AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları"nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin .....................məbləğinin müəyyən edilməsi haqqında "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2443 nömrəli Fərmanının 2.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 (doxsan səkkiz) manat müəyyən edilsin. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 20 may 2024-cü il № 267
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi QAYDALARI
1. Ümumi müddəa Bu Qaydalar "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra − Qanun) 6.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydalarını müəyyən edir.
2. Test nümunələrinin hazırlanması, ekspertizası və təsdiqi
2.1. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra − Mərkəz) tərəfindən təşkil edilir.
2.2. Test tapşırıqlarının hazırlanması üçün müvafiq qiymətləndirmə fəaliyyəti istiqamətlərinə dair proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və ədəbiyyatın siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet saytında (bundan sonra − sayt) yerləşdirilir.
2.3. Test imtahanı bir mərhələdə keçirilir və proqrama uyğun olaraq hazırlanmış 30 (otuz) test tapşırığından ibarətdir. Test tapşırıqlarının aşağıdakı növləri vardır:
2.3.1. qapalı tipli - verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
2.3.2. açıq tipli - cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazılı formada ifadə olunması tələb olunan test tapşırıqları.
2.4. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir:
2.4.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır;
2.4.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır;
2.4.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır;
2.4.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır;
2.4.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.
2.5. Açıq tipli test tapşırıqları Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır.
2.6. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir. Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır.
2.7. Təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir.
2.8. Qanunvericilikdə edilmiş dəyişikliklər, elmi-texniki tərəqqi və s. nəzərə alınmaqla, test bankında toplanılmış test tapşırıqları mütəmadi ekspertizadan keçirilir.
2.9. Test tapşırıqlarının hazırlanması, ekspertizası, saxlanılması və istifadəsi zamanı onların konfidensiallığı Mərkəz və bu prosesə cəlb edilmiş digər şəxslər tərəfindən təmin edilir.
3. Test imtahanın təşkili və keçirilməsi
3.1. İmtahanın təşkili, keçirilməsi və imtahan nəticəsində şəhadətnamələrin verilməsi Mərkəz tərəfindən həyata keçirilir.
3.2. İmtahanın təşkili ilə əlaqədar Mərkəz:
3.2.1. imtahanın keçirilmə tarixindən ən azı 45 (qırx beş) gün əvvəl sənəd qəbuluna dair elan verir;
3.2.2. imtahanın keçirilməsi ilə əlaqədar bu Qaydaların 3.4-cü bəndində qeyd olunan sənədləri qəbul edir;
3.2.3. imtahanın keçirilməsinə ən azı 5 (beş) təqvim günü qalmış imtahanda iştirak edəcək namizədlərin buraxılış vərəqəsini və imtahan qaydaları barədə məlumatlar əks olunan yaddaş kitabçasını saytda yerləşdirir;
3.2.4. imtahanın qrafikini və aparılma texnologiyasını müəyyən edir;
3.2.5. imtahan suallarına dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə, həmin siyahının xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;
3.2.6. imtahanın təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar ərizə, şikayət və təkliflərə baxır və həll edir;
3.2.7. imtahanın qrafikini saytında yerləşdirir;
3.2.8. imtahanda iştirak edəcək hər bir namizədə şəxsi eyniləşdirmə kodu verir;
3.2.9. imtahan nəzarətçilərini müəyyən edir;
3.2.10. imtahanın nəticəsi elan edildikdən sonra 5 (beş) iş günü müddətində imtahanı müvəffəqiyyətlə vermiş namizədlərə qiymətləndirmə fəaliyyətinin müvafiq istiqaməti üzrə ixtisas şəhadətnamələri verir.
3.3. İmtahan il ərzində 2 (iki) dəfə mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində və ya regionlar üzrə keçirilir.
3.4. Mərkəz bu Qaydaların 3.2.1-ci yarımbəndinə uyğun olaraq saytda ixtisas şəhadətnaməsi almaq məqsədilə imtahanın keçirilməsi haqqında sənəd qəbuluna dair elan verir. Namizəd elan verildiyi gündən 30 (otuz) gün müddətində imtahanda iştirak etmək üçün fərdi identifikasiya nömrəsini (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərməklə, saytda yaratdığı "Şəxsi kabinet"i vasitəsilə aşağıda qeyd edilən sənədlər və (və ya) məlumatlar əsasında Mərkəzə elektron qaydada müraciət edir:
3.4.1. ali təhsil haqqında sənədin (diplomun) surəti;
3.4.2. 3 (üç) illik iş stajına malik olmasını təsdiq edən sənədin surəti;
3.4.3. məhkumluq barədə arayış.
3.5. Mərkəz tərəfindən bu Qaydaların 3.4-cü bəndində qeyd olunan sənədlərin və (və ya) məlumatların Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və (və ya) məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir. Namizəd barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilibedilməməsi haqqında məlumat Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə "Elektron məhkəmə" informasiya sistemindən əldə edilir. Belə məlumatın "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda namizədin razılığı ilə sorğu əsasında müvafiq məhkəmədən əldə olunur və ya namizəd tərəfindən təmin edilir.
3.6. Namizəd elektron müraciətində əldə etmək istədiyi ixtisas şəhadətnaməsinə uyğun olaraq qiymətləndirmə fəaliyyəti istiqamətlərindən birini seçir.
3.7. Namizəd müraciətini, bu Qaydaların 3.4-cü bəndində qeyd olunmuş sənədlərin və (və ya) məlumatların tamlığını və aktuallığını təsdiq edir.
3.8. İmtahanda iştirak etmək üçün namizədin müraciəti, sənədlərin və (və ya) məlumatların tamlığı və aktuallığı Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd imtahanda iştirak etmək üçün qeydə alınır. İmtahanda iştirak etmək hüququ olmadıqda, sənədlərində və (və ya) məlumatlarında çatışmazlıq (bu Qaydaların 3.5-ci bəndinin tələbə nəzərə alınmaqla) olduğu halda namizədə elektron bildiriş göndərilir. Namizədə çatışmazlıqları aradan qaldırmaq üçün 3 (üç) iş günü müddət verilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra namizəd imtahanda iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd imtahanda iştirak etmək üçün qeydə alınmır.
3.9. İmtahan sənəd qəbulunun başa çatdığı gündən ən geci 30 (otuz) gün müddətində qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.
3.10. İmtahanın davametmə müddəti 1 (bir) saatdır.
3.11. İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır və həmin baldan 50 faiz və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
3.12. İmtahanda iştirak etmiş namizədə onun tələbi ilə Mərkəz tərəfindən imtahanın nəticəsi üzrə arayış verilir.
3.13. İmtahanın nəticəsindən narazı qalan namizəd nəticənin elan olunduğu vaxtdan 3 (üç) iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına müraciət edə bilər.
3.14. Müraciətə aidiyyəti mütəxəssislər tərəfindən baxılır və namizədə Mərkəz tərəfindən əsaslandırılmış cavab verilir. Namizədin nəticələrinin düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablama aparılır və namizədin imtahan nəticələri yenilənir. Müraciətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.
3.15. İmtahanın nəticələri haqqında məlumat saytda yerləşdirilir.
3.16. İmtahan zamanı namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
3.16.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
3.16.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
3.16.3. imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu qəbildən olan əşyalarla girmək, özü ilə tütün məmulatı gətirmək;
3.16.4. səbəbindən asılı olmayaraq imtahan başlandığı andan yerini dəyişmək, gəzişmək, yerindən durmaq və imtahanın gedişinə mane olmaq;
3.16.5. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
3.16.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
3.16.7. cavab kartını (vərəqini) və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalını tərk etmək.
3.17. Namizədin bu Qaydaların 3.16-cı bəndində qeyd olunan hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
4. Qiymətləndiricilərə ixtisas şəhadətnamələrinin verilməsi
4.1. Mərkəz şəhadətnamələrin verilməsi üçün imtahanın nəticələri əsasında müvafiq qərar qəbul edir.
4.2. İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə şəhadətnamələr bu Qaydaların əlavəsində göstərilən formada tərtib olunur və Mərkəzin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilərək elektron formada Mərkəzin informasiya sistemi vasitəsilə təqdim edilir.
4.3. İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur.
_________________
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları"na əlavə Qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLƏNDİRİCİNİN İXTİSAS ŞƏHADƏTNAMƏSİ Qeydiyyat № __________ ________________________________________________ (şəhadətnaməni verən qurumun adı) ________________________________________________ (qiymətləndirmə fəaliyyətinin istiqaməti) ________________________________________________ (qiymətləndiricinin soyadı, adı və atasının adı) ________________________________________________ (şəhadətnamənin verildiyi tarix) Bu sənəd səlahiyyətli şəxsin elektron imzası ilə imzalanmışdır.