1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2013-cü il 15 aprel tarixli Q-11 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bəndin ikinci cümləsində "Büdcə təşkilatlarının" sözlərindən sonra "(bundan sonra — təşkilatlar)" sözləri əlavə edilsin;
1.2. 2.1-ci və 2.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"2.1. Tabeli təşkilatlar tərəfindən illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 30-dan gec olmayaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas təşkilatına təqdim edilir.
2.2. Tabeli təşkilatı olmayan təşkilatlar və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən təşkilatlar tərəfindən müvafiq olaraq illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin iyun ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir."
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinə tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin. Kollegiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov