AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və təchizat normasının və kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin siyahısının ....................................təsdiq edilməsi haqqında "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1460 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və təchizat norması" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin siyahısı" təsdiq edilsin (2 nömrəli əlavə).
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
3.1. iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etsin;
3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq bu Qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari il dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti il fevralın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
3.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanları, nəzarət-ölçü cihazları və digər xüsusi vasitələr ilə təminatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin büdcədənkənar vəsaiti hesabına həyata keçirilir. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 13 fevral 2024-cü il № 90
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 fevral tarixli 90 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və təchizat NORMASI
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra — Nazirlik) kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim forması (bundan sonra − geyim forması) onların geyim əşyalarının və fərqlənmə nişanlarının dəstidir.
1.2. Nazirliyin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçiləri dedikdə, Nazirliyin yanında Aqrar Xidmətlər Agentliyinin (bundan sonra — Agentlik) və Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən əməkdaşları nəzərdə tutulur.
1.3. Geyim əşyalarına baş geyimi, üst geyimləri, ayaqqabılar və digər geyim əşyaları daxildir:
1.3.1. baş geyimi - kepka;
1.3.2. üst geyimləri - qış gödəkçəsi, demisezon gödəkçə, pencək, şalvar, yubka;
1.3.3. ayaqqabılar - tufli, çəkmə, uzunboğaz çəkmə, demisezon ayaqqabı;
1.3.4. digər geyim əşyaları - köynək, pulover, örtük, bel kəməri, corab, qalstuk, əlcək.
1.4. Fərqlənmə nişanları Nazirliyə və müvafiq vəzifəyə mənsubiyyəti göstərir. Fərqlənmə nişanlarına kokarda, qol və döş nişanları aiddir.
1.5. Geyim formasının hazırlanması zamanı təhrifə yol verilməməsi məqsədilə onun boz rənginin "Pantone" rənglər kataloqunun "Pantone 444" rəng koduna, tünd boz rənginin "Pantone
431" rəng koduna, tünd göy rənginin "Pantone 295" rəng koduna uyğunluğu təmin edilir.
2. Geyim formasının qış və yay dəstləri
2.1. Geyim forması qış və yay dəstlərindən ibarətdir.
2.2. Qış dəsti - kepka, qış gödəkçəsi, demisezon gödəkçə, pencək, şalvar, yubka, uzunqol köynək, pulover, qalstuk, əlcək, bel kəməri, corab, demisezon ayaqqabı, çəkmə və uzunboğaz çəkmədən ibarətdir. Qış dəsti qalın və isti parçadan tikilir.
2.3. Yay dəsti - kepka, şalvar, yubka, qısaqol köynək, örtük, bel kəməri, corab və tuflidən ibarətdir.
3. Geyim əşyaları
3.1. Baş geyimi:
3.1.1. kepka:
3.1.1.1. kişilər üçün - tünd-göy rəngli parçadan tikilir. Təpə, dövrə hissələrindən və günlükdən ibarətdir. Günlük qara rəngli süni dəridən olub, eni 10 sm olan ön hissədən ibarətdir. Kepkanın ön tərəfinin mərkəzinə kokarda tikilir (şəkil 1.);
3.1.1.2. qadınlar üçün - rəngi və digər hissələrinin konstruksiyası kişilər üçün nəzərdə tutulanla eynidir (şəkil 1.).
3.2. Üst geyimləri:
3.2.1. qış gödəkçəsi:
3.2.1.1. kişilər üçün - əsas hissəsi boz, çiynin və qolların üst hissəsi tünd göy rəngli poliestr parçadan tikilir. Düzbiçimlidir, mərkəzdən zəncirbəndlə və sol laya tikilmiş 4 ədəd iri basmadüymə ilə düymələnən fiqurlu kəmərciklə bağlanır. Fiqurlu kəmərcik kənarı boyunca 0,5 sm enində bəzək tikişi ilə baxyalanır. Dik yaxalıqlıdır və yaxalığın eni 4 sm-dir. Ön hissədə 2 ədəd fiqurlu qapaqlı kəsik döş cibləri və ətək hissədə 2 ədəd fiqurlu qapaqlı üstdən tikmə cibi vardır. Kürək koketka və aşağı hissədən ibarətdir. Koketkanın və aşağı hissənin birləşmə tikişi 1 sm enində bəzək tikişi ilə baxyalanır. Gödəkçə astarlıdır, astarın döş hissəsində 2 daxili cibi vardır və açılıbçıxarılan sinteponla istiləşdirilmiş canlığı adi kiçik düymələrlə gödəkçəyə düymələnir. Plastik toqqalı tünd göy rəngli kəməri vardır. Gödəkçənin kürəyinin bel xəttində ortada, yan tikişlər səviyyəsində ətəyin ortasında kəmər keçirmək üçün 5 ədəd halqa (körpücük) tikilir. Qolları ikitikişlidir və sol döş cibinin qapağı üzərinə döş nişanı tikilir.
Hər iki qolun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda qol nişanı tikilir (şəkil 2.1.);
3.2.1.2. qadınlar üçün - sol tərəfə bağlanır. Rəngi və digər hissələrinin konstruksiyası kişilər üçün nəzərdə tutulanla eynidir (şəkil 2.2.);
3.2.2. demisezon gödəkçə:
3.2.2.1. kişilər üçün - əsas hissəsi boz, çiynin və qolların üst hissəsi tünd göy rəngli poliestr parçadan tikilir. Düzbiçimlidir və mərkəzdən zəncirbəndlə və sol laya tikilmiş 3 ədəd iri basmadüymə ilə düymələnən fiqurlu kəmərciklə bağlanır. Fiqurlu kəmərcik kənarı boyunca 0,5 sm enində bəzək tikişi ilə baxyalanır. Kürək koketka və aşağı hissədən ibarətdir. Ön hissədə 2 ədəd fiqurlu qapaqlı kəsik döş cibləri və ətək hissədə 2 ədəd fiqurlu qapaqlı üstdən tikmə cibi vardır. Qolları birtikişlidir, aşağı kənarları eni 6 sm olan elastik trikotaj manjetlidir. Dik yaxalıqlıdır və yaxalığın eni 4 sm-dir. Çiyin tikişi 0,5 sm enində bəzək tikişi ilə baxyalanır. Qurşağı eni 6 sm olan elastik trikotajdan tikilir və ön tərəfinin hər iki ucu eni 6 sm, uzunluğu 11 sm olan parçadandır. Astarlıdır və astar istiləşdirilmiş ara qatı ilə sırınır. Sol döş cibinin qapağı üzərinə döş nişanı tikilir. Hər iki qolun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda qol nişanı tikilir (şəkil 3.1.);
3.2.2.2. qadınlar üçün - qolların manjetinin və qurşağının eni 5 sm-dir. Qurşağın ön tərəfinin hər iki ucu eni 5 sm, uzunluğu 10 sm olan parçadandır. Sol tərəfə bağlanır. Rəngi və digər hissələrinin konstruksiyası kişilər üçün nəzərdə tutulanla eynidir (şəkil 3.2.);
3.2.3. pencək:
3.2.3.1. kişilər üçün - tünd-göy rəngli 50 faizli yun parçadan tikilir. Düzbiçimlidir, birbortludur və arxası ikihissəlidir. Arxasında ortada şlitslə tamamlanan tikiş vardır, hər bir bortun ətəyində ortada kiçik adi düymələr ilə düymələnən fiqurlu qapaqlı düz kəsik cibi vardır. Pencək astarlıdır və onun ön hissəsində bir adi kiçik düymə ilə düymələnən iki daxili kəsik cib vardır. Yaxalıq qatlanandır. Bort mərkəzdən bir sırada yerləşən 3 ədəd böyük adi düymə ilə sağ tərəfə düymələnir. Qolları ikitikişlidir və aşağı arxa hissəsinə bir sırada yerləşən 2 ədəd kiçik adi düymə tikilir. Pencəyin ön tərəfdən yuxarı sol küncünə döş nişanı tikilir. Hər iki qolun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda qol nişanı tikilir (şəkil 4.1.);
3.2.3.2. qadınlar üçün - yarıyapışıq biçimlidir, sol tərəfə düymələnir. Rəngi və digər hissələrinin konstruksiyası kişilər üçün nəzərdə tutulanla eynidir (şəkil 4.2.);
3.2.4. şalvar:
3.2.4.1. kişilər üçün - geyim formasının qış dəsti üçün şalvar əsas hissəsi boz rəngli 50 faizli yun parçadan tikilir. Yuxarı və aşağı hissələrdən ibarətdir. Düzbiçimlidir, eni 5,5 sm olan tikilmə qurşaqlıdır və ona 7 ədəd halqa (körpücük) tikilir. Ön hissəsi birbükümlüdür və yan kəsik cibləri vardır. Sağ arxa hissədə bir ilgək və bir düymə ilə düymələnən 1 ədəd fiqurlu qapaqlı kəsik birköbəli cib tikilir. Qurşağın sol tərəfi çıxıntılı, sağ tərəfi isə bərabər tikilir, dəmir ilgək və qarmaqla bağlanır. Çıxıntı isə 1 ədəd ilgək və adi düymə ilə düymələnir. Miyançası zəncirbəndlə bağlanır. Hər iki tərəfdə diz xəttindən yuxarıda üstdən tikmə fiqurlu qapaqlı cib vardır. Yuxarı və aşağı hissələr bir-birinə diz xəttində eni 1 sm olan ikili tikişlə birləşir. Şalvarın yan ciblərinin girişi, üstdən tikmə ciblərin fiqurlu qapağı və balağının 20 sm enində olan hissəsi tünd göy rəngdədir. Şalvarın ətəyi 4 sm enində içəri qatlanır. Geyim formasının yay dəsti üçün şalvar tünd-boz rəngli zərif toxunmuş pambıq parçadan tikilir. Düzbiçimlidir, eni 5,5 sm olan tikilmə qurşaqlıdır və ona 7 ədəd halqa (körpücük) tikilir. Ön hissəsi birbükümlüdür və yan kəsik cibləri vardır. Sağ arxa hissədə bir ilgək və bir düymə ilə düymələnən 1 ədəd fiqurlu qapaqlı kəsik birköbəli cib tikilir. Qurşağın sol tərəfi çıxıntılı, sağ tərəfi isə bərabər tikilir, dəmir ilgək və qarmaqla bağlanır. Çıxıntı isə 1 ədəd ilgək və adi düymə ilə düymələnir. Miyançası zəncirbəndlə bağlanır. Şalvarın ətəyi 4 sm enində içəri qatlanır (şəkil 3.1. və 5.1.);
3.2.4.2. qadınlar üçün - yarıyapışıq biçimlidir, eni 5 sm olan tikilmə qurşaqlıdır və ona 5 ədəd halqa (körpücük) tikilir. Ciblərinin girişi və qapağın kənarları bəzək tikişi ilə baxyalanır. Rəngi və digər hissələrinin konstruksiyası kişilər üçün nəzərdə tutulanla eynidir (şəkil
3.2. və 6.2.);
3.2.5. yubka - geyim formasının qış dəsti üçün tünd-boz rəngli 50 faizli yun parçadan tikilir və astarlıdır. Düzbiçimlidir, eni 5 sm olan tikilmə qurşaqlıdır. Arxası iki hissədən ibarətdir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Qurşağa kəmər üçün 2 ədəd öndə və 2 ədəd arxada eni 1 sm, uzunluğu 5 sm olan halqa (körpücük) tikilir. Arxadan zəncirbəndlə bağlanır və şlitsi vardır. Ətəyin uzunluğu diz xəttindən 5 sm aşağı olmalıdır. Geyim formasının yay dəsti üçün zərif toxunmuş pambıq parçadan tikilir. Rəngi və digər hissələrinin konstruksiyası qış yubkası ilə eynidir (şəkil 6.1.).
3.3. Ayaqqabılar:
3.3.1. tufli:
3.3.1.1. kişilər üçün - qara rəngli dəridən tikilir, burun, üz, yan, arxa hissələrindən və altlıqdan ibarətdir. Üz hissəsinin içliyi pambıq parçadan, digər hissələrinin içliyi isə dəridən tikilir. İçərisinə dəridən içlik qoyulur. Üstü hamar və naxışsızdır. Altlığı göndəndir. Dabana gön və rezin altlıq vurulur. Tənzimləyici rezinciyi vardır (şəkil 8.1.);
3.3.1.2. qadınlar üçün - qara rəngli dəridən tikilir, burun, üz, yan, arxa hissələrindən və altlıqdan ibarətdir. Üz hissəsinin içliyi pambıq parçadan, digər hissələrinin içliyi isə dəridən tikilir. İçərisinə dəridən içlik qoyulur. Üstü hamar və naxışsız olur, alçaq dabanlıdır. Altlığı göndəndir. Dabana gön və rezin altlıq vurulur. Burnu ensizdir, arxa hissəsi möhkəmləndirilmişdir (şəkil 8.2.);
3.3.2. çəkmə (yalnız kişilər üçün) - qara rəngli dəridən tikilir, burun, üz, yan, arxa hissələrindən və altlıqdan ibarətdir. Bir yan hissədən qara rəngli zəncirbəndlə bağlanır, digər yan hissədən rezinlə tənzimlənir. İçərisinə süni xəzdən içlik tikilir. Üstü hamar və naxışsızdır. Yan hissənin hündürlüyü 10 sm-dir. Çəkmənin altına tökmə üsulu ilə hazırlanan dabanlı altlıq yapışdırılır (şəkil 9.1.);
3.3.3. uzunboğaz çəkmə (yalnız qadınlar üçün) − qara rəngli dəridən tikilir, burun, üz, yan, arxa hissələrindən və altlıqdan ibarətdir. Yan hissədən zəncirbəndlə bağlanır. İçərisinə süni xəzdən içlik tikilir. Üstü hamar və naxışsızdır. Altlığı göndəndir. Dabana gön və rezin altlıq vurulur. Dabanı orta ölçüdədir. Burnu ensizdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir (şəkil 9.2.);
3.3.4. demisezon ayaqqabı:
3.3.4.1. kişilər üçün - qara rəngli dəridən tikilir, burun, üz, yan, arxa hissələrindən və altlıqdan ibarətdir. Üst hissədə mərkəzdə tənzimlənən rezinli kəmərlə və yapışqanlı lentlə bağlanır. İçərisinə parçadan istiləşdirilmiş içlik tikilir. Üstü naxışlı, dabanı və altlığı bütövdür, qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir (şəkil 10.1.);
3.3.4.2. qadınlar üçün - tünd-boz rəngli nubuk dəridən tikilir, burun, üz, yan, arxa hissələrindən və altlıqdan ibarətdir. Üst hissədə mərkəzdə tənzimlənən rezinli kəmərlə və yapışqanlı lentlə bağlanır. İçərisinə parçadan istiləşdirilmiş içlik tikilir. Üstü naxışlı, dabanı və altlığı bütövdür, qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir (şəkil 10.2.).
3.4. Digər geyim əşyaları:
3.4.1. köynək:
3.4.1.1. kişilər üçün uzunqol köynək - tünd-göy rəngli pambıq parçadan tikilir, düzbiçimlidir. Mərkəzdən diametri 1,1 sm olan 8 ədəd adi düymə və ilgəklərlə sağ tərəfə düymələnir. Qatlanan yaxalıqlıdır. Yaxalığın uclarda eni 7 sm, orta hissəsi isə 4 sm olur. Kürək koketkalıdır və həmin hissədə iki qatlama vardır. Köynəyin hər iki qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda qol nişanı tikilir. Qollar birtikişlidir və qolların aşağı kəsiyi fiqurlu manjetlidir. Manjetin eni 6 sm-dir, 2 düymə və ilgəklə, qol tikişinə birləşmə xəttində isə şlits 1 düymə və ilgəklə bağlanır. Ön tərəfdən yuxarı sol küncdə döş nişanı tikilir. Köynək şalvarın içinə salınır (şəkil 5.1.);
3.4.1.2. kişilər üçün qısaqol köynək - tünd-göy rəngli pambıq parçadan tikilir, düzbiçimlidir. Yaxa hissəsi mərkəzdən diametri 1,1 sm olan 3 ədəd adi düymə və ilgəklərlə sağ tərəfə düymələnir. Qatlanan yaxalıqlıdır. Köynəyin hər iki qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda qol nişanı tikilir. Qollar birtikişlidir, aşağısı 2 sm enində manjetlidir. Qolların uzunluğu dirsəkdən 3 sm yuxarı olur. Ön tərəfdən yuxarı sol küncdə döş nişanı tikilir. Köynək şalvarın üstünə salınır (şəkil 5.2.);
3.4.1.3. qadınlar üçün - yarıyapışıq biçimlidir və sol tərəfə düymələnir. Uzunqol köynəkdə qolların manjetinin eni 5 sm, qısaqol köynəklərdə isə 1,5 sm-dir. Rəngi və digər hissələrinin konstruksiyası kişilər üçün nəzərdə tutulanla eynidir (şəkil 6.1. və 6.2.);
3.4.2. pulover:
3.4.2.1. kişilər üçün - tünd-göy rəngli yun sapdan toxunur.
Düzbiçimlidir, kürəyi bütövdür, ön hissəsi üçbucaq formalı yaxalıqlıdır. Yaxalıq 3 sm enində ikiqat toxunur və mərkəzdən düz tikişlə birləşir. Ətəyi və qollarının bilək hissəsi 5 sm enində ikiqat toxunmuş manjetlidir. Yuxarı hissədə qol dibi boyunca 20 sm, yaxalıq boyunca isə 10 sm enində olan trapesiya formalı gücləndirici koketka tikilir. Koketka qol dibi və yaxalıq boyunca 0,2 sm bəzək tikişi ilə baxyalanır. Qolları birtikişlidir və dirsək səviyyəsində 11x20 sm ölçüdə pulover rəngində trikotaj parçadan dirsəklik tikilir. Dirsəkliyin kənarları oval formalıdır, xüsusi tikişlə tikilir. Yan tikişləri xüsusi trikotaj tikişi ilə tikilir (şəkil 7.1.);
3.4.2.2. qadınlar üçün - yarıyapışıq biçimlidir. Rəngi və digər hissələrinin konstruksiyası kişilər üçün nəzərdə tutulanla eynidir (şəkil 7.2.);
3.4.3. örtük - örtüyün ətək hissəsi tünd-mavi, sinə hissəsi və çiyinləri sarı rəngli parçalardan hazırlanır, düzbiçimlidir. Mərkəzdən zəncirbəndlə bağlanır. Ətəyin yuxarısında eni 5 sm olan ağ rəngli birinci və döş nahiyəsinin mərkəzindən keçən ikinci işıqəksetdirən üfüqi zolaqlar tikilir. Ön və arxa hissələrdə sağ və sol çiyin tikişlərindən ikinci zolağa qədər yanlardan içəriyə doğru 5 sm məsafədə 3 sm enində ağ rəngli işıqəksetdirən zolaq tikilir. Kürək hissəsində işıqəksetdirən materialdan "DÖVLƏT TEXNİKİ NƏZARƏTİ" sözləri tikilir. Örtüyün hər iki bortunun üzərində üstdən tikilmiş və bir ədəd yapışqanlı lentlə bağlanan fiqurlu qapaqlı döş cibi və ətək hissəsində iki ədəd cibi vardır. Ön hissənin döş nahiyəsində hər iki tərəfdə 1x3 sm ölçüdə olan körpücük tikilir. Sol döş cibinin fiqurlu qapağının üzərinə döş nişanı tikilir. Örtüyün boyun xətti, ətəyi və cib qapaqlarının kənarı boyunca 0,5 sm enində boz rəngli köbə tikilir (şəkil 11.);
3.4.4. bel kəməri - 4,5 sm enində qara rəngli süni dəridən hazırlanır. Kəmərin toqqası 5,5 x 6,5 sm ölçüdə gümüşü rəngli metaldan hazırlanır. Toqqanın ortasına bir ədəd mil taxılır və kəmərin üzərində ölçünü nizamlayan yuvalar açılır. Kişilər və qadınlar üçün rəngi və digər hissələrinin konstruksiyası eynidir (şəkil 12.);
3.4.5. corab:
3.4.5.1. kişilər üçün - qara rəngli pambıq iplikdən hazırlanır və qısaboğazlıdır. Boğazının yuxarı hissəsi rezinlə toxunur (şəkil 13.1.);
3.4.5.2. qadınlar üçün - dəri rəngli neylon, yaxud qara rəngli yarımyun iplikdən hazırlanır (şəkil 13.2.);
3.4.6. qalstuk (yalnız kişilər üçün) - qara rəngli parçadan tikilir və iti ucla tamamlanan uzanmış trapesiya şəklindədir. Qalstuk əsas hissədən, daimi düyündən və boyunluqdan ibarətdir. Boyunluq əsas parçadan, rezindən və metal qarmaqlardan ibarətdir (şəkil 14.);
3.4.7. əlcək - beşbarmaqlı olub qara rəngli yun toxunma parçadan hazırlanır və astarsızdır. Kişilər və qadınlar üçün rəngi və digər hissələrinin konstruksiyası eynidir (şəkil 15.).
4. Fərqlənmə nişanları
4.1. Kokarda − kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərin Nazirliyə mənsubiyyətini göstərən fərqlənmə nişanı olaraq baş geyimlərində daşınmaq üçün nəzərdə tutulur. Kokarda qalın parça üzərində toxunmuş, diametri 5 sm olan qızılı rəngli dairə və onun mərkəzində yerləşən Nazirliyin embleminin təsvirindən ibarətdir (şəkil 16.1.).
4.2. Qol nişanları:
4.2.1. sol qol nişanı - qalxanşəkilli olmaqla iki hissədən (aşağı və yuxarı) ibarətdir və aralarındakı məsafə 5 mm-dir. Eni 8 sm, orta hündürlüyü isə 10 sm-dir. Yuxarı hissə yaşıl rəngli, aşağı hissə isə ağ rəngli qalın parçadan hazırlanır və kənarları boyunca qızılı rəngli 0,3 sm qalınlığında zolaq toxunur. Aşağı hissə fiqurlu qalxanşəkillidir, mərkəzində səkkiz çıxıntılı çarx içərisində kənd təsərrüfatı texnikasının təsviri, onun yuxarı və aşağı hissələrində fiqurlu yaşıl zolaq içərisində qızılı rəngli sapla "DÖVLƏT TEXNİKİ NƏZARƏTİ" sözləri, yuxarı hissənin üzərində isə qızılı rəngli sapla "AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ" sözləri toxunur. Sağ və sol kənarlarında isə yaşıl rəngli dəfnə yarpaqlarının təsviri həkk olunmuşdur (şəkil 16.2.1.);
4.2.2. sağ qol nişanı - yuxarısı korbucaqlı, aşağısı yarımoval olmaqla qalxanşəkillidir. Eni 8 sm, orta hündürlüyü isə 10 sm-dir. Nişan ağ rəngli qalın parçadan hazırlanır və kənarları boyunca yaşıl rəngli 0,3 sm qalınlığında zolaq toxunur. Nişanın mərkəzində Nazirliyin embleminin təsviri, onun aşağısında yaşıl rəngli zolaq içərisində ağ rəngli sapla "KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ" sözləri toxunur (şəkil 16.2.2.).
4.3. Döş nişanı - döş nişanı düzbucaqlı şəklində olub ağ rəngli saplardan qalın parça üzərində toxunur. Uzunluğu 8 sm, eni 2 sm-dir. Kənarları qara rəngli saplarla toxunmuş eni 0,3 sm olan kantla haşiyələnmişdir. Döş nişanının mərkəzinə qara rəngli saplarla Nazirliyin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin şəxsi qeydiyyat nömrəsi toxunur (şəkil 16.3.).
5. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təchizat norması Sıra №-si Əşyanın adı Bir nəfər üçün əşyanın miqdarı (norması) İstifadə müddəti
1. Baş geyimləri
1.1. Kepka 2 ədəd 1 il
2. Üst geyimləri
2.1. Qış gödəkçəsi 1 ədəd 3 il
2.2. Demisezon gödəkçə 1 ədəd 2 il
2.3. Pencək 1 ədəd 2 il
2.4. Qış şalvarı 1 ədəd 1 il 2.5 Yay şalvarı 1 ədəd 1 il
2.6. Qış yubkası 1 ədəd 1 il
2.7. Yay yubkası 1 ədəd 1 il
3. Ayaqqabılar
3.1. Tufli 1 cüt 1 il
3.2. Çəkmə 1 cüt 2 il
3.3. Uzunboğaz çəkmə 1 cüt 2 il
3.4. Demisezon ayaqqabı 1 cüt 2 il
4. Digər geyim əşyaları
4.1. Uzunqol köynək 2 ədəd 2 il
4.2. Qısaqol köynək 2 ədəd 2 il
4.3. Pulover 1 ədəd 2 il
4.4. Örtük 1 ədəd 2 il
4.5. Qalstuk 1 ədəd 3 il
4.6. Bel kəməri 1 ədəd 2 il
4.7. Əlcək 1 cüt 5 il
4.8. Corab 5 cüt 1 il Qeyd. Fərqlənmə nişanları hər geyim forması üçün onun istifadə müddətinə uyğun olaraq verilir. _________________
Şəkil 1. Kepka Şəkil 2. Qış gödəkçəsi
2.1
2.1. 2.2.
Şəkil 3. Demisezon gödəkçə və qış şalvarı
3.1. 3.2.
Şəkil 4. Pencək
4.1. 4.2.
Şəkil 5. Kişilər üçün köynək və yay şalvarı
5.1. 5.2.
Şəkil 6. Qadınlar üçün köynək, yubka və yay şalvarı
6.1. 6.2.
Şəkil 7. Pulover
7.1. 7.2.
Şəkil 8. Tufli
8.1. 8.2.
Şəkil 9. Çəkmə
9.1. 9.2.
Şəkil 10. Demisezon ayaqqabı
10.1. 10.2.
11. Örtük
12. Bel kəməri
13. Corab
13.1. 13.2.
14. Qalstuk
15. Əlcək
Şəkil 16. Fərqlənmə nişanları
16.1. Kokarda
16.2. Qol nişanları
16.2.1. 16.2.2.
16.3. Döş nişanı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 fevral tarixli 90 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 2 nömrəli əlavə Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin SİYAHISI
1. Deselerometr.*
2. Lüftometr.**
3. Radiorabitə.
4. Bort kompüter.
5. Videokamera.
6. Portativ printer.
7. Teleskopik güzgü.
8. Jezl.
Qeydlər: * Əyləc sisteminin effektivliyini yolda sınama üsulu ilə ölçən cihaz. ** Sükan idarəetmə mexanizminin lüftünün cəmini ölçən cihaz.