AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Azərbaycan Milli Konservatoriyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Milli Konservatoriyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasına çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. "Azərbaycan Milli Konservatoriyasının Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Milli Konservatoriyasının "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 2 aprel 2024-cü il № 189
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 aprel tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Milli Konservatoriyasının NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra — Nazirlik) tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyası (bundan sonra — AMK) Azərbaycan Milli Konservatoriyasının çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.
1.2. AMK ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.
1.3. AMK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, "Publik hüquqi şəxslər haqqında", "Təhsil haqqında", "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, əmr və sərəncamlarını rəhbər tutur.
1.4. AMK-nin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, bank hesabı, üzərində Nazirliyin və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. AMK "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. AMK-nin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
1.6. AMK öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.7. Qanuna uyğun olaraq AMK-nin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. AMK məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. AMK "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, onun elmi qurumları isə "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.
1.9. AMK-də siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.10. AMK Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 7 ünvanında yerləşir.
2. AMK-nin fəaliyyət istiqamətləri
2.1. AMK-nin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;
2.1.2. magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;
2.1.3. doktorantura təhsil səviyyəsində fəlsəfə doktoru proqramı üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;
2.1.4. orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;
2.1.5. elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.
3. AMK-nin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq AMK-nin vəzifələri aşağıdakılardır:
3.1.1. ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək;
3.1.3. hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafını, təhsilalma tələblərini ödəmək;
3.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək;
3.1.5. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;
3.1.6. ali təhsilin müvafiq səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlanmasını həyata keçirmək;
3.1.7. profilinə uyğun olaraq elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparmaq və elmi-metodiki sənədlər hazırlamaq;
3.1.8. dövlət təhsil standartlarına, ayrı-ayrı pillələr və ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə dair digər sənədləri səlahiyyətləri çərçivəsində hazırlamaq;
3.1.9. elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil etmək və həyata keçirmək;
3.1.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı AMK-nin beynəlxalq fəaliyyətini və xarici əlaqələrini təmin etmək;
3.1.11. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.12. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etmək və "Psixoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım göstərmək;
3.1.13. hər bir təhsilalanın, valideynin və ya digər qanuni nümayəndənin AMK-nin nizamnaməsi və dövlət akkreditasiyası haqqında sənədlə tanış olmasına şərait yaratmaq;
3.1.14. AMK-nin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi məqsədilə tədbirlər görmək;
3.1.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə aidiyyəti üzrə məlumat vermək;
3.1.16. AMK-nin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.17. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.18. AMK-yə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.19. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.20. AMK-nin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.21. "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə və "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmaq;
3.1.22. AMK-nin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.23. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;
3.1.24. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.25. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədi, habelə müvafiq arayış vermək;
3.1.26. "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarından, habelə bu Nizamnamədən irəli gələn digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün AMK-nin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq struktur bölmələrində Nazirliyin razılığı ilə orta ixtisas təhsilini həyata keçirmək;
3.2.2. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq vətəndaşların əlavə təhsil almasını təşkil etmək;
3.2.3. xarici dövlətlərin ali təhsil müəssisələri ilə bağlanılmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq beynəlxalq təhsil proqramlarını həyata keçirmək;
3.2.4. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikasında və xarici dövlətlərin ərazisində filiallar (Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla), idarə və nümayəndəliklər açmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq;
3.2.5. "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa və fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, xarici ölkələrin ali təhsil müəssisələri, təşkilatları ilə, həmçinin beynəlxalq qurumlarla və fondlarla əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək;
3.2.6. elmi əsərlər, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq və nəşr etmək;
3.2.7. "Təhsil haqqında" və "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
3.2.8. təhsilalanlar və əməkdaşlar üçün idman, sağlamlıq, iaşə və məişət xidmətləri təşkil etmək və göstərmək;
3.2.9. fəxri professor (doktor) adı vermək;
3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.11. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.12. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.13. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.15. əməkdaşlarını dövlət təltifləri və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.16. "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarından və bu Nizamnamədən irəli gələn digər hüquqları həyata keçirmək.
3.3. AMK-də təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
3.4. Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ali təhsil pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir.
3.5. AMK-də tədris ali təhsil pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Nazirliyin təsdiq etdiyi təhsil proqramları ilə həyata keçirilir.
3.6. AMK-də təlim-tərbiyə prosesinin təşkili ilə bağlı digər məsələlər "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarına, həmçinin həmin qanunlardan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.
4. AMK-nin idarə olunması
4.1. AMK aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, "Təhsil haqqında", "Elm haqqında", "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq idarə edilir.
4.2. AMK-nin təsisçisinin səlahiyyətləri aşağıdakılardır:
4.2.1. AMK-nin Nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.2.2. idarəetmə orqanlarının yaradılması;
4.2.3. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.2.4. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
4.2.5. AMK-nin strukturunun təsdiq edilməsi;
4.2.6. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, filial və nümayəndəliklərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.2.7. xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə AMK-yə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 (beş) faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanılmasına razılıq verilməsi;
4.2.8. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
4.2.9. AMK-nin yenidən təşkili və ləğv edilməsi.
4.3. Bu Nizamnamədə dəyişikliklər AMK-nin Elmi Şurasında müzakirə olunur və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
4.4. AMK-yə münasibətdə təsisçinin səlahiyyətlərini (AMK-nin rektorunun vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi, həmçinin bu Nizamnamənin 4.2.1-ci, 4.2.2-ci və 4.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər istisna olmaqla) Nazirlik həyata keçirir.
4.5. AMK-nin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi müvafiq əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.
4.6. AMK-nin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 (üç) nəfər olmaqla Nazirlik təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.
4.7. AMK-də tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmimetodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.
4.8. AMK-nin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.
4.9. Rektor AMK-nin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, AMK-nin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur.
4.10. Rektorun fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.
4.11. Rektor:
4.11.1. AMK-nin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;
4.11.2. AMK-ni dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq qurumlarla, digər hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil edir;
4.11.3. AMK-nin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.11.4. AMK-nin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər verir və sənədlər (o cümlədən, AMK-nin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;
4.11.5. müəyyən edilmiş struktur daxilində əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri), Nazirliklə razılaşdırmaqla gəlir və xərclər smetasını, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir;
4.11.6. AMK-nin işçilərinin (prorektor, filial və nümayəndəliklərin rəhbərləri istisna olmaqla), o cümlədən Nazirliklə razılaşdırmaqla, idarə və tabeliyindəki digər qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu Nizamnamənin 6.7-ci bəndi nəzərə alınmaqla), habelə AMK-nin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;
4.11.7. AMK-nin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.11.8. Elmi Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir;
4.11.9. özünün və AMK-nin digər vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.11.10. Elmi Şura qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurası qarşısında isə AMK-nin cari fəaliyyətinə dair hesabat verir;
4.11.11. AMK-nin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.11.12. AMK-nin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, bu Nizamnamənin 3.1.18-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
4.11.13. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində AMK-nin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, Nazirliyin razılığı ilə AMK-nin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri AMK-nin aktivlərinin 5 (beş) faizini və daha çox, həmçinin 5 (beş) faizədək hissəsini təşkil edən əqd) bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.11.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı komissiyalar və işçi qruplar yaradır;
4.11.15. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.11.16. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.11.17. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
4.11.18. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
4.11.19. AMK-nin cari fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir.
4.12. AMK-nin 3 (üç) prorektoru vardır. AMK-nin prorektorlarının sayı Nazirliklə razılaşdırmaqla dəyişdirilə bilər. Prorektorları AMK rektorunun təqdimatı əsasında Nazirlik təyin edir. Rektor olmadıqda AMK-nin fəaliyyətinə rəhbərliyi Nazirliyin müəyyən etdiyi prorektor həyata keçirir.
4.13. AMK təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. AMK-nin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisə və təşkilatları yaradıla bilər.
4.14. AMK-də elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Professor-müəllim heyəti, dekan və kafedra müdiri vəzifələrinin tutulması seçki, digərləri isə təyinolunma yolu ilə həyata keçirilir və rektorun əmri ilə (prorektorun təyin edilməsi istisna olmaqla) rəsmiləşdirilir.
4.15. Təhsilalanların, təhsilverənlərin, AMK-nin inzibati, inzibatiidarəetmə, inzibati-təsərrüfat və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunları, bu Nizamnamə və AMK-nin daxili intizam qaydaları ilə, eləcə də AMK ilə əmək münasibətləri olan şəxslərə münasibətdə Azərbaycan
Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan əmək müqavilələri ilə tənzimlənir.
5. AMK-nin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. AMK-nin nizamnamə fondu 27.024.023 (iyirmi yeddi milyon iyirmi dörd min iyirmi üç) manatdır.
5.2. AMK-nin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunda nəzərdə tutulan digər vəsaitdən formalaşdırılır.
5.3. AMK-nin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
5.4. AMK ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. AMK-nin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.
5.5. Bu Nizamnamənin 5.3-cü bəndi nəzərə alınmaqla, AMK əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirliklə razılaşdırmaqla həyata keçirir.
5.6. AMK mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. AMK-nin əmlakının idarə edilməsi ilə bağlı fəaliyyətinə nəzarəti Nazirlik və yaxud Nazirliyin səlahiyyət verdiyi şəxs həyata keçirir.
5.7. AMK-nin maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır.
5.8. AMK "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir.
5.9. AMK Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun maliyyələşdirilir.
5.10. AMK bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
5.11. AMK Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün AMK Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.
5.12. AMK-nin bu Nizamnamənin 5.2-ci bəndində qeyd edilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.
5.13. AMK-nin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir.
5.14. AMK fəaliyyətindən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası"na uyğun olaraq xərcləyir.
5.15. AMK-də dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən olunur. AMK-nin ödənişli təhsil xidmətlərinin və bu Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.
6. AMK-nin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. AMK-nin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada AMK-nin idarəetmə orqanları həyata keçirirlər.
6.2. Nazirlik AMK-də plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər.
6.3. AMK-nin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
6.4. AMK-nin fəaliyyətinə nəzarətin digər formaları "Təhsil haqqında" və "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.
6.5. AMK idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
6.6. AMK-nin fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün Himayəçilər Şurası kənar auditor təyin edir və onun audit hesabatını qəbul edir.
6.7. AMK-də daxili audit bölməsinin fəaliyyətinə Himayəçilər Şurası nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edir.
7. AMK-də uçot və hesabat
7.1. AMK "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. AMK "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
8. AMK-nin yenidən təşkili və ləğv edilməsi AMK-nin yenidən təşkilini və ləğv edilməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.