Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:
1. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri Samir Nuriyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Təşkilat Komitəsinin üzvləri:
Muxtar Babayev - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Arif Səmədov - Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Pərviz Şahbazov - Azərbaycan Respublikasının energetika naziri Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vüqar Əhmədov - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Ruslan Əliyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Anar Quliyev - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Vüqar Qurbanov - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Balababa Rzayev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi:
2.1. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirsin;
2.2. əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görsün.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 13 yanvar 2024-cü il