AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 30 iyul 2024-cü il № 365
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra — Vergi Məcəlləsi) 15.1.15-4-cü maddəsinə əsasən hazırlanmışdır və təsərrüfat əməliyyatları aparılan zaman vergi ödəyicisi tərəfindən malları (işləri, xidmətləri) ona təqdim edən digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına (bundan sonra — məlumatlar) çıxış əldə etməsi qaydasını, təqdim edilən məlumatların dairəsi və hədlərini, habelə məlumatların təqdim edilməsi üzrə verilən sorğuların uçotunun aparılması qaydasını müəyyən edir.
1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
1.3. Məlumatlar dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları istisna olmaqla yalnız sorğulanan və vergi ödəyicisi kimi uçota alınmış şəxslər üzrə təqdim edilir. 2. Təqdim edilən məlumatların dairəsi və hədləri
2.1. Müvafiq sorğu üzrə təqdim edilən məlumatlar sorğuda göstərilən vergi ödəyicisinin adı (hüquqi şəxslərə münasibətdə adı, fiziki şəxslərə münasibətdə adı, soyadı və atasının adı), VÖEN-i və tarix üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) məlumat bazalarında olan vəziyyəti ifadə edir və məlumatın göndərilməsinə razılıq verən vergi ödəyicisi (bundan sonra - kontragent) tərəfindən təsdiq edilir.
2.2. Sorğular üzrə kontragentin aşağıdakı məlumatları təqdim edilə bilər:
2.2.1. qeydiyyat tarixi;
2.2.2. uçotda olduğu vergi orqanı;
2.2.3. hüquqi şəxslərə münasibətdə qanuni təmsilçisi;
2.2.4. əgər mövcuddursa əvvəlki VÖEN-i;
2.2.5. təsərrüfat subyektləri (obyektləri) barədə məlumat (təsərrüfat subyektlərinin (obyektlərin) adı, aktivlik statusu, sahəsi və uçot kodu);
2.2.6. qeydiyyat tarixi və uçotda olduğu vergi orqanı göstərilməklə Azərbaycan Respublikasında yerləşən filial və nümayəndəlikləri;
2.2.7. riskli vergi ödəyicisi olub-olmaması;
2.2.8. vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə vaxtı keçmiş öhdəlikləri, o cümlədən faizlər və maliyyə sanksiyaları üzrə borclar;
2.2.9. əsas və əlavə fəaliyyət növləri;
2.2.10. hüquqi şəxslərə münasibətdə qeydiyyatdan keçmiş nizamnamə kapitalı;
2.2.11. təqdim edilmiş bəyannamə məlumatlarına əsasən dövriyyə məlumatları (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə);
2.2.12. təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əsas vəsaitlərin və aktivlərin dəyəri (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə);
2.2.13. son 24 ay üzrə həyata keçirilmiş idxal və ixrac əməliyyatlarının dəyəri;
2.2.14. cari tarixə muzdlu işçilərin sayı və bəyan edilmiş orta aylıq əməkhaqqı məbləği;
2.2.15. barəsində Dövlət Vergi Xidməti tərəfindən başlanılmış və ya həmin Xidmət tərəfindən ibtidai istintaqı aparılan cinayət işinin mövcud olub-olmaması;
2.2.16. 3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə əldə edilmiş mallara dair məlumatlar (təqdim edilmə tarixi, malın adı, kodu, miqdarı, dəyəri).
2.3. Məlumatlar yalnız malları (işləri, xidmətləri) təqdim edən şəxsin ilkin qiymətləndirilməsinin həyata keçirilməsi üçün nəzərdə tutulur və vergi ödəyicisinin digər mənbələr hesabına (o cümlədən kontragentə əlavə sorğu göndərilməklə) məlumatlar əldə etməsini istisna etmir.
3. Məlumatların təqdim edilməsi qaydası
3.1. Vergi Məcəlləsinin 15.1.15-4-cü və 16.1.11-14-cü maddələrinin tələbləri nəzərə alınmaqla məlumatlar sorğu edən vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi Portalında yerləşən kabineti vasitəsilə elektron müraciəti əsasında 2 (iki) iş günü müddətində məlumatları açıqlanan kontragent tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi üçün elektron formada ona təqdim edilir.
3.2. Sorğu edən vergi ödəyicisinə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan məlumatlardan (Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən vergi sirri (kommersiya) və şəxsi həyata dair məlumat hesab olunmayan məlumatlar istisna olmaqla) yalnız məlumatları açıqlanan kontragentin təsdiq etdiyi məlumatlar açıqlanır. Kontragent tərəfindən bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan məlumatlardan birinin və ya bir neçəsinin açıqlanmasına razılıq verilə bilər
3.3. 3 (üç) iş günü müddətində kontragent tərəfindən sorğu təsdiqlənmədiyi halda həmin sorğu ləğv olunur.
3.4. Sorğu edən vergi ödəyicisi tərəfindən eyni vergi ödəyicisinə əvvəl göndərilən sorğuya 3 (üç) iş günü müddətində münasibət bildirilmədən təkrar sorğu göndərilməsinə yol verilmir.
4. Sorğuların uçotunun aparılması
4.1. Portal üzərindən sorğulanmış məlumatların uçotu Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) vasitəsilə həyata keçirilir.
4.2. AVİS Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra —EHİS) inteqrasiya edilir və digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsi EHİS vasitəsilə həyata keçirilir.
4.3. Fərdi məlumatların AVİS-də toplanılması, işlənilməsi, ötürülməsi və mühafizəsi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
4.4. Fərdi məlumatların işlənildiyi AVİS "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır.
5. Məsuliyyət Bu Qaydalarda nəzərdə tutulmuş digər vergi ödəyicilərinin vergi orqanında olan kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatlarının sorğu edən vergi ödəyicisi tərəfindən üçüncü şəxslərə ötürülməsinə görə sorğu edən vergi ödəyicisi Vergi Məcəlləsinin 30.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. ______________________ №-li nüsxə