AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.11-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilsin.
2. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilsin (siyahı əlavə olunur).
3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli stansiyası ünvanında olan Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilsin.
4. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci və 2-ci hissələri icra olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etsinlər.
6. Bu Qərarın 1-ci və 2-ci hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2025-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanarkən bu Qərardan irəli gələn maliyyələşdirmə məsələlərini nəzərə alsın. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 21 avqust 2024-cü il № 378
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 21 avqust tarixli 378 nömrəli Qərarına əlavə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilən tibb müəssisələrinin SİYAHISI
1. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim Sanitar Xidmətinin Bakı Dəmir Yolu Xəstəxanası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
2. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim Sanitar Xidməti Gəncə Dəmir Yolu Xəstəxanası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
3. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Ələt Dəmir Yolu Xəstəxanası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
4. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin İmişli Dəmir Yolu Xəstəxanası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
5. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin 1 saylı Bakı Dəmir Yolu Poliklinikası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
6. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin 2 saylı Bakı Dəmir Yolu Poliklinikası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
7. "Hacıqabul Dəmir Yolu Ambulatoriyası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
8. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim Sanitar Xidmətinin "Xaçmaz Dəmir Yolu Ambulatoriyası" Məhdud Məsuliyyətli Cəmiyyəti. ______________________