2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 125 saylı Zəngilan–Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsiman Qara oğlu Yaqublu 25 avqust 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 99.1-99.4-cü və 166-cı maddələrinin tələbinə uyğun olaraq, seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırla¬naraq Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş müddətdə seçki dairələrinin dairə seçki komissiyalarına çatdırılmışdır.
Seçki Məcəlləsinin 99.10-cu maddəsində göstərilir ki, seçki bülletenləri hazırlandıqdan sonra bəzi namizədlər çıxdıqda və ya onların qeydiyyatı ləğv edildikdə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə dairə və ya məntəqə seçki komissiyaları seçki bülletenlərindən belə namizədlər və ya siyasi partiyalar, siyasi partiyaların blokları barədə məlumatları, çap olunmuş seçki bülletenində qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku haqqında məlumata əlavə və ya dəyişikliklər haqqında müvafiq məlumatları məntəqə seçki komissiyasının məlumat lövhəsində yerləşdirir.
Seçicilərin məlumatlandırılması üçün 125 saylı Zəngilan–Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsiman Qara oğlu Yaqublunun vəfat etməsi barədə məlumat həmin seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənlərə və Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 99-cu və 166-cı maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 125 saylı Zəngilan–Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsiman Qara oğlu Yaqublunun vəfat etməsi barədə məlumat həmin seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilsin.
2. Bu Qərarın icrası 125 saylı Zəngilan–Qubadlı seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov