AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR № 31 Bakı şəhəri 29 dekabr 2023-cü il Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 52.1.10-cu maddələrində nəzərdə tutulan hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarının və həmin Məcəllənin 45-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndində, 52.1.10-cu və 52.1.11-ci maddələrində nəzərdə tutulan şəxslərin dövriyyə həcminin təsdiq edilməsi barədə "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 may tarixli 2139 nömrəli Fərmanının 3- cü hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün müraciətlə əlaqəli hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı 50.000,0 manat məbləğində, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndinə müvafiq olaraq, dövriyyə həcmi isə 100.000,0 manat məbləğində müəyyən edilsin.
2. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 52.1.10-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün müraciətlə əlaqəli hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı 100.000,0 manat məbləğində, dövriyyə həcmi isə 200.000,0 manat məbləğində müəyyən edilsin.
3. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin şəxsin dövriyyə həcmi 50.000,0 manat məbləğində, Azərbaycan Respublikası Miqrasiya
Məcəlləsinin 52.1.11-ci maddəsinə müvafiq olaraq daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün isə dövriyyə həcmi 100.000,0 manat məbləğində müəyyən edilsin.
4. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
5. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Zamanovaya tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
6. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
7. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu. Sədr, İqtisadiyyat naziri Mikayıl Cabbarov