AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. "Azərbaycan İdman Akademiyasının Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan İdman Akademiyasının "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 13 may 2024-cü il № 253
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 may tarixli 253 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan İdman Akademiyasının NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (bundan sonra — Nazirlik) tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyası (bundan sonra — Akademiya) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.
1.2. Akademiya ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.
1.3. Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, "Publik hüquqi şəxslər haqqında", "Təhsil haqqında", "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Nazirliyin əmr və sərəncamlarını rəhbər tutur.
1.4. Akademiyanın müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, bank hesabı, üzərində Nazirliyin və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Akademiya "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Akademiyanın hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
1.6. Akademiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.7. Qanuna uyğun olaraq Akademiyanın əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Akademiya məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. Akademiya "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Akademiyanın elmi qurumları isə "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.
1.9. Akademiyada siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.10. Akademiya Bakı şəhəri, Fətəli Xan Xoyski prospekti, 98 ünvanında yerləşir.
2. Akademiyanın fəaliyyət istiqamətləri
2.1. Akademiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;
2.1.2. magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;
2.1.3. doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, iхtisas və elmi dərəcələrin yüksəldilməsi;
2.1.4. orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;
2.1.5. elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.
3. Akademiyanın vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Akademiyanın vəzifələri aşağıdakılardır:
3.1.1. ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək;
3.1.3. hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafını təmin etmək və təhsilalma tələblərini ödəmək;
3.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək;
3.1.5. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;
3.1.6. ali təhsilin müvafiq səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlanmasını həyata keçirmək;
3.1.7. profilinə uyğun olaraq elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparmaq və elmi-metodiki sənədlər hazırlamaq;
3.1.8. dövlət təhsil standartlarına və ayrı-ayrı pillələr və ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər sənədləri səlahiyyətləri çərçivəsində hazırlamaq;
3.1.9. elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil etmək və həyata keçirmək;
3.1.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı Akademiyanın beynəlxalq fəaliyyətini və xarici əlaqələrini təmin etmək;
3.1.11. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.12. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etmək və "Psixoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım göstərmək;
3.1.13. hər bir təhsilalanın, valideynin və ya digər qanuni nümayəndənin Akademiyanın Nizamnaməsi və dövlət akkreditasiyası haqqında sənədlə tanış olmasına şərait yaratmaq;
3.1.14. Akademiyanın əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə aidiyyəti üzrə məlumat vermək;
3.1.16. Akademiyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.17. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.18. Akademiyaya ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.19. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.20. Akademiyanın informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.21. "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə və "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmaq;
3.1.22. Akademiyanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.23. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;
3.1.24. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.25. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədi, habelə müvafiq arayış vermək;
3.1.26. "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarından, habelə bu Nizamnamədən irəli gələn digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Akademiyanın aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq struktur bölmələrində Nazirliyin razılığı ilə orta ixtisas təhsili həyata keçirmək;
3.2.2. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq vətəndaşların əlavə təhsil almasını təşkil etmək;
3.2.3. xarici dövlətlərin ali təhsil müəssisələri ilə bağlanılmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq beynəlxalq təhsil proqramlarını həyata keçirmək;
3.2.4. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikasında və xarici dövlətlərin ərazisində filiallar (Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla), idarə və nümayəndəliklər açmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq;
3.2.5. "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin ali təhsil müəssisələri, təşkilatları ilə, beynəlxalq qurumlarla və fondlarla əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq, tələbə və müəllim mübadiləsini və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək;
3.2.6. elmi əsərlər, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq və nəşr etmək;
3.2.7. "Təhsil haqqında" və "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
3.2.8. təhsilalanlar və əməkdaşlar üçün idman, sağlamlıq, iaşə və məişət xidmətləri təşkil etmək və göstərmək;
3.2.9. fəxri professor (doktor) adı vermək;
3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.11. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.12. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.13. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.15. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.16. "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarından, habelə bu Nizamnamədən irəli gələn digər hüquqları həyata keçirmək.
3.3. Akademiyada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
3.4. Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ali təhsil pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir.
3.5. Akademiyada tədris ali təhsil pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Nazirliyin təsdiq etdiyi təhsil proqramları ilə həyata keçirilir.
3.6. Akademiyada təlim-tərbiyə prosesinin təşkili ilə bağlı digər məsələlər "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respub- likasının qanunlarına, həmçinin həmin qanunlardan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.
4. Akademiyanın idarə olunması
4.1. Akademiya aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, "Təhsil haqqında", "Elm haqqında", "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq idarə edilir.
4.2. Akademiyanın təsisçisinin səlahiyyətləri aşağıdakılardır:
4.2.1. Akademiyanın Nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.2.2. idarəetmə orqanlarının yaradılması;
4.2.3. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.2.4. inkişaf istiqamətlərinin müəyyən edilməsi və illik maliyyə hesabatlarının təsdiqi;
4.2.5. Akademiyanın strukturunun təsdiqi;
4.2.6. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
4.2.7. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə Akademiyaya aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 (beş) faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanılmasına razılıq verilməsi;
4.2.8. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
4.2.9. Akademiyanın yenidən təşkili və ləğv edilməsi.
4.3. Bu Nizamnamədə dəyişikliklər Akademiyanın Elmi Şurasında müzakirə olunur və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
4.4. Akademiyaya münasibətdə təsisçinin səlahiyyətlərini (Akademiyanın rektorunun vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, həmçinin bu Nizamnamənin 4.2.1-ci, 4.2.2-ci və 4.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər istisna olmaqla) Nazirlik həyata keçirir.
4.5. Akademiyanın ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi müvafiq əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.
4.6. Akademiyanın strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 (üç) nəfər olmaqla Nazirlik təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.
4.7. Akademiyada tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-Metodiki Şura yaradılır. ElmiMetodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.
4.8. Akademiyanın cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.
4.9. Rektor Akademiyanın mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, Akademiyanın maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur.
4.10. Rektorun fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.
4.11. Rektor:
4.11.1. Akademiyanın cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;
4.11.2. Akademiyanı dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq qurumlarla, digər hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil edir;
4.11.3. Akademiyanın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.11.4. Akademiyanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər verir və sənədlər (o cümlədən, Akademiyanın maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;
4.11.5. müəyyən edilmiş struktur daxilində əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, Nazirliklə razılaşdırmaqla xərclər smetasını, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir;
4.11.6. Akademiyanın işçilərinin (prorektorlar və daxili audit bölməsinin əməkdaşları istisna olmaqla), o cümlədən Nazirliklə razılaşdırmaqla onun idarə, filial, nümayəndəlik və tabeliyindəki digər qurumların, habelə struktur bölmə rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;
4.11.7. Akademiyanın fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.11.8. Elmi Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir;
4.11.9. özünün və Akademiyanın digər vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.11.10. Elmi Şura qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurası qarşısında isə Akademiyanın cari fəaliyyətinə dair hesabatlar verir;
4.11.11. Akademiyanın işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.11.12. Akademiyanın əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, bu Nizamnamənin 3.1.18-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
4.11.13. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Akademiyanın adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, Nazirliyin razılığı ilə Akademiyanın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri Akademiyanın aktivlərinin 5 (beş) faizini və daha çox, həmçinin 5 (beş) faizədək hissəsini təşkil edən əqd) bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.11.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı komissiyalar və işçi qruplar yaradır;
4.11.15. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.11.16. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.11.17. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
4.11.18. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
4.11.19. Akademiyanın cari fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir.
4.12. Akademiyanın 6 (altı) prorektoru vardır. Akademiyanın prorektorlarının sayı Nazirliklə razılaşdırılmaqla dəyişdirilə bilər. Prorektorlar Akademiyanın rektorunun təqdimatı əsasında Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Rektor olmadıqda,
Akademiyanın fəaliyyətinə rəhbərliyi Nazirliyin müəyyən etdiyi prorektor həyata keçirir.
4.13. Akademiya təhsil kompleksi və kampus formasında fəaliyyət göstərə bilər. Akademiyanın strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər.
4.14. Akademiyada elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Professor-müəllim heyəti, dekan və kafedra müdiri vəzifələrinin tutulması seçki, digər vəzifələrin tutulması isə təyinolunma yolu ilə həyata keçirilir və rektorun əmri ilə (prorektorun təyin edilməsi istisna olmaqla) rəsmiləşdirilir.
4.15. Təhsilalanların, təhsilverənlərin, Akademiyanın inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunları, bu Nizamnamə və Akademiyanın daxili intizam qaydaları, eləcə də Akademiya ilə əmək münasibətləri olan şəxslərə münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan əmək müqavilələri ilə tənzimlənir.
5. Akademiyanın nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Akademiyanın nizamnamə fondu 19.767.070 (on doqquz milyon yeddi yüz altmış yeddi min yetmiş) manatdır.
5.2. Akademiyanın əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunda nəzərdə tutulan digər vəsaitdən formalaşır.
5.3. Akademiyanın balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
5.4. Akademiya ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Akademiyanın əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.
5.5. Bu Nizamnamənin 5.3-cü bəndi nəzərə alınmaqla, Akademiya əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirliklə razılaşdırmaqla həyata keçirir.
5.6. Akademiya mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Akademiyanın əmlakının idarə edilməsi ilə bağlı fəaliyyətinə nəzarəti Nazirlik, yaxud Nazirliyin səlahiyyət verdiyi şəxs həyata keçirir.
5.7. Akademiyanın maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır.
5.8. Akademiya "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir.
5.9. Akademiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun maliyyələşdirilir.
5.10. Akademiya bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
5.11. Akademiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün Akademiya Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri, ianələr və digər qanuni maliyyə mənbələri hesabına idman klubları yarada və ya onlarda iştirak edə bilər.
5.12. Akademiyanın bu Nizamnamənin 5.2-ci bəndində qeyd edilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.
5.13. Akademiyanın fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir.
5.14. Akademiya fəaliyyətindən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası"na uyğun olaraq xərcləyir.
5.15. Akademiyada dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən olunur. Akademiyanın ödənişli təhsil xidmətlərinin və bu Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin və xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.
6. Akademiyanın fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Akademiyanın fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Akademiyanın idarəetmə orqanları həyata keçirirlər.
6.2. Nazirlik Akademiyada plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər.
6.3. Akademiyanın fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
6.4. Akademiyanın fəaliyyətinə nəzarətin digər formaları "Təhsil haqqında" və "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.
6.5. Akademiya idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyətəsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
6.6. Akademiyanın fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün Himayəçilər Şurası kənar auditor təyin edir və onun audit hesabatını qəbul edir.
6.7. Akademiyada daxili audit bölməsinin fəaliyyətinə Himayəçilər Şurası nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edir.
7. Akademiyada uçot və hesabat
7.1. Akademiya "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Akademiya "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
8. Akademiyanın yenidən təşkili və ləğv edilməsi Akademiyanın yenidən təşkilini və ləğv edilməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. _________________