap edilərək sifarişçiyə təhvil verildiyi göstərilmiş, eyni zamanda, təqdim olunmuş müvafiq hesab-fakturalar əsasında həmin çap təşviqat materiallarının dəyərinin ödənildiyi müəyyən edilmişdir.
Araşdırma ilə qeydə alınmış namizəd Q. M. Məmmədova aid seçkiqabağı çap təşviqat materiallarının Seçki Məcəlləsinin 87.3-cü maddəsinin tələblərinə uyğun olaraq çap edildiyi bir daha öz təsdiqini tapmışdır.
Beləliklə, araşdırma ilə müəyyən edilir ki, qeydə alınmış namizəd M. A. Mahmudovun həmin seçki dairəsindən digər qeydə alınmış namizəd Q. M. Məmmədovun seçkiqabağı çap təşviqat materiallarında – flayerlərdə Seçki Məcəlləsinin 87.3-cü və 87.5-ci maddələrinin tələblərinin pozulmasına dair iddiası öz təsdiqini tapmadığından şikayətin təmin edilməsi üçün əsaslar yaranmamış, bu əsasla M. A. Mahmudovun şikayətini təmin etməməklə dairə seçki komissiyası düzgün hüquqi nəticəyə gəlmişdir.
Göstərilənlərə əsasən qeydə alınmış namizəd M. A. Mahmudovun müraciəti əsassız olduğundan təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı qüvvədə saxlanılmalıdır.
Yuxarıda qeyd edilənlərə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.1-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 87-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudov Mahmud Avdı oğlunun 27 avqust 2024-cü il tarixli 32 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 26 avqust 2024-cü il tarixli 20/74 saylı qərarı qüvvədə saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov