AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr"in təsdiq edilməsi haqqında "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə" 2008-ci il 13 mart tarixli 735 nömrəli, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 2266 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 24 may 2024-cü il № 276
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 may tarixli 276 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr
1. Ümumi müddəa Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr (bundan sonra − sahələr) "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 94-1.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və müstəqil ekspertlər tərəfindən həyata keçirilən fəaliyyət sahələrini müəyyən edir.
2. Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr
2.1. Müstəqil ekspertlər aşağıdakı sahələr üzrə fəaliyyət göstərirlər:
2.1.1. avtomobil nəqliyyatı sahəsi − bütün avtonəqliyyat vasitələri;
2.1.2. dəmir yolu nəqliyyatı sahəsi − bütün dəmir yolu nəqliyyatı vasitələri;
2.1.3. su nəqliyyatı sahəsi − bütün dəniz və daxili su nəqliyyatı vasitələri;
2.1.4. hava nəqliyyatı sahəsi − bütün hava nəqliyyatı vasitələri;
2.1.5. əmlak sahəsi — daşınmaz əmlak və bu sahələrdə qeyd olunan digər fəaliyyət sahələrinə aid olmayan daşınar əmlaklar;
2.1.6. maliyyə sahəsi − kreditorların əmlak mənafeləri, əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə və kommersiya fəaliyyətində baş verən fasilə ilə əlaqədar sığortalıların əmlak mənafeləri, habelə hüquqi xidmətlər və icraatların keçirilməsi ilə bağlı xərclər;
2.1.7. mühəndislik sahəsi — dəzgah, avadanlıq, maşın və mexanizmlər, texniki qurğular, montaj və quraşdırma işləri, təmir və inşaat, elektron cihazlar;
2.1.8. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları sahəsi − bütün kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları;
2.1.9. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar sahəsi − bütün kənd təsərrüfatı heyvanları;
2.1.10. akvakultura məhsulları sahəsi − akvakultura yolu ilə balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən akvakultura obyektləri. _________________ №-li nüsxə