Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə" 2003- cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. "Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı" təsdiq edilsin (əlavə olunur). İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 dekabr 2023-cü il Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 20.5-ci, 24.1-ci, 24.5-ci və 24.16-cı maddələrinə uyğun olaraq hazırlanmışdır və qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması, habelə Qida Təhlükəsizliyi Reyestrinin aparılması ilə bağlı məsələləri tənzimləyir.
1.2. Bu Qaydada istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. qida zənciri subyektləri (bundan sonra — qida subyektləri) — qida zəncirində fəaliyyətlə məşğul olan fiziki və ya hüquqi şəxslər, bələdiyyə, dövlət orqanları (qurumları);
1.2.2. qida zənciri obyektləri (bundan sonra — qida obyektləri) — qida zəncirində fəaliyyətin həyata keçirildiyi məkan, sahə, bina, nəqliyyat vasitəsi və digər modul tipli (daşınabilən) obyektlər;
1.2.3. modul tipli (daşınabilən) qida obyekti — təyinatına hər hansı zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olan, təsdiq olunmuş və ya qeydiyyata alınmış digər qida obyektinin tərkibinə daxil olmayan qida obyektləri;
1.2.4. Qida Təhlükəsizliyi Reyestri (bundan sonra — Reyestr) — Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış məhsullar, qida obyektləri və qida subyektləri, qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər, habelə təsdiq olunmuş qida obyektləri barəsində məlumatları (qeydləri) özündə əks etdirən informasiya ehtiyatı;
1.2.5. videoinspeksiya formatında qiymətləndirmə — xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin qiymətləndirilməsi məqsədilə fəaliyyətin həyata keçirildiyi yerə getmədən texniki vasitələrdən istifadə etməklə məsafədən qida obyektlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.4. Qida obyektlərinin və qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlərin qeydiyyatı, qida obyektlərinin, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi, xarici ölkələrin qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması, Reyestrin aparılması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra — Agentlik) tərəfindən həyata keçirilir.
2. Qeydiyyat və təsdiq üçün müraciət
2.1. Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektlərinin, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlərin qeydiyyatı, qida obyektlərinin təsdiqi üçün Agentliyə bu Qaydaya 1 nömrəli əlavədə göstərilən formada ərizə ilə müraciət olunur. Mülkiyyətində və ya istifadəsində qida obyekti olan subyektlər (bundan sonra — cavabdeh subyekt), habelə qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri qeydiyyat və ya təsdiq zamanı ərizəçi (bundan sonra — ərizəçi) qismində çıxış edirlər.
2.2. Obyektlərin qeydiyyatı və təsdiqi həmin obyektlərin faktiki ünvanı, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin və modul tipli (daşınabilən) qida obyektlərinin qeydiyyatı isə onların hüquqi ünvanı (fiziki şəxslərə münasibətdə fəaliyyət və ya qeydiyyat ünvanı) üzrə aparılır.
2.3. Vahid prosesin müxtəlif mərhələlərinin həyata keçirildiyi eyni ərazidə yerləşən obyektlər istisna olmaqla, cavabdeh subyektin obyektləri hər biri ayrılıqda qeydiyyata alınır və ya təsdiq edilir.
2.4. Ərizə elektron qaydada, yaxud sifarişli poçt göndərişi vasitəsilə və ya şəxsən, kağız daşıyıcıda "ASAN xidmət" mərkəzlərində, kiçik və orta biznes evlərində (KOB evlərində) və ya Agentlikdə qəbul olunur.
2.5. Ərizənin elektron qaydada təqdim olunması üçün ərizəçilər gücləndirilmiş elektron imzaya malik olmalıdırlar.
2.6. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
2.6.1. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.2.1—18.2.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər;
2.6.2. ərizə səlahiyyətli nümayəndə tərəfindən verildikdə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və şəxsiyyəti təsdiq edən sənədin surəti;
2.6.3. cavabdeh subyektin təsərrüfat fəaliyyətini həyata keçirdiyi obyekt üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;
2.6.4. modul tipli (daşınabilən) qida obyektlərinə münasibətdə onların quraşdırılmasına verilən icazə sənədi, o cümlədən nəqliyyat vasitəsinə dair mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər.
2.7. Ərizəyə əlavə olunan sənədlər xarici dildə olduqda onların Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi də əlavə edilməlidir.
2.8. Ərizədə və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə ərizəçiyə məlumat təqdim edilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri izah olunur. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.
2.9. Ərizəçi çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat və ya təsdiqlə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyat və ya təsdiq müddətinə daxil edilmir. Çatızmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
2.10. Ərizəçi ərizədə və ona əlavə edilən sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.9-cu bəndində qeyd edilən müddətdə aradan qaldırmadıqda müraciətin baxılmamış saxlanılması barədə qərar qəbul olunur. Müvafiq qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron kabinetinə (mövcud olduqda) göndərilir.
3. Qida obyektlərinin (obyektlərin) və qida subyektlərinin qeydiyyatı
3.1. Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri ("Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı"nda göstərilən qida obyektləri və bu Qaydaya 2 nömrəli əlavədə göstərilən qeydiyyatı tələb olunmayan qida obyektləri və subyektləri istisna olmaqla), qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlərin qeydiyyatı ilə bağlı ərizədə və müvafiq sənədlərdə uyğunsuzluq və ya çatışmazlıq aşkar edilmədikdə, həmin qida obyekti (obyekt) və ya qida subyekti Agentlik tərəfindən ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən qeydiyyata alınır.
3.2. Qeydiyyataalınmadan "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda imtina edilir. İmtina barədə qərar imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. Qeydiyyatdan imtina olunması ilə bağlı Agentliyin müvafiq qərarı qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron kabinetinə (mövcud olduqda) göndərilir. Ərizəçi imtina haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
3.3. Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq qeydiyyata alınmış qida obyektinə, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektə qeydiyyat nömrəsi verilir, Reyestrə daxil edilir və Reyestrdən elektron və ya kağız formada çıxarış Agentlik tərəfindən ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron kabinetinə (mövcud olduqda) göndərilir.
3.4. Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq qeydiyyata alınan qida obyektlərinin (obyektlərin) və qida subyektlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu dövlət nəzarəti tədbirləri çərçivəsində qiymətləndirilir.
4. Qida obyektlərinin təsdiqi
4.1. "Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı"nda göstərilən, qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan qida obyektləri Agentlik tərəfindən ərizəçinin müraciətinin qeydiyyata alındığı tarixdən 30 (otuz) iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunur və ya onların təsdiqindən imtina edilir.
4.2. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğun qiymətləndirilməsi məqsədilə Agentliyin qərarı ilə qiymətləndirməni aparacaq şəxs (şəxslər) təyin olunur.
4.3. Qiymətləndirici şəxs (şəxslər) tərəfindən aparılan qiymətləndirmə nəticələri əsasında obyektin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu haqqında qiymətləndirmə aktı tərtib olunur.
4.4. Qida obyektlərinin təsdiq olunması məqsədilə aparılan qiymətləndirmələr zamanı götürülən məhsul nümunələrinin tədqiqi (sınağı) ərizəçinin seçiminə uyğun olaraq "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda və ya Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında həyata keçirilir.
4.5. Nümunələrin tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız ərizəçi tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir.
4.6. Qida obyektinin təsdiqi barədə Agentlik tərəfindən qərar qəbul edildikdə, Reyestrdən çıxarış verilməsinə görə ərizəçi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və məbləğdə dövlət rüsumu ödəyir.
4.7. Ərizəçi dövlət rüsumunun ödənilməsi ilə bağlı məlumatı aldığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumunu ödəməlidir.
4.8. Təsdiq edilməsi barədə qərar qəbul edilmiş qida obyektinə münasibətdə dövlət rüsumu (qanunla tələb olunduğu halda) ödənildikdən sonra Agentlik tərəfindən həmin obyektə təsdiq nömrəsi verilir, Reyestrə daxil edilir və 2 (iki) iş günündən gec olmayaraq Reyestrdən elektron və ya kağız formada çıxarış ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron kabinetinə (mövcud olduqda) göndərilir.
4.9. Qida obyektində aparılan qiymətləndirmənin nəticələrinə əsasən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri ilə bağlı uyğunsuzluqlar aşkarlandıqda aşağıdakı qərarlardan biri qəbul edilir:
4.9.1. qida obyekti aşkar edilmiş uyğunsuzluqların xüsusiyyəti və yaratdığı riskin səviyyəsi nəzərə alınmaqla, uyğunsuzluqların 90 (doxsan) təqvim günündən gec olmayaraq aradan qaldırılması şərtilə təsdiq olunur. Bu zaman qida obyektinə xüsusi təsdiq nömrəsi verilir və Reyestrə daxil edilir;
4.9.2. aparılan qiymətləndirilmə nəticəsində qida obyektində aşkar edilmiş uyğunsuzluqların infrastruktur və avadanlıqla əlaqəli olduğu və təhlükəli qida və yem məhsullarının istehsalına və emalına səbəb olacağı halda qida obyektinin təsdiqindən imtina edilir.
4.10. Bu Qaydanın 4.9.1-ci və 4.9.2-ci yarımbəndlərində qeyd edilən qərarlardan biri qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron kabinetinə göndərilir.
4.11. Ərizəçi bu Qaydanın 4.9.2-ci yarımbəndində göstərilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra təsdiq üçün yenidən müraciət edə bilər.
4.12. Bu Qaydanın 4.9.1-ci yarımbəndində nəzərdə tutulmuş şərtlərlə təsdiq edilmiş qida obyektində uyğunsuzluqların aradan qaldırılması üçün müəyyən edilmiş müddət ərzində əlavə nəzarət tədbirləri həyata keçirilə bilər.
4.13. Bu Qaydanın 4.9.1-ci yarımbəndində nəzərdə tutulmuş şərtlərlə təsdiq edilmiş qida obyektində müəyyən edilmiş müddət ərzində uyğunsuzluqlar aradan qaldırılmadığı halda qida obyektinin təsdiqi ləğv olunur. Bu barədə qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron kabinetinə (mövcud olduqda) göndərilir. Ərizəçi uyğunsuzluqları aradan qaldırdıqdan sonra təsdiq üçün yenidən müraciət edə bilər.
4.14. Bu Qaydanın 4.9.1-ci yarımbəndində nəzərdə tutulmuş şərtlərlə təsdiq edilmiş qida obyektində müəyyən edilmiş müddət ərzində uyğunsuzluqların aradan qaldırıldığı müəyyən olunduqda, Reyestr məlumatlarında müvafiq dəyişikliklər edilərək şərti təsdiq qeydi təsdiq qeydi ilə əvəz olunur. Qida obyektində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması vəziyyəti yerində araşdırma tələb etdiyi halda uyğunsuzluqların aradan qaldırılması üçün verilmiş müddətdə təkrar qiymətləndirmə aparılır. Bu Qaydanın 4.6-cı bəndi nəzərə alınaraq 2 (iki) iş günündən gec olmayaraq Agentlik tərəfindən Reyestrdən elektron və ya kağız formada çıxarış ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə elektron kabinetinə (mövcud olduqda) göndərilir.
4.15. Qida obyektinin təsdiqindən eyni zamanda "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsində nəzərdə tutulmuş hallarda imtina edilir. Təsdiqdən imtina haqqında qərar imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. Ərizəçi imtina haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
5. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi
5.1. "Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı"nda göstərilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi xarici ölkələrdə fəaliyyət göstərən qida obyektləri (bundan sonra — xarici qida obyekti) xarici qida subyektlərinin və ya onların Azərbaycan Respublikasında səlahiyyətli nümayəndələrinin, filiallarının, nümayəndəliklərinin müraciəti əsasında Agentlik tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə yerində, o cümlədən videoinspeksiya formatında uyğunluğu qiymətləndirilməklə təsdiq olunur və ya onların təsdiqindən imtina edilir.
5.2. Təsdiq sisteminin ekvivalentliyi tanınan ölkənin səlahiyyətli qurumu tərəfindən xarici qida obyektlərinin təsdiqinə dair müvafiq rəsmi məlumatlar olduğu və ya həmin obyektlər tərəfindən bu barədə Agentliyə müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda, onların bu Qaydanın 5.1-ci bəndinə əsasən yenidən təsdiqi tələb edilmir.
5.3. Xarici qida obyektinin bu Qaydanın 5.1-ci bəndinə əsasən təsdiqi üçün xarici qida subyekti (onun Azərbaycan Respublikasında səlahiyyətli nümayəndəsi), onun filialları və nümayəndəlikləri ərizə ilə müraciət edərək, aşağıdakı sənədləri elektron kabinet vasitəsilə və ya kağız daşıyıcılarda Agentliyə təqdim etməlidir (sənədlər xarici dildə tərtib olunduqda onların Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi əlavə edilməlidir): 5.3.1.ərizə qida subyektinin səlahiyyətli nümayəndəsi tərəfindən verildikdə — nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və şəxsiyyətini təsdiq edən sənədin surəti;
5.3.2. qida obyektinin fəaliyyət göstərdiyi ölkənin səlahiyyətli qurumu tərəfindən təsdiq olunduğunu (və ya ona bərabər tutulan qeydiyyat, uçot və s. barədə rəsmi məlumat) əks etdirən sənədin surəti;
5.3.3. qida subyektinin Azərbaycan Respublikasındakı filialları və nümayəndəlikləri tərəfindən müraciət edildikdə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.2.1—18.2.3-cü maddələrində nəzərdə tutulan sənədlər;
5.3.4. qida obyektinin tikinti layihəsi, obyektin infrastrukturu və yerləşdiyi ərazi, obyektdə istifadə edilən qida ilə təmasda olan dəzgah və avadanlıqlar, obyektdə istehsal edilən məhsulların çeşidləri, adları, tərkibi, istehsal metodlarının təsviri, müəssisənin istehsal gücü, zərərvericilərə nəzarət, tullantıların idarə edilməsi, Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinə (HACCP-a) əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sistemi, obyektdə tətbiq olunan qida təhlükəsizliyini idarəetmə proseslərinə dair məlumatları əks etdirən arayış; 5.3.5.fəaliyyəti heyvan mənşəli qida məhsulları ilə bağlı olan obyektlərin təsdiqi üçün xarici ölkənin epizootik vəziyyətinə dair Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatını əks etdirən, həmin ölkənin səlahiyyətli qurumu tərəfindən verilən sənəd;
5.3.6. fəaliyyəti heyvan mənşəli məhsullarla bağlı olan obyektlərin təsdiqi üçün həmin ölkənin səlahiyyətli qurumu tərəfindən təsdiq edilmiş qalıqların izlənilməsinə dair milli monitorinq planı.
5.4. Xarici qida obyektlərinin bu Qaydanın 5.1-ci bəndinə əsasən təsdiqi üçün verilmiş ərizə və ona əlavə edilmiş sənədlər qeydiyyata alındığı tarixdən etibarən 30 (otuz) iş günü müddətində baxılaraq Agentlik tərəfindən obyektin təsdiqi və ya təsdiqdən imtina haqqında qərar qəbul edilir.
5.5. Təsdiqlə bağlı imtinaya səbəb olan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra obyektin təsdiqi üçün Agentliyə yenidən müraciət oluna bilər.
5.6. Xarici qida obyektinin təsdiqi barədə qərar qəbul edildikdə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu 5 (beş) iş günü müddətində ödənilməlidir.
5.7. Dövlət rüsumu ödənildikdən sonra xarici qida obyektinə dair məlumatlar Reyestrə daxil edilir.
5.8. Bu Qaydanın 5.4-cü bəndində qeyd edilən qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində Reyestrdən elektron və ya kağız formada çıxarış ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron kabinetinə (mövcud olduqda) göndərilir.
6. Xarici qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması
6.1. Agentlik "Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı"nda müəyyən edilən məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektlərinin Azərbaycan Respublikasında qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun təsbit edilməsi, ticarət tərəfdaşı olan ölkələrlə əməkdaşlığın artırılması və təkrarlanan prosedurların aradan qaldırılması məqsədilə xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyini tanıyır.
6.2. Təsdiq sisteminin ekvivalentliyi tanınan ölkədə yerləşən təsdiq edilmiş xarici qida obyektlərinin siyahısı yeniləndikcə diplomatik kanallar vasitəsilə Agentliyə məlumat verilir.
6.3. Xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması zamanı aşağıdakı meyarlar əsas götürülür:
6.3.1. qida və yem məhsulları ilə bağlı ticarət dövriyyəsi zamanı müəyyən edilmiş qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunsuzluqların statistikası;
6.3.2. xarici ölkənin qida təhlükəsizliyi sisteminin, o cümlədən yoxlama və nəzarət sistemlərinin Azərbaycan Respublikasında tətbiq edilən sistemlə uyğunluğu;
6.3.3. xarici ölkənin qida təhlükəsizliyi sisteminin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına uyğunluğu.
6.4. Agentlik bu Qaydanın 6.3-cü bəndində nəzərdə tutulmuş meyarları təhlil edərək, xarici ölkənin təsdiq sisteminin ekvivalentliyini birbaşa və ya xarici səlahiyyətli qurumun diplomatik kanalları vasitəsilə müraciətinin qiymətləndirilməsi əsasında tanıyır.
6.5. Təsdiq sisteminin ekvivalentliyinin tanınması üçün xarici səlahiyyətli qurum Agentliyə aşağıdakı məlumatları təqdim edir:
6.5.1. xarici qida obyektləri üzrə təsdiq sisteminə dair normativ hüquqi aktlar, həmin aktların Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarından fərqli tələbləri və bu tələblərin Azərbaycan Respublikasında müəyyən edilmiş sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsinin təmin etməsinə dair elmi sübutlar və risk qiymətləndirilməsi nəticələrinə dair məlumatlar;
6.5.2. xarici ölkənin müvafiq normativ hüquqi aktları ilə müəyyən edilmiş Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinə (HACCP-a) əsaslanan qida təhlükəsizliyinin daxili nəzarət sisteminə dair tələblər;
6.5.3. xarici ölkənin qida obyektləri üzrə nəzarət proqramlarına və tədbirlərinə (yoxlama prosedurları, təhlükəli məhsulların geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi üzrə prosedurlar və s.) dair məlumatlar;
6.5.4. məhsulların izlənilməsi və heyvanların identifikasiyası üzrə sistemlərə dair məlumatlar;
6.5.5. xarici ölkədə yerləşən laboratoriyalar, onların qiymətləndirilməsi və akkreditasiyası, o cümlədən beynəlxalq standartlara cavab verməsinə dair məlumatlar və sübutlar;
6.5.6. xarici ölkənin qida obyektlərinin yoxlanılmasına cəlb edilən müfəttişlərin təlim keçməsinə və sertifikatlaşdırılmasına, say və bölgüsünə dair məlumatlar;
6.5.7. xarici ölkənin qida təhlükəsizliyi sahəsində böhran vəziyyətlərinin idarə edilməsi sisteminin strukturu;
6.5.8. qida təhlükəsizliyi sahəsində nümunə götürmə və tədqiq üsulları;
6.5.9. təsdiq edilmiş qida obyektlərinin siyahısı;
6.5.10. beynəlxalq təşkilatlar və başqa dövlətlərlə ekvivalentlik sazişləri (mövcud olduqda);
6.5.11. xarici ölkənin epizootik vəziyyətinə dair Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatını əks etdirən və həmin ölkənin səlahiyyətli qurumu tərəfindən verilən sənəd;
6.5.12. xarici ölkənin səlahiyyətli qurumu tərəfindən təsdiq edilmiş qalıqların izlənilməsinə dair milli monitorinq planı;
6.5.13. ekvivalentliyin tanınması üçün xarici səlahiyyətli qurumun zəruri hesab etdiyi digər məlumatlar.
6.6. Təqdim edilmiş məlumatların qiymətləndirilməsi üçün xarici səlahiyyətli qurumla razılaşdırmaqla Agentlik tərəfindən yerində, o cümlədən videoinspeksiya formatında qiymətləndirilmə aparılır.
6.7. Agentlik xarici səlahiyyətli qurumun müraciətinin qəbul olunduğu tarixdən 6 (altı) aydan gec olmayaraq təsdiq sisteminin ekvivalentliyinin tanınması və ya imtinanın əsasları göstərilməklə imtina haqqında qərar qəbul edir və qəbul edilmiş qərar barədə 7 (yeddi) iş günü müddətində xarici səlahiyyətli quruma diplomatik kanallar vasitəsilə rəsmi məlumat verir.
6.8. Xarici ölkənin təsdiq sisteminin ekvivalentliyinin birbaşa tanınması ilə bağlı qərar qəbul edildiyi halda, Agentlik bu barədə 7 (yeddi) iş günü müddətində xarici səlahiyyətli quruma diplomatik kanallar vasitəsilə rəsmi məlumat verir.
6.9. Bu Qaydanın 6.3-cü bəndində tanınma üçün əsas götürülmüş meyarlar üzrə tələblərə uyğunsuzluğu barədə sübutlar olduqda və ya həmin ölkədən təkrar olaraq insan və heyvan həyatı və sağlamlığı üçün təhlükəli olan "Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı"nda göstərilən qida və yem məhsulları idxal edildiyi halda Agentlik tərəfindən həmin ölkənin təsdiq sisteminin ekvivalentliyinin ləğv edilməsi məsələsinə baxılır.
7. Reyestrin forması və aparılma qaydası
7.1. Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmalı olan məhsullar, qida obyektləri və qida subyektləri, qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin, habelə təsdiq edilmiş qida obyektləri barədə məlumatların daxil edildiyi Reyestr Agentlik tərəfindən aparılır.
7.2. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır. Reyestrə daxil edilən dövlət sirri, kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.
7.3. Qeydiyyat və təsdiq üçün təqdim edilmiş sənədlər və məlumatlar Agentlikdə saxlanılır. Reyestrə daxil edilmiş qida subyektləri və qida obyektləri (obyektlər) barədə müraciət zamanı kağız daşıyıcıda təqdim olunmuş sənədlər "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə saxlanıldıqdan sonra arxivə təhvil verilir.
7.4. Bu Qaydanın 3, 4 və 5 nömrəli əlavələri ilə müəyyən edilmiş formalara uyğun olaraq verilmiş Reyestrdən çıxarışlarda göstərilən qida obyektlərinə (obyektlərə), qida subyektlərinə dair qeydiyyat və təsdiq nömrələri qida təhlükəsizliyi fəaliyyəti zamanı identifikasiya vasitəsi kimi çıxış edir.
7.5. Qeydiyyat və təsdiqlə bağlı qida subyektləri və qida obyektləri (obyektlər) haqqında aşağıdakı məlumatlar Reyestrə daxil edilməlidir:
7.5.1. qida subyektinin adı (fiziki şəxs olduqda — soyadı, adı, atasının adı);
7.5.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
7.5.3. qida subyekti fiziki şəxs olduqda — fərdi identifikasiya nömrəsi;
7.5.4. qida subyekti fiziki şəxs olduqda qeydiyyat ünvanı, hüquqi şəxs olduqda hüquqi ünvanı və ya vergi orqanlarında uçota alındığı ünvan;
7.5.5. hüquqi şəxsin səlahiyyətli nümayəndəsi (soyadı, adı, atasının adı və şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi);
7.5.6. qida subyektinin əlaqə vasitələri (telefon nömrəsi və elektron poçt ünvanı);
7.5.7. qida obyekti (obyekt) haqqında məlumatlar (adı, faktiki ünvanı, tipi, firma adı (əmtəə nişanı), işçi sayı, tibbi müayinədən keçmiş işçilərin sayı haqqında məlumatlar);
7.5.8. qida obyektində (obyektdə) həyata keçirilən təsərrüfat fəaliyyətinin istiqaməti (ilkin istehsal, istehsal, emal, dövriyyə və utilizasiya), fəaliyyət növü (fəaliyyət istiqamətləri üzrə ayrı-ayrı proseslər) və fəaliyyət sahəsi (məhsul və ya xidmət sahəsi);
7.5.9. qida obyektində (obyektdə) həyata keçirilən xidmətlər və ilkin istehsal, həmçinin istehsalı və emalı həyata keçirilən qida və yem məhsullarının adları;
7.5.10. qida obyektində (obyektdə) aparılan qiymətləndirilmələrin tarixi və nəticələri;
7.5.11. qida obyektinin (obyektin) qeydiyyat, təsdiq nömrəsi və tarixi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyat nömrəsi və tarixi;
7.5.12. qida obyekti bu Qaydanın 4.9.1-ci yarımbəndində nəzərdə tutulmuş şərtlərlə təsdiq edildikdə, müəyyən olunmuş təsdiq müddəti;
7.5.13. qeydiyyat və təsdiq zamanı təqdim edilmiş sənədlərdə edilən hər bir dəyişiklik, eləcə də daxil edilmiş məlumatlarda sonradan edilmiş dəyişikliklər barədə məlumatlar;
7.5.14. qeydiyyatın və təsdiqin ləğv edilməsi və ya dayandırılması barədə məlumatlar;
7.5.15. Qanunun 25.8-ci maddəsi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq qida və yem məhsulları barədə məlumat.
7.6. Reyestrdən kağız və elektron formada çıxarış eyni hüquqi qüvvəyə malikdir.
8. Qeydiyyat və təsdiqin yenidən rəsmiləşdirilməsi
8.1. Qida obyektlərinin qeydiyyatı və təsdiqi, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yenidən rəsmiləşdirilir və Reyestr məlumatlarında müvafiq dəyişikliklər edilir.
8.2. Yenidən rəsmiləşdirilmə üçün yuxarıda qeyd edilən əsaslar yarandığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq Agentliyə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə ərizə ilə müraciət edilməlidir.
8.3. Reyestr məlumatlarında dəyişikliklər ərizənin qeydə alındığı tarixdən 3 (üç) iş günü müddətində rəsmiləşdirilir və Agentlik tərəfindən 2 (iki) iş günündən gec olmayaraq Reyestrdən elektron və ya kağız formada çıxarış icazə sahibinə şəxsən, yaxud sifarişli poçt göndərişi vasitəsilə təqdim olunur, habelə elektron kabinetinə (mövcud olduqda) göndərilir.
8.4. Qeydiyyata alınmış obyektdə təsdiq tələb edən yeni fəaliyyət növü həyata keçirildikdə və ya təsdiq edilmiş obyektdə qeydiyyat tələb edən yeni fəaliyyət növü həyata keçirildikdə müvafiq olaraq təsdiq və qeydiyyat üçün müraciət edilməlidir. Belə halda obyektin təsdiqi və qeydiyyatı bu Qaydanın 3-cü və 4-cü hissələrinə uyğun olaraq aparılır.
9. Qeydiyyatın və təsdiqin dayandırılması
9.1. Qida obyektlərinin qeydiyyatı və təsdiqi, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı aşağıdakı hallarda dayandırılır:
9.1.1. icazə sahibi müvafiq ərizə ilə müraciət etdikdə;
9.1.2. icazə sahibi qida təhlükəsizliyi ilə bağlı şərtlərin pozulması hallarının aradan qaldırılmasına dair Agentliyin göstərişlərini yerinə yetirmədikdə.
9.2. Qeydiyyat və təsdiq bu Qaydanın 9.1-ci bəndində qeyd edilən hallara istinad edilməklə Agentliyin qərarı ilə dayandırılır. Həmin qərarda dayandırılmaya əsas verən hallar və icazənin dayandırıldığı müddət göstərilməlidir. Bu Qaydanın 9.1.2-ci yarımbəndində göstərilən əsas üzrə icazənin dayandırılması haqqında qərarda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və icazənin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.
9.3. İcazə sahibi qeydiyyat və təsdiqin dayandırıldığı müddət bitənədək bu Qaydanın 9.1.2-ci yarımbəndində göstərilən dayandırılmaya əsas verən halları aradan qaldırmalı və nəticəsi barədə 3 (üç) iş günü müddətində Agentliyə yazılı məlumat verməlidir.
9.4. Bu Qaydanın 9.1.1-ci yarımbəndinə uyğun olaraq dayandırılmış qeydiyyat və təsdiq icazə sahibinin ərizəsinə əsasən Agentliyin qərarı ilə bərpa edilir.
9.5. Bu Qaydanın 9.1.2-ci yarımbəndinə uyğun olaraq dayandırılmış qeydiyyat və təsdiq icazə sahibinin dayandırılmaya əsas verən halların aradan qaldırılmasına dair yazılı məlumatına əsasən Agentliyin qərarı ilə bərpa edilir.
9.6. Qeydiyyat və təsdiqin dayandırılması və bərpası haqqında qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində icazə sahibinə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə icazə sahibinin elektron kabinetinə (mövcud olduqda) göndərilir.
9.7. Qeydiyyat və təsdiqin dayandırılması barədə məlumatlar Reyestrə daxil edilir.
9.8. İcazə sahibi qeydiyyat və təsdiqin dayandırılması haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
10. Qeydiyyatın və təsdiqin ləğv edilməsi
10.1. Qida obyektlərinin qeydiyyatı və təsdiqi, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı aşağıdakı hallarda ləğv edilir:
10.1.1. icazə sahibi müvafiq ərizə ilə müraciət etdikdə;
10.1.2. icazə sahibi olan hüquqi şəxs (xarici hüquqi şəxsin filialı, nümayəndəliyi) ləğv edildikdə;
10.1.3. icazə sahibinin sahibkarlıq fəaliyyətinə xitam verildikdə və ya 1 (bir) ildən artıq bu fəaliyyətini dayandırdıqda;
10.1.4. qeydiyyat və təsdiq zamanı təqdim olunmuş sənədlərdə sonralar səhv və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
10.1.5. bu Qaydanın 4.13-cü bəndində qeyd edilən halda;
10.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
10.1.7. bu Qaydanın 9.3-cü bəndində qeyd edilən məsələ ilə bağlı Agentliyə yazılı məlumat verilmədikdə;
10.1.8. qida obyektinin qeydiyyatı və təsdiqi, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı ilə bağlı icazə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsində göstərilmiş sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısından çıxarıldıqda.
10.2. Qida obyektlərinin (obyektlərin) və qida subyektlərinin qeydiyyat və təsdiqi bu Qaydanın 10.1-ci bəndində qeyd edilən hallara (bu Qaydanın 10.1.6-cı yarımbəndi istisna olmaqla) istinad edilməklə, Agentliyin qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində icazə sahibinə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə icazə sahibinin elektron kabinetinə (mövcud olduqda) göndərilir.
10.3. Qida obyektlərinin (obyektərin) qeydiyyatı və təsdiqi, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin qeydiyyatı ləğv edildikdə Reyestrə bu barədə məlumatlar daxil edilir.
10.4. Qida obyektlərinin (obyektlərin) qeydiyyatının və təsdiqinin, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin qeydiyyatının ləğv edilməsi qeydiyyat və təsdiq üçün yenidən müraciətə mane olmur. Bu zaman qeydiyyat və təsdiq proseslərinin bütün mərhələləri bu Qaydaya əsasən təkrar icra edilir. Qida obyektləri yenidən qeydiyyata alındığı və ya təsdiq edildiyi, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri yenidən qeydiyyata alındığı halda Reyestrdə ilkin qeydiyyat barədə məlumatlar əks olunur.
10.5. İcazə sahibi qeydiyyatın və təsdiqin ləğvi haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin SİYAHISI A — Heyvan mənşəli qida məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan qida obyektləri
1. Ümumi fəaliyyət göstərən qida obyektləri
1.1. Saxlanılması xüsusi temperatur şərtləri tələb edən heyvan mənşəli qida məhsulları depolayan müstəqil soyuducu anbarlar
1.2. Heyvan mənşəli qida məhsullarının təkrar qablaşdırıldığı müəssisələr
1.3. Heyvan mənşəli qida məhsullarının qida obyektlərində topdan satışının təşkil edildiyi sahələr
2. Kənd təsərrüfatı heyvanlarının ətinin istehsalı ilə məşğul olan qida obyektləri
2.1. Kəsim məntəqələri
2.2. Parçalanma məntəqələri
3. Ev (kənd təsərrüfatı) quşlarının və dovşankimilərin ətinin istehsalı ilə məşğul olan qida obyektləri
3.1. Kəsim məntəqələri
3.2. Parçalanma məntəqələri
4. Fermer təsərrüfatlarında saxlanılan ov heyvanlarının ətinin istehsalı ilə məşğul olan qida obyektləri
4.1. Kəsim məntəqələri
4.2. Parçalanma məntəqələri
5. Vəhşi ov heyvanlarının ətinin istehsalı və emalı ilə məşğul olan qida obyektləri
5.1. Ov ətini emal edən müəssisələr
5.2. Parçalanma məntəqələri
6. Ətin farş edildiyi, hazırlandığı və çeşidləndiyi qida obyektləri
6.1. Farş istehsalı müəssisələri
6.2. Hazırlanmış ət qatışıqları istehsal edən müəssisələr
6.3. Mexaniki olaraq ayrılmış ət istehsal edən müəssisələr
7. Ət məhsullarının emalı ilə məşğul olan qida obyektləri
8. Canlı ikitaylı molyuskların istehsalı ilə məşğul olan qida obyektləri
8.1. Paylanma məntəqələri
8.2. Təmizlənmə müəssisələri
9. Balıqçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektləri
9.1. Balıq emalı gəmiləri
9.2. Soyuducu gəmilər
9.3. Təzə və dondurulmuş balıq məhsullarının istehsalı müəssisələri
9.4. Balıq məhsullarının emalı müəssisələri
9.5. Topdansatış məntəqələri
9.6. Balıq məhsullarının hərracının aparıldığı məntəqələr
10. Süd və süd məhsullarının emalı ilə məşğul olan qida obyektləri
10.1. Süd toplama məntəqələri
10.2. Süd emalı müəssisələri
11. Yumurta və yumurta məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektləri
11.1. Qablaşdırma məntəqələri
11.2. Maye yumurta hazırlanma müəssisələri
11.3. Emal müəssisələri
12. Qurbağa ayaqları və ilbiz istehsalı ilə məşğul olan qida obyektləri
13. Heyvan mənşəli yağ və piy emalı ilə məşğul olan qida obyektləri
13.1. Toplama məntəqələri
13.2. Emal müəssisələri
14. Heyvanların daxili orqanlarının emalı ilə məşğul olan qida obyektləri
15. Jelatin istehsalı ilə məşğul olan qida obyektləri
16. Kollagen istehsalı ilə məşğul olan qida obyektləri B — Bitki mənşəli qida məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektləri
1. Alkoqollu içkilər, qida spirtinin yerli istehsal və emal müəssisələri C — Yem məhsullarının istehsalı ilə məşğul olan qida obyektləri
1. Tərkibində yem əlavələri və insan istehlakı üçün nəzərdə tutulmayan heyvan mənşəli sub məhsullar olan yem məhsulları istehsal edən müəssisələr
2. Yem əlavələri istehsal edən müəssisələr
Qeyd: Bu Siyahı "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır. "Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası"na 1 nömrəli əlavə Qida obyektlərinin, qida subyektlərinin, qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlərin qeydiyyatı, qida obyektlərinin təsdiqi üçün ƏRİZƏ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Ərizənin tarixi ☐ qida obyektinin qeydiyyatı ☐ qida subyektinin qeydiyyatı ☐ qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlərin qeydiyyatı ☐ qida obyektinin təsdiqi Subyektin adı (fiziki şəxs olduqda — soyadı, adı, atasının adı) Hüquqi şəxsin təşkilati-hüquqi forması VÖEN-i Qida subyektinin hüquqi ünvanı (fiziki şəxslərə münasibətdə fəaliyyət və ya qeydiyyat ünvanı) Obyektin tipi ☐Stasionar ☐Modul ☐Daşınabilən Obyektin firma adı (əmtəə nişanı) Obyektin faktiki ünvanı İşçilərin sayı
1. Ümumi _______
2. Qida məhsulları ilə bilavasitə təmasda olan _______ Fəaliyyət istiqaməti (ilkin istehsal, istehsal, emal, dövriyyə və utilizasiya) Fəaliyyət növü (fəaliyyət istiqamətləri üzrə ayrı-ayrı proseslər) Fəaliyyət sahəsi (məhsul və ya xidmət sahəsinin adı) Qablaşdırma növləri ☐ Kağız ☐ Karton ☐ Taxta ☐ Şüşə ☐ Metal ☐ Polipropilen ☐ Polietilen ☐ Tetra-pak ☐ Digər ________ Müraciət edən səlahiyyətli nümayəndə (etibarnamə əsasında) Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi Telefon nömrəsi Elektron poçt ünvanı Qida subyekti ilə bağlılığı İmza Tarix "Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası"na 2 nömrəli əlavə Qeydiyyatı tələb olunmayan qida obyektlərinin və subyektlərinin SİYAHISI
1. Yarmarkalar, sərgilər və xeyriyyə tədbirləri çərçivəsində təşkil edilən satış obyektləri.
2. İlkin istehsal sahəsində, pərakəndə satış bazarları daxilində və səyyar satışlar vasitəsilə qida məhsullarını satan ailə kəndli təsərrüfatları.
3. Qurban bayramı üçün təşkil edilmiş müvəqqəti kəsim yerləri.
4. Fövqəladə hallar baş verdikdə qida və yem məhsullarının müvəqqəti saxlanıldığı, hazırlandığı və satıldığı yerlər. "Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası"na 3 nömrəli əlavə AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ QİDA SUBYEKTİNİN QEYDİYYATI BARƏDƏ QİDA TƏHLÜKƏSİZLİYİ REYESTRİNDƏN ÇIXARIŞ Qeydiyyat nömrəsi ______________ Qeydiyyat tarixi _______________ Qida subyektinin Adı VÖEN-i Hüquqi ünvanı (fiziki şəxslərə münasibətdə fəaliyyət və ya qeydiyyat ünvanı) Fəaliyyət istiqaməti (ilkin istehsal, istehsal, emal, dövriyyə və utilizasiya) Fəaliyyət növü (fəaliyyət istiqamətləri üzrə ayrı-ayrı proseslər) Fəaliyyət sahəsi (məhsul və ya xidmət sahəsi) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi _______________________________________________ (imza) QR kod
M. Y.
"Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası"na 4 nömrəli əlavə AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ OBYEKTİN QEYDİYYATI BARƏDƏ QİDA TƏHLÜKƏSİZLİYİ REYESTRİNDƏN ÇIXARIŞ Qeydiyyat nömrəsi ______________ Qeydiyyat tarixi _______________ Cavabdeh subyektin Adı VÖEN-i Hüquqi ünvanı Qeydiyyata alınan obyektin Adı Faktiki ünvanı Fəaliyyət istiqaməti (ilkin istehsal, istehsal, emal, dövriyyə və utilizasiya) Fəaliyyət növü (fəaliyyət istiqamətləri üzrə ayrı-ayrı proseslər) Fəaliyyət sahəsi (məhsul və ya xidmət sahəsi) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi _______________________________________________ (imza) QR kod
M. Y.
"Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası"na 5 nömrəli əlavə AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ QİDA OBYEKTİNİN TƏSDİQİ BARƏDƏ QİDA TƏHLÜKƏSİZLİYİ REYESTRİNDƏN ÇIXARIŞ Təsdiq nömrəsi ______________ Təsdiq tarixi _______________ Cavabdeh qida subyektinin (xarici qida subyektinin) Adı VÖEN-i Hüquqi ünvanı Təsdiq olunan qida obyektinin Adı Faktiki ünvanı Fəaliyyət istiqaməti (ilkin istehsal, istehsal, emal, dövriyyə və utilizasiya) Fəaliyyət növü (fəaliyyət istiqamətləri üzrə ayrı-ayrı proseslər) Fəaliyyət sahəsi (məhsul və ya xidmət sahəsi) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi _______________________________________________ (imza) QR kod
M. Y.