2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacıyev Oktay Cəfər oğlu 3 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 2 avqust 2024-cü il tarixli 29/77 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və onun namizədliyinin qeydə alınmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah olunmuş, onun araşdırmada və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə O. C. Hacıyevin namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və dairə seçki komissiyasının 19 iyul 2024-cü il tarixli 20/49 saylı Qərarı ilə namizədliyi təsdiq edilmişdir.
Namizəd O. C. Hacıyev tərəfindən namizədliyin qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri 27 iyul 2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim edilmişdir.
Dairə seçki komissiyası namizədliyi özü tərəfindən irəli sürülmüş O. C. Hacıyevin deputatlığa namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 2 avqust 2024-cü il tarixli 29/77 saylı Qərarını onunla əsaslandırmışdır ki, namizəd təqdim etdiyi əmlak barəsində məlumatda mülkiyyətində olan Bakı şəhərində yerləşən iki mənzili və iki nəqliyyat vasitəsini göstərməmişdir.
Araşdırma ilə müəyyən edilmişdir ki, namizəd O. C. Hacıyev tərəfindən Bakı şəhəri ərazisində yerləşən iki mənzil alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmiş, lakin alıcı tərəfindən həmin əmlaklar mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilməmişdir.
Həmçinin araşdırma ilə nəqliyyat vasitələrinin namizəd O. C. Hacıyevə məxsus olması da öz təsdiqini tapmamışdır.
Beləliklə, müraciət əsaslı olduğundan təmin edilməli, O. C. Hacıyevin namizəd kimi qeydə alınmasından imtinaya dair 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının 2 avqust 2024-cü il tarixli 29/77 saylı Qərarı ləğv edilməli və onun namizədliyi həmin seçki dairəsi üzrə qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 60.1-ci, 112-ci, 112-1-ci, 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə öz təşəbbüsü ilə irəli sürülmüş Hacıyev Oktay Cəfər oğlunun 3 avqust 2024-cü il tarixli 11 saylı müraciəti təmin edilsin, həmin dairə seçki komissiyasının 2 avqust 2024-cü il tarixli 29/77 saylı Qərarı ləğv edilsin.
2. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə Hacıyev Oktay Cəfər oğlunun namizədliyi qeydə alınsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov