2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şəfaqətov Rüstəm Şahvələd oğlu 2024-cü il iyulun 29-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, səlahiyyətli nümayəndəsi tərəfindən namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün müvafiq seçki sənədlərinin 25 iyul 2024-cü ildə təqdim olunduğunu, ancaq dairə seçki komissiyası tərəfindən sənədlərin qəbul edilməsinə dair arayışın 29 iyul 2024-cü il tarixdə verildiyini iddia edərək, namizədliyin qeydə alınması üçün müəyyən edilmiş müddətin başa çatmaq üzrə olduğunu nəzərə alaraq namizədliyinin təsdiq edilməsini və imza toplanılması üçün imza vərəqələrinin ona tez verilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Araşdırma ilə səlahiyyətli nümayəndə tərəfindən R. Ş. Şəfaqətovun namizədliyinin irəli sürülməsi üçün seçki sənədlərinin dairə seçki komissiyasına 29 iyul 2024-cü il tarixində təqdim edilməsi müəyyən olunmuşdur.
Seçki Məcəlləsinin 53.6-cı maddəsinə əsasən müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir.
Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddətinin Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən başa çatmaq üzrə olduğunu nəzərə alaraq R. Ş. Şəfaqətovun müraciətinin təmin edilməsini, təqdim olunmuş seçki sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun olduğu təqdirdə onun namizədliyinin irəli sürülməsinin təsdiq edilərək ona qısa müddətdə imza vərəqələrinin verilməsinin 89 saylı İsmayıllı seçki dairəsinin dairə seçki komissiyasına həvalə olunmasını mümkün hesab edir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 53-cü, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rüstəm Şahvələd oğlu Şəfaqətovun 29 iyul 2024-cü il tarixli 04 saylı müraciəti təmin edilsin, təqdim edilmiş seçki sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun olduğu təqdirdə gecikdirilmədən onun namizədliyinin təsdiq edilməsi məsələsinə baxılması və ona imza vərəqələrinin verilməsi həmin seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov