AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.1—25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydalarının və qeydiyyatın qüvvədəolma müddəti"nin və "Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul .... .olan yem məhsullarının siyahısı"nın təsdiq edilməsi barədə "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə" 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.1.7-ci və 1.1.10-cu yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.1—25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının siyahısı" təsdiq edilsin (2 nömrəli əlavə). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 13 mart 2024-cü il № 155
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.1—25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və ..............................qeydiyyatın qüvvədəolma müddəti
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 25.2-ci, 25.5-ci və 25.8-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və yeni növ qida məhsullarının, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının, qida əlavələrinin, yem əlavələrinin, bioloji aktiv qida məhsullarının və təbii mineral suların (bundan sonra — məhsullar) qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydalarını və qeydiyyatın qüvvədəolma müddətini müəyyən edir.
1.2. Bu Qaydaların məqsədi məhsulların Azərbaycan Respublikasının ərazisində istehsalı, emalı və (və ya) dövriyyəyə buraxılmasından əvvəl onların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş digər tələblərə uyğunluğunun müəyyən edilməsidir.
1.3. Bu Qaydalar elmi tədqiqat və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan məhsullara şamil edilmir.
1.4. Məhsulların qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra — Agentlik) tərəfindən həyata keçirilir.
1.5. Məhsulların tədqiqi (sınağı) "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyada aparılır.
1.6. Məhsulların tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız qida subyekti və ya onun səlahiyyətli nümayəndəsi (bundan sonra — ərizəçi) tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. yeni növ qida məhsulları — yeni texnologiyalar tətbiq edilməklə (o cümlədən, nanotexnologiyalar) emal nəticəsində yeni və ya dəyişdirilmiş molekulyar struktura malik olan, əvvəllər istifadə olunmayan xammaldan istehsal edilən və Azərbaycan Respublikası ərazisində insanların qidalanması üçün əvvəllər istifadə olunmamış qida məhsulları;
2.1.2. genetik modifikasiya olunmuş orqanizmlər (bundan sonra — GMO) — müasir biotexnoloji və ya gen mühəndisliyi üsulları ilə yaradılan, ənənəvi seleksiyada alınması mümkün olmayan, genetik materialın yeni kombinasiyasına malik və bu kombinasiyanı irsən nəslə ötürmək qabiliyyətinə qadir olan canlı orqanizmlər (bitki, heyvan və mikroorqanizmlər);
2.1.3. yem məhsulları — heyvanların qidalanmasında istifadə edilən emal olunmamış, yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddələr və yem əlavələri;
2.1.4. yem əlavələri — yem məhsullarına və suya məqsədli şəkildə əlavə olunan, heyvanların rasionunda çatışmayan maddələrin, mineralların və vitaminlərin mənbəyi kimi istifadə olunan üzvi, mineral və (və ya) sintetik mənşəli maddələr;
2.1.5. genetik modifikasiya — gen mühəndisliyi texnologiyasından istifadə etməklə bir donor orqanizmdən götürülmüş bir və ya bir neçə genin digər orqanizmə daxil edilməsi yolu ilə canlı orqanizmin genotipinin dəyişdirilməsi;
2.1.6. unikal identifikator — hər bir GMO üçün daşıdığı hər bir genin kodunu ehtiva edən, GMO-nun işlənilib hazırlandığı genetik modifikasiya növü əsasında müəyyən edilməsinə xidmət edən və həmin GMO-ya aid xüsusi məlumatı əldə etmək üçün vasitələri təmin edən sadə rəqəmli və ya hərf rəqəmli kod;
2.1.7. qida əlavələri — qida məhsullarına hər hansı bir texnoloji (o cümlədən, orqanoleptik) məqsədlə əlavə olunan, qida dəyərinin olub-olmamasından asılı olmayaraq ayrıca olaraq qida şəklində və ya qida məhsullarının səciyyəvi tərkib hissəsi kimi istehlak olunmayan, birbaşa və həmçinin dolayı yolla qida məhsullarının tərkib hissəsi ola biləcək və ya onun xüsusiyyətlərinə (rənginə, dadına və s.) təsir edə biləcək hər hansı maddə;
2.1.8. qida əlavəsinin funksional sinfi — qida əlavəsinin malik olduğu texnoloji funksiyaya (antioksidləşdiricilər, dadlandırıcılar, qatılaşdırıcılar, şirinləşdiricilər, rəngləyicilər, qoruyucular, daşıyıcılar, turşular, turşuluq tənzimləyiciləri, yapıxmaya qarşı əlavələr, köpükyatırıcılar, həcm artırıcılar, emulqatorlar, emulsiyalaşdırıcı duzlar, bərkidicilər, dad və aromat gücləndiricilər, köpükləndiricilər, gel əmələ gətirənlər, parladıcılar, nəm saxlayıcılar, modifikasiya olunmuş nişasta, qablaşdırma qazları, propellantlar, qabardıcılar, metal birləşdiriciləri (sekvestrantlar), stabilizatorlar, un və çörək yaxşılaşdırıcıları, kontrast gücləndiricilər) əsasən aid edildiyi kateqoriya;
2.1.9. bioloji aktiv qida məhsulları — qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrin birindən və ya bir neçəsindən ibarət, gündəlik qəbuletmə dozası müəyyən edilmiş və dozalaşdırılmış (kapsul, tablet, ampul, damcı və digər analoji formada) qida məhsulları;
2.1.10. nutriyent — vitamin, mineral, zülal, yağ və karbohidratlar;
2.1.11. digər bioloji aktiv maddələr — nutriyentlər istisna olmaqla fizioloji təsirə malik digər maddələr (amin turşular, fermentlər, yağ turşuları, prebiotiklər və probiotiklər, bitki və bitki ekstraktları və s.);
2.1.12. təbii mineral su — mikrobioloji göstəriciləri baxımından təmiz, hər hansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan (sonradan tərkibinə əlavə mineral komponentlər əlavə edilməyən) təbii su;
2.1.13. məhsulların ekspertizası — bu Qaydalara uyğun olaraq təqdim edilmiş sənədlərin mövcudluğunun və düzgünlüyünün araşdırılması, məhsul nümunələrinin tədqiqi (sınağı).
2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
3. Məhsulların qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydalarına dair ümumi tələblər
3.1. Birbaşa qeydiyyata alınmış məhsullar istisna olmaqla digər məhsulların qeydiyyata alınması məqsədilə ərizəçi Agentliyə bu Qaydalar ilə müəyyən edilmiş məlumatları özündə əks edən müvafiq ərizə ilə müraciət edir.
3.2. Ərizə Azərbaycan dilində tərtib edilməlidir. Ərizəyə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydalara əsasən əlavə edilməli olan sənədlər Azərbaycan, rus və ya ingilis dillərində olmadıqda, onların Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi təqdim edilməlidir. Ərizə və ərizəyə əlavə olunan sənədlər kağız daşıyıcıda və (və ya) elektron sənəd formasında Agentliyə təqdim edilməlidir.
3.3. Sənədlərlə birgə tədqiqin (sınağın) aparılması üçün məhsulun 3 dəst nümunəsi və etalon nümunə dəsti təqdim edilməlidir.
3.4. Qeydiyyat üçün müraciətin nəticəsindən asılı olmayaraq Agentliyə təqdim edilmiş məhsulların nümunələri geri qaytarılmır.
3.5. Qeydiyyata alınma və ya qeydiyyatdan imtina 30 (otuz) gün müddətində həyata keçirilir.
3.6. Məhsulların qeydiyyatı məqsədilə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qaydaların 3.5-ci bəndində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, qeydiyyat üçün nəzərdə tutulmuş müddət hər dəfə 30 (otuz) gün olmaqla iki dəfə uzadıla bilər. Müddətin uzadılması barədə ərizəçiyə məlumat verilir.
3.7. Agentlik tərəfindən məhsulların tədqiqinin (sınağının) nəticələrindən asılı olaraq məhsulun qeydiyyata alınması və ya qeydiyyata alınmasından imtina edilməsi haqqında qərar qəbul edilir.
3.8. Qəbul edilmiş qərar 2 (iki) iş günü müddətində ərizəçiyə elektron və ya kağız daşıyıcıda təqdim edilir, yaxud sifarişli poçt vasitəsilə göndərilir.
3.9. Məhsulun qeydiyyata alınması haqqında qərar qəbul edildiyi halda, həmin məhsula qeydiyyat nömrəsi verilməklə bu barədə bu Qaydaların 10-cu hissəsində nəzərdə tutulmuş məlumatlar Qida Təhlükəsizliyi Reyestrinə (bundan sonra — Reyestr) daxil edilir və bu zaman ərizəçiyə hər hansı icazə sənədi verilmir.
3.10. Məhsulların qeydiyyatı "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icazə hesab edilmir.
3.11. Əvvəl qeydiyyata alınmış məhsula dair bu Qaydaların 4.5-ci, 5.5-ci, 6.6-cı, 7.6-cı, 8.7-ci və 9.4-cü bəndlərinə uyğun olaraq, məhsulun xüsusiyyətindən asılı olaraq müəyyən edilmiş məlumatlarda dəyişiklik baş verdikdə həmin məhsulun qeydiyyatı yenidən rəsmiləşdirilməlidir.
3.12. Qeydiyyatı yenidən rəsmiləşdirilən məhsulların qeydiyyatının qüvvəsi ilkin qeydiyyat müddəti ilə məhdudlaşır.
3.13. Məhsulun qeydiyyatının qüvvədəolma müddəti bitdikdən sonra həmin məhsulun istehsalına, emalına və dövriyyəsinə bu Qaydaların tələblərinə uyğun olaraq yol verilmir və bu barədə Reyestrdə müvafiq qeydlər aparılır.
3.14. Məhsulun qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilir:
3.14.1. məhsulun təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmadıqda;
3.14.2. təqdim edilmiş sənədlərdə yanlış və təhrif olunmuş məlumat aşkar edildikdə;
3.14.3. risk qiymətləndirilməsi nəticəsində insan və heyvan həyatına, habelə sağlamlığına mövcud və potensial təhlükə müəyyən edildikdə;
3.14.4. məhsulların qablaşdırılması və etiketlənməsi Qanuna, bu Qaydalara və qida sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olmadıqda.
3.15. Ərizəçi qeydiyyata alınmadan imtina barədə qərardan inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.
3.16. Qanunun 7-ci maddəsinə uyğun olaraq məhsulların insan və heyvan həyatına və sağlamlığına təhlükə ehtimalı müəyyən olunduqda, lakin elmi qeyri-müəyyənlik davam etdikdə daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün əlavə elmi məlumatların əldə edilməsinədək həmin məhsulların qeydiyyatı dayandırılır.
3.17. Əlavə elmi məlumatlar əldə edildikdən sonra insan və heyvan həyatına və sağlamlığına təhlükə ehtimalı öz təsdiqini tapmadıqda məhsulların qeydiyyatı dərhal bərpa edilir.
3.18. Məhsulların qeydiyyatının ləğv edilməsi aşağıdakı hallarda Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul edilməklə həyata keçirilir:
3.18.1. qeydiyyat üçün təqdim edilmiş sənədlərdə yanlış və təhrif olunmuş məlumatlar aşkar edildikdə;
3.18.2. insan və heyvan həyatına və sağlamlığına təhlükə ehtimalı öz təsdiqini tapdıqda;
3.18.3. birbaşa qeydiyyatı həyata keçirilmiş məhsullar bu Qaydaların 6.1-ci və 7.1-ci bəndlərində göstərilən məlumat bazalarından çıxarıldıqda;
3.18.4. məhsulun qeydiyyat müddəti bitdikdə.
3.19. Qeydiyyatı ləğv edilmiş məhsul barədə məlumatlar Reyestrdən dərhal çıxarılır və bu barədə Agentlik tərəfindən müvafiq qərar qəbul edilməklə 2 (iki) iş günü müddətində Agentliyin rəsmi internet səhifəsində və Reyestrdə yerləşdirilir.
3.20. Agentlik tərəfindən qeydiyyatı ləğv edilmiş məhsulun istehsalına, emalına və dövriyyəsinə (bu Qaydaların 5.8-ci, 7.9-cu, 8.10-cu və 9.7-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) yol verilmir.
3.21. Qida subyekti bu Qaydaların 3.18.1-ci və 3.18.2-ci yarımbəndlərinə uyğun olaraq qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.
4. Yeni növ qida məhsullarının qeydiyyatının xüsusiyyətləri
4.1. Yeni növ qida məhsullarının qeydiyyatının aparılması məqsədilə həmin məhsul barəsində mövcud olan elmi məlumatlar əsasında risk qiymətləndirilməsi aparılır.
4.2. Yeni növ qida məhsullarının qeydiyyata alınmasının uyğunluğunun qiymətləndirilməsi zamanı ərizə və sənədlər toplusunda göstərilən məlumatların tamlığı və doğruluğu yoxlanılır, təqdim edilmiş yeni növ qida məhsullarının insan və heyvan həyatına və sağlamlığına təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyən olunmuş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün tədqiqi (sınağı) aparılır.
4.3. Yeni növ qida məhsullarının qeydiyyatı ilə bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir:
4.3.1. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar;
4.3.2. məhsulun adı;
4.3.3. məhsulun təsviri: molekulyar strukturu, mənbə olaraq əldə edildiyi orqanizmlər (mikroorqanizmlər, göbələklər, yosunlar, bitkilər, heyvanlar) və tərkibi.
4.4. Ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
4.4.1. saflığı (konsentrasiyası) barədə məlumat;
4.4.2. istehsal və ya emal prosesinin təsviri və standartlaşdırma üzrə normativ sənəd (olduqda);
4.4.3. saxlanma şəraiti və yararlılıq müddəti;
4.4.4. digər ölkələrdə istifadəsinə dair məlumat;
4.4.5. istifadə şərtləri;
4.4.6. məhsulun tərkibi üzrə tədqiq (sınaq) protokolu və tədqiqin (sınağın) aparılması metodikası;
4.4.7. idxal edilən məhsula münasibətdə mənşə sertifikatı və səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizliyini təsdiq edən sənəd;
4.4.8. məhsula dair aparılmış elmi tədqiqat və risk qiymətləndirilməsinin nəticələri (olduqda).
4.5. Yeni növ qida məhsulları ilə bağlı məhsulların istifadə şərtlərinə dair məlumatlarda dəyişiklik baş verdikdə həmin məhsulların qeydiyyatı yenidən rəsmiləşdirilməlidir.
4.6. Yeni növ qida məhsulları müddətsiz qeydiyyata alınır.
5. GMO və yem məhsullarının qeydiyyatının xüsusiyyətləri
5.1. Bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilən siyahı ilə müəyyən olunan yem üçün istifadəsi nəzərdə tutulan GMO, habelə yalnız GMO-dan ibarət olan və ya tərkibində GMO olan və ya tərkibində GMO-dan əldə edilmiş məhsul olan yem məhsulları genetik modifikasiya növü nəzərə alınmaqla qeydiyyata alınır.
5.2. GMO və yem məhsullarının qeydiyyatının aparılması məqsədilə həmin məhsul barəsində mövcud olan elmi məlumatlar əsasında risk qiymətləndirilməsi aparılmalıdır.
5.3. Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyatı ilə bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
5.3.1. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar;
5.3.2. məhsulun adı;
5.3.3. idxal edilən məhsulun xarici ölkədə verilmiş unikal identifikatoru;
5.3.4. mənşə ölkəsi;
5.3.5. istehsal və ya emal edildiyi qida obyektinin adı və ünvanı.
5.4. Ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
5.4.1. təyinatına və xüsusiyyətinə dair məlumat;
5.4.2. genetik modifikasiya növünə dair məlumat;
5.4.3. istifadə şərtləri;
5.4.4. saxlanma şəraiti və yararlılıq müddəti;
5.4.5. idxal edilən məhsula münasibətdə mənşə sertifikatı və səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizliyini təsdiq edən sənəd;
5.4.6. genetik modifikasiya növünü identifikasiya etməyə imkan verən tədqiq (sınaq) metodları.
5.5. Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının unikal identifikatoru ilə bağlı dəyişiklik baş verdikdə həmin məhsulların qeydiyyatı yenidən rəsmiləşdirilməlidir.
5.6. Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyat müddəti 10 (on) ildir.
5.7. Qeydiyyatının qüvvədəolma müddəti bitmiş yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsulları üçün nəzərdə tutulmuş yararlılıq müddəti bitdikdən sonra məhsul barədə məlumat Reyestrdən çıxarılır.
5.8. Qeydiyyatının qüvvədəolma müddəti bitmiş yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyatının qüvvədə olduğu müddət ərzində istehsal olunmuş, emal edilmiş və ya idxal edilərək dövriyyəyə buraxılmış yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının həmin müddət bitdikdən sonrakı dövr ərzində də yararlılıq müddəti nəzərə alınmaqla dövriyyəsinə (idxalı istisna olmaqla) yol verilir.
6. Qida əlavələrinin qeydiyyatının xüsusiyyətləri
6.1. Beynəlxalq Kodeks Alimentarius Komissiyası (bundan sonra — Komissiya) və Avropa Qida Təhlükəsizliyi Qurumu (EFSA) tərəfindən elmi risk qiymətləndirilməsi nəticələrinə əsasən insan həyatına və sağlamlığına təhlükəsiz olduğu sübut edilən, qida məhsullarında istifadəsi nəzərdə tutulan və müvafiq olaraq Komissiyanın və Avropa Birliyinin qida əlavələrinə dair məlumat bazalarına daxil edilən qida əlavələri Agentlik tərəfindən birbaşa qeydiyyata alınaraq Reyestrə daxil edilir və həmin məlumat bazasındakı sonrakı dəyişikliklər nəzərə alınır.
6.2. Bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulan qida əlavələri istisna olmaqla, qida əlavələrinin qeydiyyatının aparılması məqsədilə həmin məhsul barəsində mövcud olan elmi məlumatlar əsasında risk qiymətləndirilməsi aparılır.
6.3. Risk qiymətləndirilməsi çərçivəsində qida əlavəsinin istifadəsinə əsaslı texnoloji zərurətin olması və digər mümkün texnoloji vasitələrlə istənilən məqsədə nail olunmasının mümkünlüyü və insan üçün yolverilən gündəlik istehlak dozası da qiymətləndirilir.
6.4. Qeydiyyat ilə bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
6.4.1. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar;
6.4.2. məhsulun adı və nömrəsi ("e" kodu);
6.4.3. aid edildiyi funksional sinif;
6.4.4. kimyəvi tərkibi;
6.4.5. mənşə ölkəsi;
6.4.6. istehsal və ya emal edildiyi qida obyektinin adı və ünvanı.
6.5. Qida əlavəsinin qeydiyyatı ilə bağlı təqdim edilən ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə olunur:
6.5.1. istifadə şərtləri, o cümlədən istifadəsi nəzərdə tutulan qida məhsulları və istifadə norması;
6.5.2. məhsulun eynilik və saflıq xüsusiyyətləri;
6.5.3. idxal edilən məhsula münasibətdə mənşə sertifikatı və səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş məhsulun təhlükəsizliyini təsdiq edən sənəd;
6.5.4. məhsulun tərkibi üzrə tədqiq (sınaq) protokolu və tədqiqin (sınağın) aparılması metodikası;
6.5.5. istehsal və ya emal prosesinin təsviri və standartlaşdırma üzrə normativ sənədi (olduqda);
6.5.6. məhsula dair aparılmış elmi tədqiqat və risk qiymətləndirilməsinin nəticələri (olduqda).
6.6. Qida əlavəsinə dair aşağıdakılarla bağlı dəyişiklik baş verdikdə həmin məhsulun qeydiyyatı yenidən rəsmiləşdirilməlidir:
6.6.1. adı, kimyəvi adı və ya nömrəsi ("e" kodu);
6.6.2. aid edildiyi funksional sinif;
6.6.3. istifadə şərtləri, o cümlədən istifadəsi nəzərdə tutulan qida məhsulları və istifadə norması.
6.7. Qida əlavələri müddətsiz qeydiyyata alınır.
7. Yem əlavələrinin qeydiyyatının xüsusiyyətləri
7.1. Avropa Qida Təhlükəsizliyi Qurumu (EFSA) tərəfindən elmi risk qiymətləndirilməsi nəticələrinə əsasən insan həyat və sağlamlığına təhlükəsiz olduğu sübut edilən, yemlərdə istifadəsi nəzərdə tutulan və Avropa Birliyinin yem əlavələrinə dair məlumat bazalarına daxil edilən yem əlavələri onların Avropa Birliyində qeydiyyat müddəti nəzərə alınmaqla, Agentlik tərəfindən birbaşa qeydiyyata alınaraq Reyestrə daxil edilir və həmin məlumat bazasındakı sonrakı dəyişikliklər nəzərə alınır.
7.2. Bu Qaydaların 7.1-ci bəndi nəzərə alınmaqla, yem əlavələrinin qeydiyyatının aparılması məqsədilə həmin məhsul barəsində mövcud olan elmi məlumatlar əsasında risk qiymətləndirilməsi aparılır.
7.3. Yem əlavələrinin qeydiyyatı məqsədilə onların heyvanlar üzərində tətbiq edilərək istehsalat sınağından keçirilməsi təmin olunur.
7.4. Qeydiyyat ilə bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
7.4.1. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar;
7.4.2. məhsulun adı və əmtəə nişanı;
7.4.3. məhsulun emal olunduğu obyektin adı və ünvanı;
7.4.4. mənşə ölkəsi.
7.5. Ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
7.5.1. idxal edilən məhsula münasibətdə mənşə sertifikatı və səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizliyini təsdiq edən sənəd;
7.5.2. eynilik və saflıq xüsusiyyətləri, eyniləşdirmə və saflıq analizi metodları;
7.5.3. məhsulun tərkibi, keyfiyyəti və təhlükəsizliyi üzrə tədqiq (sınaq) protokolu və tədqiqin (sınağın) aparılması metodikası;
7.5.4. yem əlavələrinin heyvanlar üzərində tətbiq edilərək istehsalat sınağından keçirilməsini təsdiq edən sənəd;
7.5.5. istehsal və ya emal prosesinin təsviri;
7.5.6. saxlanma şərtləri və yararlılıq müddəti.
7.6. Yem əlavələrinə dair istifadə şərtləri dəyişdikdə həmin məhsulların qeydiyyatı yenidən rəsmiləşdirilməlidir.
7.7. Bu Qaydaların 7.1-ci bəndində qeyd olunan yem əlavələrinin qeydiyyat müddətləri nəzərə alınmaqla Agentlik tərəfindən qeydiyyata alınan yem əlavələrinin qeydiyyat müddəti 10 (on) ildir.
7.8. Qeydiyyatının qüvvədəolma müddəti bitmiş yem əlavələri üçün nəzərdə tutulmuş yararlılıq müddəti bitdikdən sonra məhsul barədə məlumat Reyestrdən çıxarılır.
7.9. Qeydiyyatının qüvvədəolma müddəti bitmiş yem əlavələrinin qeydiyyatının qüvvədə olduğu müddət ərzində istehsal olunmuş, emal edilmiş və ya idxal edilərək dövriyyəyə buraxılmış yem əlavələrinin həmin müddət bitdikdən sonrakı dövr ərzində də yararlılıq müddəti nəzərə alınmaqla dövriyyəsinə (idxalı istisna olmaqla) yol verilir.
8. Bioloji aktiv qida məhsullarının qeydiyyatının xüsusiyyətləri
8.1. Bioloji aktiv qida məhsulları qeydiyyata alınmazdan əvvəl "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 14-1.2-ci maddəsinə uyğun olaraq dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olmaması barədə son 1 (bir) il ərzində verilən ekspertiza rəyi ilə təmin edilməlidir.
8.2. Bioloji aktiv qida məhsulları həmin məhsulun təsiredici maddəsi (o cümlədən miqdarı), mənşə ölkəsi, istehsalçısı və emal edildiyi obyekt nəzərə alınmaqla qeydiyyata alınır.
8.3. Qeydiyyat nömrəsi bioloji aktiv qida məhsullarının qablaşdırılması və istifadə təlimatında qeyd edilməlidir.
8.4. Bioloji aktiv qida məhsullarının qablaşdırılması və etiketlənməsi aşağıdakı tələblərə uyğun olmalıdır:
8.4.1. məhsulun qablaşdırılması dövriyyənin bütün mərhələlərində onların təhlükəsizliyini və keyfiyyətini təmin etməli və qablaşdırılmada onlarla təmasa yol verilməyən materiallardan istifadə edilməməlidir;
8.4.2. idxal olunan məhsulun qablaşdırılması üzərində xarici dildə olan yazılar Azərbaycan dilində də olmalıdır;
8.4.3. qablaşdırılmanın üzərində "Dərman vasitəsi deyildir" və "Uşaqların əli çatmayan yerdə saxlayın" sözləri yazılmalı və onların bioloji aktiv qida məhsullarına aid olması göstərilməlidir;
8.4.4. 2-4 və ya 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş bioloji aktiv qida məhsullarının qablaşdırılmasında onun əmtəə nişanı ilə yanaşı, "2-4 yaşlı uşaqların istifadəsi üçün uyğundur" və ya "4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur" ifadələri göstərilməlidir. Bu yaş qrupu üçün nəzərdə tutulmayan məhsulun qablaş- dırılmasında uşaqlar üçün nəzərdə tutulduğunu göstərən şəkil, rəsm və ifadə verilə bilməz;
8.4.5. məhsulun etiketlənməsi Qanunun 17.2-ci maddəsinə uyğun olaraq həyata keçirilməli və qablaşdırılmada (etiketdə) məhsulun istifadə qaydası, tərkibində göstərilən komponentlərin beynəlxalq adları, aktiv komponentlərin miqdarı və istehsalçı tərəfindən tövsiyə edilən gündəlik qəbuletmə dozası ilə yanaşı aşağıdakı məlumatlar da qeyd olunmalıdır:
8.4.5.1. istehsalçının adı, yerləşdiyi ölkə, ünvanı, əmtəə nişanı;
8.4.5.2. məhsulun buraxılış forması, partiya nömrəsi;
8.4.5.3. qablaşdırılmada olan doza;
8.4.5.4. məhsulun saxlanma şəraiti, yararlılıq müddəti (istehsal və son istifadə tarixləri göstərilməklə).
8.5. Qeydiyyat ilə bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
8.5.1. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar;
8.5.2. məhsulun adı və əmtəə nişanı;
8.5.3. məhsulun mənşə ölkəsi.
8.6. Bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı təqdim edilən ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə olunur:
8.6.1. bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulmuş ekspertiza rəyinin surəti;
8.6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın 3.3-cü bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar;
8.6.3. idxal edilən məhsula münasibətdə mənşə və uyğunluq sertifikatları, həmçinin HACCP və ya GMP sertifikatları, səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizliyini təsdiq edən sənəd;
8.6.4. məhsulun istehsal edildiyi ölkədə dövriyyədə olmasını təsdiq edən rəsmi sənəd;
8.6.5. məhsulun tərkibi üzrə tədqiq (sınaq) protokolu və tədqiqin (sınağın) aparılması metodikası;
8.6.6. məhsulun yararlılıq müddətini təsdiq edən sınaqlara dair məlumat;
8.6.7. məhsul 2-14 yaşında uşaq və hamilə qadınların istifadəsi üçün tövsiyə edildikdə müvafiq tədqiqatların protokolları.
8.7. Bioloji aktiv qida məhsuluna dair aşağıda qeyd edilən məlumatlarda dəyişiklik baş verdikdə həmin məhsulun qeydiyyatı yenidən rəsmiləşdirilməlidir:
8.7.1. məhsulun qablaşdırılma həcmi, habelə vahid qablaşdırılmada olan məhsul sayı və ya miqdarı dəyişildikdə;
8.7.2. məhsulun tərkibindəki rəngləyici, sabitləşdirici, aromatizator kimi köməkçi maddələrində dəyişikliklər olduqda.
8.8. Bioloji aktiv qida məhsullarının qeydiyyat müddəti 5 (beş) ildir.
8.9. Qeydiyyatının qüvvədəolma müddəti bitmiş bioloji aktiv qida məhsulları üçün nəzərdə tutulmuş yararlılıq müddəti bitdikdən sonra məhsul barədə məlumat Reyestrdən çıxarılır.
8.10. Qeydiyyatının qüvvədəolma müddəti bitmiş bioloji aktiv qida məhsullarının qeydiyyatın qüvvədə olduğu müddət ərzində emal edilmiş və ya idxal edilərək dövriyyəyə buraxılmış bioloji aktiv qida məhsullarının həmin müddət bitdikdən sonrakı dövr ərzində də yararlılıq müddəti nəzərə alınmaqla dövriyyəsinə (idxalı istisna olmaqla) yol verilir.
9. Təbii mineral suların qeydiyyatının xüsusiyyətləri
9.1. Qablaşdırılması nəzərdə tutulan təbii mineral sular əldə olunduğu yeraltı yatağı və ya süxuru nəzərə alınmaqla qeydiyyata alınır.
9.2. Qeydiyyat ilə bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
9.2.1. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar;
9.2.2. qablaşdırılmış təbii mineral suyun adı, əmtəə nişanı, təbii mineral suların əldə olunduğu yeraltı yatağın və ya süxurun adı, yerləşdiyi ölkə və ünvanı.
9.3. Təbii mineral suların qeydiyyatı ilə bağlı təqdim edilən ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
9.3.1. yeraltı yataqdan və ya süxurdan əldə olunan təbii mineral suyu qablaşdırılacaq qida subyektinin həmin su obyektindən istifadə hüququnu təsdiq edən sənəd (Azərbaycan Respublikasında yerləşən su obyektlərinə münasibətdə xüsusi məqsədlər üçün istifadə icazəsi);
9.3.2. tərkibin, o cümlədən mineral komponentlərin tədqiqinə (sınağına) dair protokol və tədqiqin (sınağın) aparılması metodikası;
9.3.3. idxal edilən məhsula münasibətdə mənşə sertifikatı və səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizliyini təsdiq edən sənəd.
9.4. Təbii mineral suların mineral komponentlərində dəyişiklik baş verdikdə həmin suların qeydiyyatı yenidən rəsmiləşdirilməlidir.
9.5. Təbii mineral suyun qeydiyyat müddəti 5 (beş) ildir.
9.6. Qeydiyyatının qüvvədəolma müddəti bitmiş təbii mineral sular üçün nəzərdə tutulmuş yararlılıq müddəti bitdikdən sonra məhsul barədə məlumat Reyestrdən çıxarılır.
9.7. Qeydiyyatının qüvvədəolma müddəti bitmiş təbii mineral suların qeydiyyatın qüvvədə olduğu müddət ərzində istehsal və ya emal edilmiş və ya idxal edilərək dövriyyəyə buraxılmış təbii mineral suların həmin müddət bitdikdən sonrakı dövr ərzində də yararlılıq müddəti nəzərə alınmaqla dövriyyəsinə (idxalı istisna olmaqla) yol verilir.
9.8. Qablaşdırılmış mineral suların etiketlənməsi və üzərində qeyd olunan qidalanma və sağlamlıq bəyanlarına dair məlumatlar qida təhlükəsizliyi sahəsində müəyyən edilmiş texniki normativ hüquqi aktlarla tənzimlənir.
10. Məhsulların xüsusiyyətləri nəzərə alınmaqla Reyestrə daxil edilən məlumatlar
10.1. Reyestr axtarış aparan bütün şəxslər üçün açıqdır.
10.2. Qeydiyyata alınmış hər bir məhsula 6 (altı) rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir və qeydiyyat tarixi müəyyən edilir.
10.3. Yeni növ qida məhsullarına münasibətdə Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
10.3.1. məhsulun adı;
10.3.2. məhsulun tərkibi;
10.3.3. yeni və ya dəyişdirilmiş molekulyar struktura malik olan, əvvəllər istifadə olunmayan xammaldan istehsal olunmasına dair məlumat;
10.3.4. məhsulun istifadə şərtləri;
10.3.5. məhsulun qeydiyyat nömrəsi və qeydiyyat tarixi.
10.4. GMO və GMO-lu yem məhsuluna münasibətdə Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
10.4.1. GMO-nun təsviri və spesifikasiyası (daxil edilən genlər və xüsusiyyətlər);
10.4.2. transformasiya hadisəsi;
10.4.3. unikal identifikator;
10.4.4. məhsulun qeydiyyat nömrəsi, qeydiyyat tarixi və qeydiyyatın bitmə tarixi.
10.5. Qida əlavələrinə münasibətdə Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
10.5.1. adı və nömrəsi ("e" kodu);
10.5.2. aid edildiyi funksional sinif;
10.5.3. eynilik və saflıq xüsusiyyətləri;
10.5.4. kimyəvi tərkibi;
10.5.5. istifadə şərtləri, o cümlədən istifadəsi nəzərdə tutulan qida məhsulları və istifadə norması;
10.5.6. məhsulun qeydiyyat nömrəsi və qeydiyyat tarixi.
10.6. Yem əlavələrinə münasibətdə Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
10.6.1. adı və nömrəsi;
10.6.2. aid edildiyi funksional sinif və kateqoriya;
10.6.3. eynilik və saflıq xüsusiyyətləri;
10.6.4. kimyəvi tərkibi;
10.6.5. istifadə şərtləri, o cümlədən istifadəsi nəzərdə tutulan heyvanlar və istifadə norması;
10.6.6. məhsulun qeydiyyat nömrəsi, qeydiyyat tarixi və qeydiyyatın bitmə tarixi.
10.7. Bioloji aktiv qida məhsuluna münasibətdə Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
10.7.1. məhsulun adı və əmtəə nişanı;
10.7.2. mənşə ölkəsi;
10.7.3. istehsalçı barədə məlumat;
10.7.4. bioloji aktiv qida məhsulunun buraxılış forması və dozası;
10.7.5. gündəlik qəbuletmə dozası;
10.7.6. qablaşdırılma forması və bir qablaşdırılmada olan dozaların həcmi, miqdarı və ya sayı;
10.7.7. tərkibindəki aktiv komponentlərin beynəlxalq adları və kəmiyyət tərkibi;
10.7.8. yararlılıq müddəti;
10.7.9. məhsulun nəzərdə tutulduğu istifadəçi yaş aralığı;
10.7.10. məhsulun qeydiyyat nömrəsi, qeydiyyat tarixi və qeydiyyatın bitmə tarixi.
10.8. Təbii mineral sulara münasibətdə Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
10.8.1. qablaşdırılmış təbii mineral suyun adı, əmtəə nişanı və digər sənaye mülkiyyəti (vardırsa);
10.8.2. təbii mineral suların əldə olunduğu yeraltı yatağın və ya süxurun adı;
10.8.3. suların əldə olunduğu yeraltı yatağın və ya süxurun yerləşdiyi ölkənin adı və ünvanı;
10.8.4. tərkibi;
10.8.5. saxlanma şəraiti;
10.8.6. təbii mineral suyun qeydiyyat nömrəsi, qeydiyyat tarixi və qeydiyyatın bitmə tarixi. _________________
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 2 nömrəli əlavə Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş . .orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının SİYAHISI
1. Pambıq
2. Soya
3. Qarğıdalı
4. Kanola (raps) _________________ №-li nüsxə